Üzümçülükdə may qayğıları: fermer nələri bilməlidir?

Üzüm bitkisinə xas olan ekoloji plastiklik xassəsi ona müxtəlif aqrotexniki tədbirlərə və müxtəlif formaya uyğunlaşmaya imkan yaradır və ona təkamül prosesində qazandığı xüsusiyyətlərə uyğun beсərmə və müasir aqrotexniki tədbirləri tətbiq etdikdə istər ayrı-ayrı tənəkdə, istərsədə sahədən bol məhsul götürmək olar. Həmçinin hər bir bölgədə sortların fenologiyasını bilmək müxtəlif aqrotexniki əməliyyatların (budama, suvarma, gübrələmə, çiləmə, gübrələmə, meyvə yığımı, torpaq becərmələri və s.) vaxtının müəyyən edilməsində və seleksiya işləri üçün vaсibdir.

Üzümçülükdə aqrotexniki, aqrokimyəvi və bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsində uzun illərdir ki, iki yanaşma- tədbirlərin mövsüm (aylar üzrə) üzrə və üzümün illik inkişaf  dinamikasına (vegetasya fazalarına və nisbi sükunət dövrünə) uyğun aparılması mövcuddur.

Üzümçülükdə son dövrlərdə biologiyası, vegetasiya müddətləri, o cümlədən yetişmə dövrləri (ən tez yetişəndən-çox gec yetişənə qədər), aqroekoloji, davamlılıq, adaptasiya xüsusiyyətləri, becərilmə texnologiyaları və s. göstəriciləri müxtəlif olan üzüm sortlarının yetişdirilməsi mövsümü yanaşmanın əhəmiyyətini azaldır. Digər tərəfdən, torpaq-iqlim, coğrafi xüsusiyyətlərinə görə kəskin müxtəlifliklər olan regionlarda mövsümlə (aylar üzrə) aqronomik tədbirlər uzlaşmır. Həmçinin, son dövrlərdə iqlim dəyişkənlikləri ilə əlaqadar olaraq üzümün vegetasiya müddətində iqlim normalarına uyğun olmayan hava şəraiti ilə əlaqadar olaraq inkişaf dinamikasında dəyişkənliklər meydana çıxar. Bu isə özlüyündə aqronomik tədbirlər zamanı ənənəvi təqvim ardıcıllıqlarının pozulması ilə nəticələnir.

Odur ki, üzümçülüklə məşğul olan fermer və mütəxəssislərin becərdikləri üzüm sortlarının fenologiyasını, o cümlədən onların mövsüm və ilin ayları üzrə inkişaf xüsusiyyətlərini bilmələri vacibdir. Çünki, üzüm sortlarının hər bir inkişaf və fenoloji  dövrünün özünəməxsus xüsusiyyətləri mövcuddur və hər bir dövr (fenofaza, fəsil, ay və s.) üçün fərqli aqrotexniki becərmə, mühafizə və s. tədbirlərin həyata keçirilməsi tələb olunur. Müxtəlif üzüm sortlarına xas olan fenoloji inkişaf fazaları becərmə tədbirlərinə münasibətdə fərqli yanaşmalar tələb edir. Üzümün  fenologiyası, aqroekologiyası nəzərə alınmaqla aqronomik tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur.

Bunları nəzərə alaraq Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən üzüm sortlarının fenologiyası, aqroekologiyası nəzərə alınmaqla üzümün illik inkişaf dövründəki xarakterik fenofazalara uyğun aqronomik tədbirlər müəyyən edilərək tövsiyə edilir.

Tumurcuqların açılmasından çiçəkləməyə qədər: Bu faza gözcüklərin açılması ilə başlayır və torpaq-iqlim şəraitindən asılı olaraq aprel ayının əvvələrindən may ayının ortalarına, axırlarına və iyun ayının əvvələrinə təsadüf edir. Həmin vaxtda çiçək qrupunun diferensasiyası və qönçələrin sürətlə əmələ gəlməsi prosesi gedir. Bu dövrdə tənəyin inkişafı üçün daha yaxşı şərait olmalıdır.

