Məhsul yığımından və axırıncı yarpaq tökümündən sonra oktyabrın ortalarından noyabrın əvvəllərinə qədər üzümlüklərdə xəstəlik və zərərvericilərə qarşı bir sıra inteqrir mübarizə tədbirləri aparılmalıdır. Torpağın payız şumunun məhsul yıgımından dərhal sonra aparılması məqsədəuyğundur. Cərgə araları 15-25 sm dərinliyində şumlanır. Üzərində mildiu antraknoz, məxmərək kimi xəstəliklərin qışlayan sporları, eləcədə yastıca və gənəciklərlə sirayət olunaraq, yerə tokülmüş üzüm yarpaqları şumlama zamanı torpaq qatının altında qalır.
Alaq otları inkşaf edib böyüdükcə daha dərin şum aparılıması məsləhətdir. Alaq otları torpaqdan çoxlu miqdarda qida elementlərini və nəmliyi mənimsəməklə yanaşı, tənəklərin havalanmasına maneçilik törədir və salxım yarpaqbükəni kimi təhlükəli zərərvericinin, eləcədə mildiu, oidium və digər göbələk xəstəliklərinin inkşafı üçün əlverişli mühit yaradir.
Üzüm tənəklərinin laylanmış quru qabığının təmizlənməsi də aqrotexniki mübarizənin bir növüdür. Bu zaman orada gizlənmiş zərərverici pupları və xəstəlik sporları məhv olurlar. Bu əməliyyat ev təsərrüfatlarında və xırda fermer təsərrüfatlarında əlverişlidir. Böyük təsərrüfatlarda bu çoxlu işçi qüvvəsi tələb edir. Belə təsərrüfatlarda zərərvericilərin qışlayan törədicilərinə qarşı kimyəvi mübarizə aparmaq üçün tənəklərdə yarpaqların 80-90%-i töküldükdən sonra emusiyalaşdırılmış yağlardan (Hekvidor OİL 35-40 l/ha, VOLK-92 35-45 l/ha) və müvafiq insektisidlərdən (Poliqor 2,0-2,5 l/ha və s.) istifadə müsbət nəticə verir.
Xəstəlik törədicilərinin embrionları (göbələk sporları) qışlayan mərhələdə məhv edilməlidir. Bunun üçün sahəyə baxış keçirilməli, sirayətlənmiş zoğlar kəsilib sahədən çıxarılaraq yandırılmalıdır. Xəstəliyə tutulmuş tənəklərdən əkin materialı hazırlamaq məsləhət görülmür.
Üzüm tənəyi çox vaxt antraknoza tutulur. Xəstəliyin nəticəsi olaraq yetişmiş zoğlarda “batıq”, yaxud çalaşəkilli yaralar əmələ gəlir. Antraknoza tutulmuş zoğları mütləq budayıb yandırmaq lazımdır. Xəstə salxımların da yığılıb yandırılması məsləhət görülür.
Payız mövsümündə xəstəlik və zərərvericilərə qarşı proflaktiki xarakter daşıyan bir sıra kimyəvi çiləmələr aparılır. Ən çox istifadə edilən pesdisidlər Bordo mayesi, dəmir kuporosudur. Cavan üzümlüklərdə 3%-li, yaşlı üzümlüklərdə 5%-li dəmir kuporosundan istifadə olunur. Əsasən mildiu, bakterial xərçəng, ləkəli nekroz, antraknoz və s xəstəliklərə qarşı tətbiq olunur. Kimyəvi çiləmələrdə mildiu xəstəliyinə qarşı 3-4 %-li Bordo mayesi, 0,4-0,8%- li Kuprozan, 0,4-0,6%-li Sineb, mildiu və boz çürüməyə qarşı Ortofoltan və Euparendən istifadə edilməsi yaxşı nəticə verir .
Xloroza qarşı yayda torpağa dəmir kuporosunun 1-2% li məhlulu verilə bilər (1 tənəyə 3 litr). Oidiuma qarşı 20%-li Bayleton, 50%-li Ronilon, 70%-li Topsin, kolloid kükürd məsləhət görülür. Zərərvericilərə qarşı 5%-li dəmir kuporosu 7-10 gündən bir verilə bilər. Göbələk xəstəliklərinə qarşı 4-5%-li dəmir kuporosu 14 gündən bir olmaqla (10 litrə 500 q) verilir. Payızda kök yemlənməsi də aparılır. Bundan başqa 0,1-0.2%-li dəmir kuporosundan istifadə olunur.
