• Ana səhifə
  • Xəbərlər
  • ÜZÜM-ŞƏRAB İSTEHSALINDA İNNOVATİV TEXNOLOGİYALARA HƏSR OLUNMUŞ TƏLİM KEÇİRİLİB
ÜZÜM-ŞƏRAB İSTEHSALINDA İNNOVATİV TEXNOLOGİYALARA HƏSR OLUNMUŞ TƏLİM KEÇİRİLİB

İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzində İsmayıllı və Qəbələ rayonlarında üzümçülük sahəsində fəaliyyət göstərən kiçik və orta fermer təsərrüfatları üçün “Üzüm-şərab istehsalında beynəlxalq standartların və innovativ texnologiyaların tətbiqi” mövzusunda təlim keçirilib. Təlim Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” qrantı çərçivəsində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) icra etdiyi “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsi çərçivəsində həyata keçirilib.

Təlimdə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru səlahiyyətlərini icra edən Vüqar Səlimov “Üzümçülükdə innovativ diferensial texnologiyalar və risklər” mövzusunda çıxış edərək aqrotexniki, aqrokimyəvi, inteqrir mübarizə tədbirləri, üzümçülükdə risk amilləri və qarşıya çıxan risklərin mənfi təsirlərindən sığortalanmaq məqsədilə preventiv tədbirlərlə bağlı məlumat verib. Sonra institutun “Üzümün emalı və şərabın texnologiyası” şöbəsinin müdiri Teymur Musayev şərabların təsnifatı, ağ və qırmızı şərabların istehsalı, milli brendlərin istehsalında yerli üzüm sortlarının əhəmiyyəti, şərabların keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı təlim keçib. İnstitutun aparıcı elmi işçisi Mövlud Hüseynov isə “Şərabların qüsur, xəta və xəstəlikləri, onlara qarşı tətbiq olunan texnoloji və mikrobioloji üsullar” mövzusunda çıxış edib. Təlimdə üzümçülük və şərabçılığa dair fikir mübadiləsi aparılıb və fermerlərin sualları cavablandırılıb.

Sonda İsmayıllı rayonunda yerləşən üzüm sahəsinə baxış keçirilib və mövsümi aqrotexniki, aqrokimyəvi və inteqrir mübarizə tədbirlərinin aparılması barədə istehsalçılara əyani məlumatlar verilib.