Gözcüklərin açılma vaxtı ilin hava şəraitindən, sortun bioloji xüsusiyətlərindən, tənəklərdəki gözcüklərin ümumi vəziyyətindən, miqdarından və s. asılıdır. Şaxta təhlükəsi olan yerlərdə gözcüklərin gec açılmasının böyük əhəmiyyəti vardır. Qışda tənəyin dibinə qar yığmaqla, onun bütün gövdəsini ağartmaqla və budamanı gecikdirməklə  və s. tədbirlərlə gözcüklərin açılmasını ləngitmək olar.

İkinci faza dövründə aqrotexnika üçün vacib olan aşağıdakı bioloji mərhələləri qeyd etmək olar:

Birinci çiçək topasının görünməsi haramı zoğların vurulmasının başlanğıcını göstərir. Əgər çiçək topası əvəzinə bığcıq çıxarsa, bu onu göstərir ki, həmin zoğ məhsulsuz olacaq. Zoğların 45-55 sm-ə çatması birinci yaşıl bağlamanın vaxtını müəyyən edir.

Tumurсuqlar açıldıqdan sonra zoğların böyüməsi, inkişafı prosesi gedir, zoğların uzunluğu 22-32 sm-ə çatdıqda çiçək salxımları aydın görünməyə başlayır. Tumurсuqların açılmasından çiçəkləmənin başlamasına qədər olan dövrdə tənəklərdə vaсib fizioloji, orqanogenetik proseslər getdiyindən bir sıra vaсib aqrotexniki qulluq işləri vaxtı-vaxtında və optimal şəkildə həyata keçirilməlidir. Bu dövrdə məhsuldarlığın formalaşmasına müsbət təsir göstər­mək olar. Bu zaman tənəklər barsız haramı zoğlardan təmizlənməli və tənəyə optimal yük verilməlidir. Ona görə də bu dövrdə, cərgəaralarında iki dəfə kultivasiya və kətmənləmə aparılmalıdır. Haramı zoğlar iki dəfə vurulur. Birinci dəfə vurulma ştambda və çoxillik qollarda (haramıların uzunluğu 5-7 sm-ə çatdıqda), ikinci dəfə isə barlı və barsız zoğlar seçildikdə aparılır. Çiçəkləməyə 10-12 gün qalmış əlavə gübrə verilməlidir. Çiçəkləmənin başlanğıcında zoğların ucları qoparılmalıdır.

Tənəklərdə üfüqi inkişaf edən və ölçüsü 35-50 sm-ə çatan zoğların məftillərə ilk bağlanması həyata keçirilməlidir. Tənəklərdə vegetativ kütlənin artması səbəbilə xəstəlik və zərərveriсilərin inkişafının qarşısının alınması məqsədilə ilk profilaktik tədbirlər görülməlidir. Tənəklərin sağlamlığından və fitopatoloji vəziyyətindən asılı olaraq iki dəfə yaşıl bağlama, mildiu və oidium xəstəliklərinə qarşı mübarizə aparıla bilər.

Çiçəkləmə (başlanması və sonu): (bu faza torpaq-iqlim şəraitindən və sort xüsusiyyətindən asılı olaraq may ayının ortalarından iyun ayının ortalarına kimi müddətdə 7-14 gün davam edir)

Bu mərhələdə bütün işlər və aqrotexniki tədbirlər (suvarma, gübrələmə və s.) dayandırılmalıdır.

Üçüncü faza ərzində aqrotexnika üçün aşağıdakı bioloji mərhələləri qeyd etmək olar: Çiçəkləmə dövründə bütün aqrotədbirlər, xüsusən suvarma, torpağın becərilməsi və s. dayandırılmalıdır. Çünki bu işlər görülən vaxt üzümlükdə temperatur aşağı düşür və mayalanma prosesini zəiflədir. Çiçəkləmə dövründə temperaturu 18-22°C-dən yuxarı olan yerlərdə həmin aqrotexniki tədbirləri həyata keçirmək olar.

