Üzümçülükdə quru budama: vaxtı və qaydaları

Üzüm məhsulunun həcminə və keyfiyyətinə təsir göstərən mühüm aqrotexnik tədbirlərdən biri budamadır. Onun əsas vəzifəsi kolların böyüməsini və məhsuldarlığını elə nizamlamaqdır ki, hər il müntəzəm olaraq konkret şəraitdə keyfiyyətli və bol məhsul almaq mümkün olsun.

Noyabrda üzümlüklərdə yarpaqlar töküləndən 15-20 gün sonra (noyabrın 15-20-dən sonra) budama işlərinə başlanmalıdır. Respublikanın aran rayonlarında budamanı yarpaqların tökülməsindən 15-25 gün sonra– noyabr ayının ikinci yarısında başlayıb (yarpaqların tökülməsini nəzərə almaqla), fevral ayının axırlarına qədər qurtarmaq lazımdır. Payızda yarpaqlar tökülənə qədər və yazda tumurcuqlar şişməyə başlayan zaman tənəyin birillik zoğlarında maksimum miqdarda ehtiyat plastik qida maddələri olur. Yarpaqlar töküləndən sonra plastik qida maddələri birillik zoğlardan tənəyin çoxillik hissələrinə və köklərinə axaraq ehtiyat qida maddələri şəklində toplanır. Ehtiyat qida maddələrinin bu hərəkəti yarpaqlar töküləndən 15-20 gün sonra dayanır. Bundan sonra budamaya başlamaq olar. Yazda tumurcuqların şişməsindən əvvəl plastik qida maddələrinin zoğlara tərəf hərəkəti və təzə açılmış tumurcuqlar və cavan zoğların yarpaqları normal inkişafa çatana qədər həmin qida maddələrinin hesabına inkişaf edirlər. Ona görə də tənək yuxarıda qeyd edilən müddətdən gec və ya tez budanarsa, bu  çoxlu miqdarda mənimsənilən maddənin itməsinə və tənəyin zəifləməsinə səbəb olur.

Respublikamızın dağətəyi və dağlıq rayonlarında tənəklər qışın ikinci yarısında və erkən yazda budanmalıdır.

Naxçıvan Muxtar Respublikasında tənəklər qışda torpaqla basdırılan rayonlarda budama işi iki dəfə aparılmalıdır. Birinci budama payızda, tənəklər torpaq altına basdırılmamışdan əvvəl aparılır. Bu zaman ancaq uzun zoğlar qısaldılır. Lazımsız və yetişməmiş zoğlar kəsilərək kənar edilir ki, tənək torpağa basdırılsın və yazda torpaqdan asan, zoğlar zədələnmədən çıxarılsın. İkinci budama isə yazda, tənəklər torpaq altından çıxarılandan sonra aparılır.

Tənəklərin budanması ilə yanaşı, çubuq tədarükünə də başlanmalıdır. Bunun üçün aprobasiya və kütləvi seleksiya aparılmış standart sort sahələrində ilk növbədə nişanlanmış qarışıq sortlar və mənfi xassəli, məhsulsuz, azməhsuldar, xəstəliyə tutulmuş tənəklər budanır, zoğlar cəgələrarasından çıxarılıb yandırılır. Bundan sonra yerdə qalan təmiz sortlu və məhsuldar tənəklər budanaraq çubuq tədarük edilir. Hazırlanmış çubuqlar bığcıqlardan və biclərdən təmizlənir. Hərəsi 200-250 ədəddən ibarət dəstələrə bağlanaraq üzərində sortun və təsərrüfatın adı, çubuqların sayı və hazırlanma vaxtı göstərilir. Müvəqqəti saxlanmaq üçün çubuqlar torpağı nəm olan xəndəklərə basdırılmalıdır. Məhsuldar üzümlüklərdə seyrəkliyi ləğv etmək üçün budama zamanı hava və torpaq daldırmasından istifadə edilməlidir. Hava daldırması məsafədən asılı olmayaraq, bütün boş yer uzunu aparıla bilər. Fillokseraya davamlı calaqaltı üzərindəki tinglərlə salınmış sahələrdə, seyrəklik, yalnız hava daldırması ilə ləğv edilməlidir. Cavan üzümlüklərdə seyrəklik ikiillik, yaxud güclü inkişaf etmiş birillik tinglərlə aradan qaldırılmalıdır. Cavan üzümlüklərdə şpalerə qaldırma işi davam etdirilməlidir. Məhsuldar üzümlüklərdə yay ərzində qırılmış və sıradan çıxmış dirək və məftillər dəyişdirilməlidir. Havaları qışda sərt keçən Naxçıvan MR-in torpaqlarında tənəklərin üstünün örtülməsi başa çatdırılmalıdır.

