Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) bildirir ki, havaların getdikcə soyuması və nəmişliyin artması quşların bir sıra xəstəliklərə, o cümlədən larinqotraxeitə (laryngotrachihetis) tutulması halları baş verə bilir.
Qeyd edək ki, bu xəstəlik quşlarda qırtlağın, traxeyanın və iri bronxların selikli qişalarının kataral iltihabı ilə səciyyələnir. Xəstəliyə daha çox körpə quşlar, az hallarda isə yaşlılar tutulur.
Etiologiyası. Quşları soyuq, nəmişlik olan yerlərdə saxlamaq bu xəstəliyi törədən əsas səbəblərdəndir. Tozlu, antisanitar, ammonyaklı hava, yem payında A vitamininin azlığı xəstəliyin yaranmasına səbəb olur.
Əlamətləri. Xəstəlik kəskin gedişə malik olub xəstə cücələr kefsiz və zəif görünür, yemdən qalır, temperatur 0,5-1 °C-yə qədər yüksəlir. Yaşlı quşlarda bu əlamətlər olmaya da bilir.
Cavan quşlarda tənəffüs çətinləşir, tənəffüs zamanı bəzən fit səsinə bənzər səslə müşayiət olunur, dimdik çox vaxt yumulmur. Yaşlı quşlarda kəskin və cingiltili öskürək olur. Qırtlağın selikli qişası zədələndikdə tənəffüs həmişə cingiltili olur, bəzi cavan quşlarda hətta xoruz banlamasını da xatırladır. Qırtlağın və traxeyanın başlanğıc nahiyəsində selikli qişa kataral iltihaba tutulub, seliklə qarışıq köpüklü kataral ekssudat əmələ gəlir. Qırtlağın və traxeyanın palpasiyası zamanı quş ağrı hiss edir, hissiyyat yüksəldiyi üçün öskürür, boynunu irəli uzadır. Xəstəlik xronik hal aldıqda quş arıqlayır, yumurtlama məhsuldarlığı azalır.
Patoloji anatomiyası. Qırtlağın, traxeyanın və iri bronxların selikli qişası kataral iltihaba tutulur, hiperemiyalı, bəzən isə zolaqlı qansızmalar olur. Traxeya və bronxlarda serozlu-selikli möhtəviyyat tapılır.
Diaqnozu anamnez məlumatına, klinik əlamətlərə və patoloji anatomiyasına əsasən təyin edilir.
Xəstəliyi yoluxucu mənşəli larinqotraxeit, bronxit, sinusit, habelə pasterelyoz, taun, mikoplazmoz, aspergillyoz kimi xəstəliklərdən təfriq etmək lazımdır.
Müalicəsi və profilaktikası. Zoogigiyenik şəraitin bütün tələblərinə ciddi riayət edilməli, ilboyu quşları içməli su ilə təmin etməli, onların qar və buz udmasına yol verməməli, yemlərin keyfiyyətinə və vaxtında verilməsinə ciddi nəzarət olunmalı, tozlu yemlərin quşlara verilməsi qadağan edilməlidir.
Kütləvi müalicə üçün çay sodası və ya antiseptol məhlulunu (rinit və sinusitin müalicəsində olduğu kimi) ən kiçik damlalar çiləyən cihazlarla quşların üzərinə çiləməli. Quşlara su əvəzinə 0,01 %-li kalium-permanqanat, 0,5%-li çay sodası və 0,2%-li bor turşusu məhlulu verməlidir.
Fərdi müalicədə quşun qırtlağına və traxeyasının girəcək nahiyəsinə 1-2%-li protarqol, 15—20%-li albusid, yaxud yod-qliserin (5%-li spirt-yoddan 1 ml götürüb 10 ml qliserinlə qarışdırmalı) yaxmalı.
Qırtlağa gündə 2-3 dəfə furazolidon, furasillin və ya antibiotiklərin suda məhlullarından bir neçə damcı tökməlidir. Həmçinin alüminium tozu və xlorlu əhəngin skipidar qarışığı aerozol şəklində tətbiq etmək daha səmərəlidir.
Aqrar Xidmətlər Agentliyi quş sahiblərinə tövsiyə edir ki, quşlarda larinqotraxeit xəstəliyi zamanı aparılacaq profilaktika-müalicə tədbirləri baytar həkiminin iştirakı ilə yerinə yetirilsin.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024