Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri ilə “Şirvan şərabları” MMC-nin nümayəndələri arasında görüş keçirilib. Fransız texnoloq Jean Montanetin dəvəti ilə baş tutmuş görüşdə institutun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov, institutun əməkdaşları aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Rauf Əsədullayev, aqrar elmlər üzrə fəlsəfə doktoru Azər Şükürov, texnika üzrə fəlsəfə doktoru, dosent Mövlud Hüseynov iştirak ediblər.
Şamaxı rayonu Meysəri kəndində orqanik bioşərab istehsalı məqsədilə yaradılmış üzümçülük və şərabçılıq kompleksinin ərazisində Azərbaycan, gürcü və fransız sortlarından ibarət bağlar salınıb. Müasir texnologiya əsasında inşa edilmiş zavodda “Meysəri” markası ilə yüksək keyfiyyətli şərablar istehsal olunur. Kompleksin üzüm bağlarında yetişdirilən “Mədrəsə”, “Şirvanşahı”, “Xindoqnı”, “Arna-qrna”, “Bayanşirə” və “Saperavi” üzüm sortlarından salınmış bağların məhsulundan yüksək keyfiyyətli şərabların istehsalı məqsədilə hektardan məhsuldarlığın 7 ton olmasını təmin etmək üçün yerli torpaq-iqlim şəraitinə uyğun olaraq tənəklərə məqsədəuyğun yükün verilməsi, becərilmə texnologiyalarındakı xarakterik xüsusiyyətləri, biokimyəvi və texnoloji potensialları ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə iqlim dəyişiklikləri fonunda Şamaxı rayonunda da hava şəraitində baş verən dəyişikliklərin üzümün keyfiyyətinə təsirinin optimallaşdırılmasına yönəldilmiş becərmə texnologiyasının müəyyən edilməsi ən vacib məsələ kimi qarşıya qoyulub. Bildirilib ki, budama texnologiyası üzümdən yüksək keyfiyyətli məhsulun alınmasını təmin etməklə yanaşı, hazırda dünyada geniş yayılan üzüm tənəyinin gövdə xəstəliklərindən (gav yaxud eskarioz, qara ayaq, ölü kol, qanqren və s.) mühafizəsinə yönəldilməlidir. Müəssisədə becərmə texnologiyaları üzümün bioloji potensialından istifadə edilərək torpaq-iqlim şəraitinin ehtiyatlarından səmərəli istifadəsinə kökləndiyindən yüksək keyfiyyətli (mineral maddələrlə, o cümlədən makro və mikroelemetlərlə zəngin ) şərabların alınmasına şərait yaradır. Belə ki, müəssənin üzüm bağlarına mineral gübrələr verilmir və torpaq becərmələri kök sisteminin güclü inkişafına yönəldilərək onun torpağın dərin qatlarına getməsinə şərait yaradır. Bu zaman üzüm torpaqdan daha çox qida maddələri mənimsəyərək zəngin tərkibə malik məhsulun alınmasını təmin edir. Bu isə özlüyündə yüksək keyfiyyətli, təravətli və harmonik şərabların istehsalına imkan verir.
Görüş çərçivəsində tarla şəraitində texniki üzüm sortlarının tənəkləri üzərində yerli torpaq-iqlim şəraitinə uyğun olaraq budama, formavermə qaydaları praktiki olaraq nümayiş etdirilib. Sonra zavodda yerli və introduksiya olunmuş üzüm sortlarından istehsal olunmuş şərablar müqayisəli üsulla dequstasiya edilərək fikir mübadiləsi aparılıb. “Şirvan şərabları” MMC-nin mütəxəssisi Jean Montanet Azərbaycanın yerli texniki üzüm sortlarının yüksək keyfiyyətli milli brendlərin istehsalına imkan verən biokimyəvi və texnoloji potensiala malik olduğunu qeyd edib. Bildirib ki, artıq müəssisədə qiymətli, milli brendlərin istehsalı üçün əvəzsiz xammal mənbəyi olan “Bayanşirə” (19,22 ha), “Mədrəsə” (17,43 ha), “Xindoqnı” (1,0 ha), “Şirvanşahı” (7,36 ha), “Arna-qrna” (3,64 ha) sortlarından ibarət üzüm bağları mövcuddur. Bu milli brendlərin istehsalının artırılması və ixrac potensialının yüksəldilməsi ilə yanaşı, milli üzüm genofondunun qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi baxımından əvəzsiz töhvədir.
Görüşdə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 3 may tarixli 38 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı"nın Tədbirlər Planının 2.2 bəndinə uyğun olaraq “Şirvan şərabları” MMC-nin üzüm bağlarının coğrafi göstəricisinin qeydiyyatının təmin edilməsi qərara alınıb.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024