 

Tənəyin gözcük yükünün müəyyənləşdirilməsi

 

Budamadan əvvəl hər sort və sahə üçün tənəkdə saxlanacaq gözcüklərin miqdarı müəyyənləşdirilməlidir. Budama zamanı tənəyin birillik zoğları üzərində gözcüklər saxlanılır. Gözcüklərin sayı sortun bioloji xüsusiyyətindən, tənəyin qida sahəsindən, boyatma gücündən və rayonun torpaq-iqlim şəraitindən, məhsulun texnoloji istifadə istiqamətindən və s. asılı olaraq müxtəlif olur.

Əgər normal inkişaf etmiş tənəyin üzərində az gözcük saxlanarsa, o zaman yarpaq səthinin azalması nəticəsində üzvi maddələr az toplanır, tənəyin kök sistemi zəifləyir və yorğun zoğlar inkişaf edir. Tənəkdə salxımlar az olur. Məhsuldarlıq aşağı düşür, məhsul gec, zoğlar isə pis yetişir.

Tənək həddindən çox yüklənərsə, tənəyin yenə də torpaqüstü hissəsi ilə torpaqaltı hissəsi arasındakı müvazinət pozulur. Zoğlar zəif inkişaf edir, gilələr xırda olduğundan salxımın orta çəkisi azalır. Ona görə də tənəyin budanması dövrü hər tənəyə fərdi yanaşmaq lazımdır.

Respublikamızın suvarılan rayonlarında əkin sxemi 2,5 x 1,5 m olan üzümlüklərdə orta hesabla hər normal boya malik tənəkdə Bayanşirə, Xindoqnı sortlarında 55-60, Rkasiteli sortunda 50-55 və Təbriz sortunda 60-65 gözcük saxlanılmalıdır. Qida sahəsi böyük olan (3 x 1,5 m və 3 x 2 m) hər tənək üzərində müvafiq olaraq 70-80 və 80-100 gözcük saxlanılmalıdır.

Beləliklə qida sahəsi 2,5 x 1,5 m və hektarda 2680 ədəd tənək olan üzümlüklərin hər hektarından tənəyin vəziyyətindən, torpağın münbitliyindən və rayonun sortundan asılı olaraq 134-210 minə qədər gözcük saxlanılmalıdır.

Respublikamızın Şamaxı, İsmayıllı, Ağsu və Abşeron gencərgəli suvarılmayan üzümlüklərində hər tənəkdə orta hesabla 35-40 gözcük və ya hər hektarda 126-128 min gözcük saxlanılmalıdır.

Naxçıvan MR-də qışda tənəklər örtülən rayonlarda hər tənəkdə 50-60 gözcük saxlanılmalıdır.

Ümumiyyətlə, qida maddəsi ilə zəngin və rütubətlə yaxşı təmin olunmuş sahələrdə orta hesabla hər hektar üzümlükdə ən azı 220-250 min, başqa rayonlarda isə 160-200 min gözcük saxlanmalıdır. Belə olduqda yazda tumurcuqlar açılandan sonra, məhsul görünəndə tənəyin yükü zoğlarla nizamlanmalıdır. Bu miqdarda saxlanılan gözcüklər çox yüksək və keyfiyyətli məhsulun alınmasını təmin edir.

 

Budama qaydaları və  zoğların kəsilmə uzunluğu

 

Budama zamanı çubuqların buğumaralarının normal uzunluqda olması vacibdir. Çox qısa və çox uzun buğumarasına malik olan zoğlardan bar bu­daqlarının və əvəzedici çiliyin saxlanılması məqsədəuyğun deyil. Həmçinin budama zamanı birillik zoğların dib gözlərinin barvermə xüsusiyyətləri də nəzərə alınmalıdır. Çünki, adətən ikiillik zoğa çox yaxın olan 1-2 göz “kor gözlər” adlanır və onlardan çıxan zoğlar barsız olur. Ona görə də budama zamanı bu gözcüklər göz sayında nəzərə alınmır.

