TEYLERİOZ XƏSTƏLİYİNƏ QARŞI KOMPLEKS MÜBARİZƏ TƏDBİRLƏRİ APARILMALIDIR

 

Teylerioz iribuynuzlu heyvanlarda (camışlarda, zebularda) ağır və iti formada gedən qan-parazitar xəstəliyi olmaqla, bu heyvanlar arasında geniş yayılıb. Xəstəlik respublikanın əsasən aran rayonlarında aprelin ikinci yarısından oktyabrın axırına, dağətəyi rayonlarda isə mayin ikinci yarısından sentyabrın birinci ongünlüyünə qədər baş verir. Lakin xəstəlik daha çox may, iyun və iyul aylarında müşahidə edilir.                           

Respublikada teyleriozun geniş yayılmasının səbəbi xəstəliyin törədicisini keçirən Hyalomma cinsindən olan gənələrin növ etibarilə çoxluğu, hər bir gənənin özünə xas bioloji-ekoloji xüsusiyyətlərə malik olması və respublikamızın təbii iqlim şəraitinin bu gənələrin yaşayıb artması üçün əlverişli olmasıdır.        Ümumiyyətlə, xəstəliyin yayılmasında iqlim, torpaq, bitki və heyvanlar aləmi, yerin dəniz səviyyəsindən hündürlüyü, nəmlik, su mənbələrinin sayı və keyfiyyəti, törədicini daşıyan canlıların miqdarının mühüm əhəmiyyəti vardır. Belə ki, yüksək dağ zonalarında üç əsas amilin (keçirici gənə, parazit daşıyıcısı və xəstəliyə həssas heyvan) olmasına baxmayaraq xəstəlik baş vermir. Bu, onunla izah olunur ki, iqlim şəraiti törədicinin istər gənə, istərsə də istiqanlı heyvan orqanizmində tam inkişaf etməsinə imkan vermir.                  

Respublikada teylerioz kəskin və xroniki formalarda müşahidə edilir. Xəstəlik kəskin formada isə 20-25 gün davam edir. Heyvanlar gənə ilə yoluxduqda inkubasiya dövrü 9-19, invazion qanla yoluxduqda isə 12-21 gün davam edir. 

Xəstəliyin  səciyyəvi əlamətləri hərarətin yüksəkliyi (41-42 oC) və xəstəlik boyu davam etməsi, dərialtı limfa düyünlərinin (kürəkönü, dizönü və yelinəsası vəzləri) böyüməsi və ağrılı olmasıdır. Bunlarla yanaşı sarılıq, öskürək, göz və burundan selik axıntısı müşahidə edilir.

Xəstəliyin ağır formasında yelində, xayalarda, göz qapaqlarında və hətta, dəridə qan sağıntıları olur. Bu zaman xəstə heyvanın vəziyyəti pisləşir. Ürək döyüntüləri güclənir və bir dəqiqədə nəbz vurğuları 80-130-a, tənəffüs hərəkətləri isə 40-60-a çatır. Xəstə heyvanda mədə-bağırsaq fəaliyyətinin pozulması nəticəsində köp əmələ gəlir, gövşəmə dayanır. Ümumiyyətlə, xəstəliyin iti forması 6-8 gün davam edir və heyvanın ölümü ilə nəticələnir.     

Xəstəliyin müalicəsində Butaleks, Bupajekt, Bupartek, Bupa-Smart 5 %-li, Buparvakvon preparatlarından istifadə olunur. Bunlar teyleriozun müalicəsində spesifik preparatlar hesab olunur və heyvanın hər 20 kq diri çəkisinə 1 ml boyun nahiyəsinə əzələ daxilinə yeridilir. Xəstəliyin ağır gedişində 48 saatdan sonra müalicə təkrar olunur.

Parazitotrop müalicə ilə yanaşı, mütləq simptomatik müalicə də aparılmalıdır. Simptomatik müalicəyə aiddir: kofein, antibiotiklər, qlükoza ilə fizioloji məhlul qarışığı (40-50 q, 40 %-li qlükoza + 300-350 ml fizioloji məhlul), qəbizlik olarsa 250-500 ml bitki yaği istifadə olunur. Teylerioza qarşı profilaktiki mübarizədə əsas məqsəd piroplazmoz üçlük (keçirici gənə, parazit daşiyici  və xəstəliyə həssas heyvan) adlanan bioloji “zənciri” qırmaqdan ibarətdir.

Heyvanlar ilin isti fəsillərində akarisid məhlullarla xüsusi çiləyici qurğular vasitəsilə çimizdirilir. Gənələrə qarşı respublikamızda neosidol, diazinon-15, diazinon-60, blotik, ektavil preparatlarından geniş istifadə olunur. Teylerioza qarşı aparılan müalicə və profilaktik tədbirlər təsərrüfat sahibinin hesabına aparılır.                

Xatırladaq ki, xəstəliyə qarşı təklif olunan preparatlar hər bir preparatın təlimatı əsasında baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır!


  • A
  • A
  • A