Oidumun sporları gözcüyün içərisində qışladığından ona qarşı mübarizə aparmaq çətindir. Ona qış soyuqları da təsir etmir.
Unlu yastıca, gənəciklər, giləqurdu və digər ziyanvericilərin qışlayan fərdlərinə qarşı (tumurcuqlar açılmamışdan qabaq) Volk-92 (35-45 l/ha)+ Bi58 (2,0-2,5 l/ha) və ya Hekvidor Oil (50 l /ha)+ Poliqor (2,0-2,5 l/ha) birlikdə qarışdırılır və tətbiq olunur.
Payız-qış mövsümündə aparılan inteqrir mubarizə tədbirlərinin əhəmiyyəti: Üzüm xəstəliklərinin törədiciləri tənəyin mərhələlərinə uyğunlaşıb yaşayır, parazitlik edir. Xəstəlik törədicilərinin harda qışlamasını, yazda nə vaxt oyanmasını, vegetasiya müddətində hansı şəraitdə artıb çoxalmasını, əvvəl bitkinin hansı orqanlarını zədələməsini və s. yaxşı bilməyən kənd təsərrüfatı mütəxəsisi heç vaxt aqrotexnikanı, kimyəvi-bioloji mübarizə tədbirlərini lazimi səviyyədə apara bilməz.
Buna misal olaraq üzümə çox ziyan vuran mildiu xəstəliyinin törədicisini göstərmək olar. Payızda soyuqlar düşəndən tumurcuqlar oyanana qədər parazitin qışlaması ancaq sirayətlənmiş yarpaqlarının toxumalarının daxilində keçir. Yerə tökülən yarpaqlar şum zamanı bitki araları və cərgə araları bellənərkən torpağa basdırılmalı, parazitin qışlama mənbəyi məhv edilməlidir. Yarpaqları təmizləmək mümkün olmadıqda mütləq parazitin bu mənbəyini tənəyin nisbi sükunət dövründə məhv etmək üçün üzümlüklərdə torpağın üst səthi 2-3% nitrofen, 4-5%-li dəmir kuporosu məhlullarından biri ilə çilənməlidir.
Payız-qış ərəfəsində bu tədbirlər həyata keçirildikdə vegetasiya ərzində mildiu xəstəliyinin törədicisinə qarşı 8-10 dəfə aparılacaq çiləmə əvəzinə 2-3 dəfə çiləmə aparılır. Bir çox ev təsərrüfatları dərmanlardan istifadə etmədən üzümdən məhsul almaq istəsələrdə, əksər hallarda bu mümükün olmur. Məhsul sonda çürüyərək itkiyə məruz qalır. Onlar bir tərəfdən haqlıdırlar. Hesab edirlər ki, kimyəvi preparatlar məhsulları zəhərləyir. Lakin Azərbaycan şəraitində, xüsusiən də şpaler və çardaq becərmə sistemlərində kimyəvi çiləmələr aparmadan sağlam məhsul əldə etmək olmur. Amma qədim becərmə sistemi olan ağaclara dırmaşdırılmış şəkildə və xiyaban sistemində tənəklər hündürə qalxdığından və havalanma normal getdiyindən əksər illərdə tənəklər göbələk xəstəliklərinə tutulmurlar.
“Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanununda ekoloji təsərrüfatçılıqda istifadəsinə icazə verilən kimyəvi maddələr içərisində bordo mayesi, kükürd, dəmir sulfat və s. maddələrin müvafiq dozalarından istifadəyə icazə verilir ki, bu biriləşmələr də özlüyündə təhlükəli göbələk xəstəliklərinə qarşı mübarizədə müvəffəqiyyətlə tətbiq oluna bilər.
Vüqar Səlimov
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitunun direktoru
Aqrar elmlər üzrə elmlər doktoru
Hafizə Nurəddinova
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitunun laboratoriya müdiri
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024