Üzümdə quru budama iki şəkildə aparılır:

- saf budama;

- qarışıq budama.

Saf budama: Tənəkdə bütün çubuqların eyni ölçüdə (gözcüyün sayı bərabər) budanmasıdır. Bu tip budama əsasən qısa kəsilmə zamanı tətbiq olunur.

Qarışıq budama: Bu zaman tənəklərin zoğları 4 və daha artıq və yanında isə 2 gözə kəsilmiş əvəzedici çilik olmaqla budanır. Belə budama zamanı dib gözlərin barvermə xüsusiyyəti ilə yanaşı, zoğların aşağı gözlərinin açılma xüsusiyyətləri də nəzərə alınmalıdır. Növbəti ildə barmaq kimi saxlanılan və üzərində birillik zoğlar olan zoğlar dibdən kəsilib atılır. Keçən ilki əvəzedici çilikdən əmələ gələn zoğlardan tənəyə yaxın olanı əvəzedici, o birisi isə bar zoğu kimi saxlanılır.

Bar zoğlarının kəsilmə uzunluğuna görə isə tənəklər qısa, orta uzun budanır.

Qısa budama (kəsmə): Dib gözləri barlı olan üzüm sortlarında zoğların 1-3 gözə kəsilməsidir. Bu zaman ikiillik budaqdan 0,5 sm məsafədə yerləşən gözlər nəzərə alınmır. Bu kəsməyə yanaşmalar müxtəlifdir. Bəzi müəlliflər zoğların 2-3, bəziləri isə 4-5 gözcüyə kəsilməsini məqsədəuyğun hesab edirlər. 2-3 gözcüklü kəsmələri əsasən çardaq, xiyaban, yaxud alleya və divaryanı üzümlükdə tətbiq etmək olar. Ümumiyyətlə isə, qısa kəsmə kimi 4-5 gözcük əsas götürülə bilər. Bunlar da tənəyə verilən formadan, tənəyin boy gücündən, torpaq-iqlim şəaitindən asılıdır. Bu cür budamaya üzümçülüklə məşğul olan ölkələrdə münasibət müxtəlifdir. Bu zaman əsas məqam odur ki, tənəklərin bar zoğları boyunca gözcüklərin barvermə xüsusiyyəti nəzərə alınaraq budan­malıdır. Bu budama isə istehsalçının maraq və istəyinə uyğun olaraq məq­sədyönlü məhsulun alınmasına imkan verməlidir.

Orta budama (kəsmə): Bar zoğlarının 6-8 gözcüyə kəsilməsi orta kəsmə hesab edilir.

Uzun budama (kəsmə): Bu zaman zoğlarda 9-10 gözcükdən 15-20-yə qədər gözcük saxlanıla bilər. Bu göstəricilər  konkret olaraq kəsmə növlərin­dən, torpaq-iqlim şəraitindən və sortun bioloji xüsusiyyətindən asılı olaraq müəyyən edilir.

Üzüm bitkisinin kəsilməsində ən mühüm məqamlardan biri bar barmaq­larının optimal uzunluğunun təyin edilməsidir. Zoğun uzunu boyunca yerləşən tumurcuqların hamısı potensial barlılıq xüsusiyyətinə malik olsalar da, onlar sortun bioloji xüsusiyyətindən, konkret torpaq-iqlim şəraitindən, tənəyin forma və yükündən və s. asılı olaraq müxtəlif olur.

Elə sort var ki, onlar uzun budandıqda, digər sortlar isə qısa və orta budandıqda yüksək məhsul verir. Bir sıra sortlar mövcuddur ki, onlar həm qısa, həm də uzun budandıqda da yüksək məhsul verir. Ona görə üzüm becərən sahibkarlar, mütəxəssislər, həvəskar üzümçülər konkret şəraitdə hər bir sorta fərdi yanaşmalı və onların bar zoğlarının kəsilmə uzunluğuna münasibətini müəyyən etməlidirlər. Yeri gəlsə hətta təcrübə məqsədilə bir neçə il

becərdikləri sortlar üzərində müşahidə də aparıb, sortlara xas kəsmə uzunluğunu aydınlaşdıra bilərlər.

