• Ana səhifə
  • Xəbərlər
  • İSMAYILLIDA FAO-NUN DƏSTƏYİ İLƏ DAYANIQLI İNKİŞAF MƏQSƏDLƏRİNİN İCRASINA HƏSR OLUNMUŞ SEMİNAR KEÇİRİ...
İSMAYILLIDA FAO-NUN DƏSTƏYİ İLƏ DAYANIQLI İNKİŞAF MƏQSƏDLƏRİNİN İCRASINA HƏSR OLUNMUŞ SEMİNAR KEÇİRİLİB

 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda seminar keçirilib. Seminarın keçirilməsində məqsəd ərzaq, kənd təsərrüfatı, meşəçilik, balıqçılıq və kənd yerlərinin inkişafı sahələrinə xüsusi diqqət yetirmək, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında regional və yerli maraqlı tərəflərin məlumatlılığını artırmaq olub.

Seminarda yerli dövlət-özəl sektor əməkdaşlığının Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının sürətləndirilməsinə verdiyi töhfə ətrafında müzakirələr aparılıb. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin mərkəzi və yerli qurumlarının nümayəndələri, eləcə də QHT-lər, vətəndaş cəmiyyətləri və ərzaq və kənd təsərrüfatı məhsullarının yerli istehsalçıları iştirak ediblər.

Seminarda çıxış edən Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, İsmayıllı rayonunun İcra Hakimiyyətinin başçısı Mirdamət Seyidov və FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin nümayəndələri dayanıqlı inkişafda dövlət-özəl sektor əməkdaşlığının önəmini vurğulayıblar. Giriş nitqlərindən sonra DİM12 (Məsuliyyətli istehlak və istehsal) ilə bağlı FAO layihəsi çərçivəsində hazırlanmış “Ərzaq israfı” adlı qisa film nümayiş etdirilib.

Seminarda Vyananın Təbii Sərvətlər və Həyat Elmləri Universitetindın dəvət olunmuş ekspert cənab Həmid El-Bilali, nazirliyin mərkəzi və yerli qurumlarının nümayəndələri, eləcə də QHT-lər, vətəndaş cəmiyyətləri və özəl sektordan olan müvafiq maraqlı tərəflər təqdimatlar ediblər.

Bu seminar FAO-nun Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində potensialların artırılmasına dəstək layihəsi çərçivəsində həyata keçirilən seminarlardan biridir. Bu layihə Təbii Sərvətlər və Həyat Elmləri Universitetinin (BOKU) texniki və elmi dəstəyi ilə həyata keçirilir.



  • A
  • A
  • A