Çiçəkləmə fazası üzümlükdən yüksək məhsul almaq üçün vacib dövrdür. Çiçəkləmə prosesinin yaxşı getdiyi dövrdə mayalanmaya, salxımlarda gilələrin əmələ gəlməsinə və onların normal böyüməsinə nəzarət edilməlidir. Bu dövrdə çiçəklərin bir qismi müxtəlif səbəblərdən tökülür (I tökülmə dalğası) və bu proses izlənilməli, müvafiq tədbirlər görülməlidir.

Üzümlüklərdə şpalerin birinci məftilinin səviyyəsində havanın temperaturunu yoxlamaq lazımdır. Əgər orta temperatur 15°C-dən aşağı olarsa tozcuqlar pis inkişaf edib və sterilləşə bilər. Çiçəkləmə mülayim-isti iqlim şəraitində iyunun birinci ongünlüyündə orta temperatur 17-18°C olan dövrdə normal getsə də, ən yaxşı temperatur 25-35°C-dir.

Bu dövrlərdə müşahidə edilən güclü və isti küləklər, intensiv davam edən yağışlar, aşağı (15°C-dən aşağı) və yüksək temperatur (30°C-dən yuxarı), həddən artıq günəş işığı ilə işıqlanma və s. hallar:  çiçəkləmənin və mayalanmanın normal getməsinə mənfi təsir edir, göbələk xəstəliklərinin güclü inkişafına münbit şərait yaradır və sonda məhsuldarlıq kəskin aşağı düşür.

Buna görə çiçəkləmə dövrü diqqətlə izlənilməli, bu dövrün davametmə müddətini qısaltmaq və mayalanmanı sürətləndirmək üçün yaşıl əməliyyat vaxtında və qaydasında aparılmalıdır;

Çiçəkləmə dönəmində tozcuqların inkişafı və tozlanmanın sürətli getməsi üçün toz kükürddən istifadə edilməsi məqsədəuyğundur.

Çiçəkləmədən əvvəl bir sıra preparatlardan (Buton-2, Novosil, Tur və s.) istifadə olunması çiçəkləməni sürətləndirir, meyvətutumunu artırır,  stres amillərini aradan qaldırır.

Çiçəkləməyə 1-3 həftə qalmış üzümlərə tərkibində sink və bor mikroelementləri olan (məsələn, sink sulfat, xelatlı sink, Mebor-5 və s.) gübrələrlə çiləmələr aparmaq məsləhətdir.

Bu mövsümdə təhlükəli göbələk xəstəliklərinin (mildiu və s.) və giləqurdunun intensiv inkişaf dövrü olduğundan mütləq üzümün çiçəkləməsindən və çiçəkləmə başa çatdıqdan sonra xəstəliklərə və giləqurduna qarşı müvafiq pestisidlərdən (Mildiu üçün- Ridomil QOLD- 3-4 kq/ha, Coside-  4-5 kq/ha, Bordo mayesi 3,5-5,0 kq/ha, Bordo bulamacı 8-10 kq/ha, Kauratil 4-5 kq/ha, Kabrio Top- 3,5-4,5 kq/ha, Monika Bordo- 4,0-4,5 ka/ha və s. Giləqurdu üçün- Arrivo- 3-4 l/ha, Supermetrin-3-4 l/ha, Fastak- 3-4 l/ha, Super takimetrin- 3-4 l/ha, Kral- 3-4 l/ha və s. Kömpleks mübarizə üçün: Mikal 4 kq/ha +Skor 0,2 l/ha + Strobi 0,25 kq/ha; Ridomil 2,5 kq/ha + Skor 0,2 l/ha + Topsin-M 1,0 kq/ha)   istifadə edərək çiləmələr aparılmalıdır.

 

Vüqar Səlimov 

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru,

aqrar elmlər üzrə elmlər doktoru