Uzun budanma zamanı bir məqam nəzərdən qaçmamalıdır. Belə ki, bəzi sortlarda uzun budama aparıldıqda zoğun aşağı hissəsindəki gözcüklərin bir qismi açılmır, yaxudda açılaraq çox zəif zoğlar inkişaf edir. Bu zaman tənəyə yaxın birillik zoğlar olmadığından, budamada təyin formalaşdırılması çətin olur.

Azərbaycan şəraitində (güclü və suvarılan torpaqlarda) bir sıra yerli və  introduksiya olunmuş süfrə  üzüm sortlarının (Qara kişmişi, Qara keçiməməsi, Hüseyni, Sultanina, Türk sultanı, Ağadayının oval variasiyası, Nimrəng, İtaliya muskatı, Hamburq muskatı və s.) bar budaqlarını uzun budamaq (16-22 gözcüyə) və 3-5 qollu yelpik formasının verilməsi məqsədəuyğundur.

Təcrübə göstərir ki, Ağadayının Salyan ərazisində becərilən oval, yaxud uzunsov giləli variasiyası güclü  və suvarılan torpaqlarda çox güclü boy atır, zoğlar çox yoğunlaşır. Bəzi bölgə və rayonlarda (Cəlilabad, Dəvəçi və s.) bu üzüm sortuna az yük verildiyindən lazımi nəticəni almaq olmur.  Belə ki, bu zaman bu tənəklərdə kollanma çoxalır, çiçək salxımları az əmələ gəlir, tozlanma və mayalanma çox zəif gedir, gilələrin qoralaşması artır, yaşıl zoğlar çox sürətlə və çox böyüyərək həddən artıq yoğunlaşır. Ona görə də yüksək aqrotexniki becərmə şəraitində Ağadayı sortunun bu variasiyasının bar zoğları uzun kəsilməli (18-24 gözcüyə) və tənəyə çox yük verilməli (58-72 gözcük), yaşıl əməliyyatlar vaxtı-vaxtında, xüsusilədə çiçəkləmədən qabaq xüsusi diqqətlə aparılmalıdır.

Birillik zoğların uzunluğu, onların üzərində olan gözcüklərin sayı sortdan, böyümə şəraitindən asılı olaraq müxtəlif olur.

Ümumiyyətlə, respublika şəraitində yerli sortlarda: Bayanşirə, Təbrizi, Arna-qırna, Ağ Aldərə və s. ən məhsuldar gözcüklər zoğların orta hissəsində yerləşir. Zoğun aşağı və uc hissəsində yerləşən gözcüklər az məhsuldar olur. Belə ki, yerli sortlarda gözcüklərin məhsuldarlığı 3-4-cü gözcükdən artmağa başlayır, yüksək boy gücünə malik olan sortlarda isə 20 gözcüyə qədər davam edir. Ona görə də budama zamanı onlar nəzərə alınmalı, bu sortlarda qısa budama aparılmalıdır. Qısa budamada barlı gözlər kəsilib atıldıqdan sonra məhsuldarlıq xeyli aşağı düşə bilər.

Gəncə-Qazax bölgəsində Bayanşirə, Tavkveri, Təbrizi, Rkasiteli sortlarında zoğda 14-16 gözcük saxlanılaraq kəsilməlidir. Mil düzü şəraitində Rkasiteli sortu üçün ən yaxşı budama uzunluğu 10-12, Xindoqnı sortu üçün isə 12-14 gözcük saxlanaraq zoğların kəsilməsi norma hesab olunur. Abşeron şəraitində Ağ şanı və Qara şanı sortları üçün ən yaxşı budama uzunluğu  8-14 gözcükdür. Ağ şanı sortunda zoğları uzun saxladıqda aşağı gözcüklər açılmadan qalır ki, bu da növbəti ildə budamada çətinliklər yaradır.

Bu gün respublikamıza çoxlu sayda xarici sortlar gətirilərək əkilib-becərilir. Bu sortların göz yükünün təyin edilməsi yüksək və keyfiyyətli məhsulun alınması baxımından vacibdir. Bu sortların aqrotexniki becərilməsi, o cümlədən budama qaydaları, vətənlərindən fərqli olaraq yerli şəraitə uyğun həyata keçirilməlidir. Məsələn, bir sıra avropa sortları vardır ki, onlara vətənlərindəki kimi, az yük verdikdə müsbət nəticə əldə etmək çətin olur. Ona görə də tədqiqatçılar və mütəxəssislər bu sortların konkret şəraitdə yük norma­larının müəyyən edilməsi istiqamətində araşdırmalar həyata keçirməlidirlər.

Qeyd edək ki, Göy-göl rayonu şəraitində Şardone sortunda 3 bar zoğu və hər bir zoğda 9-10 (cəmi 27-30 gözcük), Pino Fran sortunda 3 bar zoğu və hər bir zoğda 10-12 (cəmi 30-36 gözcük), Petit Verdo sortunda 3 bar zoğu və hər bir zoğda 8-9 (cəmi 24-27 gözcük), Süfrə istiqamətli İtaliya muskatı sortunda isə 4-5 bar zoğu və hər bir zoğda 9-10 (cəmi 46-52 gözcük) gözcüyün saxlanılması məsləhətdir.

Tənəyin budanması zamanı yelpik və kordon formalı tənəklərdə birinci növbədə bar manqaları yaradılmalıdır. Bar manqaları yaratmaq üçün keçən ilki əvəzedici zoğların (bu zoğlara çilik də deyilir) üzərindəki yuxarı zoğ məhsul almaq üçün uzun kəsilir, aşağı zoğ isə 2-3 gözcük saxlanılaraq əvəzedici çilik kimi kəsilir. Bundan sonra tənəyin keçən il məhsul vermiş zoğları və başqa lazımsız zoğlar kəsilib kənar edilir.

Beləliklə, çoxqollu yelpik formasında qolların sayından asılı olaraq 4-6 bar manqası saxlanılır. Qida sahəsi 3 x 1,2 m və 3 x 2 m olan üzümlüklərdə sortdan və bölgənin torpaq-iqlimşəraitindən asılı olaraq bir tənəkdə 6-12 bar manqası saxlanılmalıdır. Bar üçün saxlanılan zoğ isə çoxqollu yelpik formalarında sortdan və becərilən rayondan asılı olaraq 10-15, kordon formalarında isə 6-8 gözcük saxlanılaraq budanmalıdır.

Bəzən əvəzedici çilikdə olan zoğlar qırılır və ya yaxşı inkişaf etmir. Belə hallarda tənəyə lazımi qədər yük vermək üçün ötən il məhsul verən zoğların ştamba yaxın, yaxşı inkişaf etmişlərindən məhsul vermək üçün kəsilib saxlanılır.

Bəzən tənəyin çoxillik hissəsi ştambdan çox uzaq məsafədə olur və ya çox yaralı olur. Belə tənəklərdə çoxillik hissələrdə çıxan zoğ çoxillik hissələri cavanlaşdırmaq üçün əvəzedici çilik kimi saxlanılır. Tənəkdə yaşıl əməliyyat keçirilən zaman həmin zoğ seçilib saxlanılmalıdır.

Budama zamanı tənəyin düzgün kəsilməsinə çox ciddi fikir vermək lazımdır.

Tənəyə yaraların çox vurulması onun ömrünün azalmasına, boyatmanın zəifləməsinə və məhsuldarlığın azalmasına səbəb olur. Bundan başqa çalışmaq lazımdır ki, yaralar tənəyin qollarının həmişə bir tərəfində olsun. Tənəkdə qollar üzərində yaralar bir-birinə qarşı olduqda şirə axımı normal getmir, tənək ildən-ilə daha çox zəifləyir və nəticədə quruyub məhv olur. Ona görə də tənəyə vurulan yaralar bir tərəfli olmalıdır.

Birillik zoğların ucunun kəsilməsi iki buğumarasında, axırıncı buğumdan 1,5-2,0 sm yuxarıdan gözcüyün əks istiqamətində, azca çəpinə kəsilməlidir. Tənəyin ikiillik və ya üçillik hissələri üzərindəki  birillik zoğları kəsərkən dibindən 0,4-0,7 mm qalınlığında “yastıqcıq” saxlamaq lazımdır ki, çoxillik hissələr zədələnməsin. Tənəyin yoğun və çoxillik hissələrində kəsilmə aparılarsa, o zaman kəsilən hissənin dibindən 2-3 sm qalınlığında “kötükcüklər” saxlanılmalıdır. İkinci ili həmin kötükcüklər kəsilib atılmalıdır. Kəsiklər düz və hamar olmalıdır.

Ümumiyyətlə tənəyin budanılması zamanı aşağıdakıların nəzərə alınması məqsədəuyğundur:

  • Tənəyin kəsilməsində istifadə edilən əsas alətlər aşağıdakılardır: bağ qayçısı, bıçaq və bıçqı. Bu alətlər işlək vəziyyətdə olmalıdır.
  • Ştambdan və çoxillik qollarda yerləşən yatmış tumurcuqlardan çıxan birillik zoğlar haramı zoğlar adlanır və əksər sortlarda çıxan ili məhsul vermir. Lakin bütün sortların bu zoğlarının tumurcuqlarında başlanğıc çiçək topaları inkişaf edir və gələn ilə salxım əmələ gətirir. Ona görə də tənəyi kəsərkən məhsul üçün bu zoğlardan da saxlamaq olar.
  • Kəsmə apararkən birillik zoğların uzunluğu onların yoğunluğundan asılı olaraq müəyyən edilir. Zoğ nə qədər yoğun olarsa, bir o qədər uzun kəsilir, nazik zoğlar isə qısa kəsilir (sortlar nəzərdə tutulmalıdır).Birillik zoğlar mütləq bığcıq olan buğumlardan kəsilməlidir, çünki, onların diafraqmaları bütöv olur. Əgər kəsik buğumarasında aparılarsa, onda buğumdan yuxarı mailliyi gözcüyün əksinə doğru çəp kəsik aparılır (axırıncı buğumdan yuxarıda 1-1,5 sm hissə saxlanmalıdır).
  • Əgər birillik zoğlar və çoxillik qollar kəsiləcəksə, onda onları kötük saxlamadan əsasından kəsməli, lakin onların oturduqları çoxillik hissəni də yaralamaq olmaz.
  • Bar manqasını kəsərkən buynuzcuq üzərindəki kəsiklər kolun içərisinə doğru yönəldilməlidir, çünki, bu halda onlar tez sağalır. Qarşı qarşıya və qarışıq yara olmamalıdır. Qol üzərində qarşı-qarşıya və müxtəlif yerdə yaranın olması çoxlu miqdarda toxumanın ölməsinə səbəb olur ki, bu da plastik maddələrin hərəkətini və zoğların böyüməsini ləngidir. Bundan başqa yaraların bir-birinə yaxın olması da toxumaların geniş sahədə ölməsinə səbəb olur və məhsul­darlığın xeyli dərəcədə azalmasına gətirib çıxarır.
  • Yaraların səthinin düz və hamar olması, onların tez sağal­ma­sına səbəb olur. Hamar kəsik almaq üçün bağ qayçısının tiyəsi kəsilib atılan, dayağı isə qalan hissəyə yönəldilməlidir
  • Bar manqası elə kəsilməlidir ki, əvəzedici çilik bar barma­ğından aşağı yerləşməli və kolun xaricinə, cərgənin istiqamətinə doğru yönəlməlidir.
  • Buynuzcuqda və tənəkdə yara bir tərəfli olsun deyə, əvəze­dici çilikdə saxlanan axırıncı gözcük kolun içərisinə baxmalıdır.
  • Bar manqasını əmələ gətirdikdən sonra keçən ilki bar bar­mağı bütün birillik zoğları ilə birlikdə kəsilib atılır; əvəzedici çilik­dən çıxan zoğlardan biri-aşağıdakı əvəzedici çiliyə, yuxarıdakı isə bar (məhsul) üçün kəsilir.
  • Əgər əvəzedici çilikdə heç bir zoğ əmələ gəlməyibsə, onda bar manqası ən aşağıdakı bar barmağının hesabına əmələ gətirilir.
  • Əgər yeni qol formalaşdırmaq və yaxud köhnəni yenisi ilə əvəz etmək lazım gələrsə, onda çoxillik hissələrdən çıxan haramı zoğlardan istifadə olunmalıdır.

 

 

Nicat Nəsirli

Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri

       

Azər Şükürov       

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri