Üzümün yetişmə dövründə ən çox müşahidə edilən zərəvericilərdən biri “unlu bit”dir. Bu zərərverici ilə sirayətlənən üzüm meyvələri tamamilə yararsız vəziyyətə düşür. Bu zərərverici Azərbaycanın bütün rayonlarında, bütün sortlara zərər verir. Abşeronda açıqlıqda yerləşən, külək dəyən bağlarda nisbətən az ziyan verir. Lakin həyətyanı bağların yeri sıx olduqda, xüsusilə tənəklər suvarıldıqda, nəmlik yüksək olduqda daha çox zərər verdiyi müşahidə edilir. Bu zərərverici bəzi illərdə azalıb tamamilə yox olur. Bəzən də illər boyu get-gedə artır və müəyyən illərdə çox inkişaf edərək üzümlüklərə, xüsusən də məhsula böyük zərər verir.
“Çanaqlı yastıca” sarımtıl-qırmızı, yaxud sarımtıl-narıncı rəngə çalarlı bitdir. Lakin bədəninin səthi ağ yun kimi tüklərlə, yaxud ağ un kimi mum təbəqəsi ilə örtülü olduğuna görə ağ rəngdə görünür. Bu mum, yaxud tükcüklər həmin biti qalxan kimi xarici təsirlərdən müdafiə edir. Ona görə də çanaqlı yastıca, yaxud qalxanlı bit adlanır. Bu bitin yumurta kaloniyaları soyuq aylarda tənəklərin qabıqları altında, xüsusən bükümlərdə, çatlarda, köklərin üst hissəsində qışlayırlar. Yumurtaları uzunsov-oval və sarı rəngdədir. Yumurtaları ağ mum topalarından yaranmış yığınlar arasındakı boşluqlara kaloniya şəklində qoyulur. Burada 150-200 ədəd yumurta olur. Bu topalar bitki üzərində kiçik “qar topalarını” xatırladır.
Yaxınlıqda söyüd, nar, əncir, tut və başqa ağaclar olduqda onların üzərində də qışlayır və bu məhsullara da üzüm kimi ziyan vurur. Yazqabağı bitlər budaqlara, zoğlara, salxımlara, yarpaqlara qalxıb onların şirəsini sorurlar. Bitlər özləri də şirə ifraz edirlər ki, bu şirə üçün qarışqalar tənəklərə çıxırlar. Yazda hələ zərərvericinin zərəri açıq görünməyən vaxt qarışqaların tənəklərə çıxması ilə həmin zərərvericinin hansı tənəklərdə aktivləşdiyini bilmək olur. Bitlər partenogenetik (mayalanma getmədən) yolla mövsüm ərzində 3-4 nəsil verir və çox artırlar. Onların özlərindən ifraz etdikləri şirənin üzərində çürümə yaradan göbələklər inkişaf edir. Əsasən gövdə, zoğ, yarpaq, salxım və s. üzərindəki şirədə qara kif göbələyi əmələ gəlir ki, bunlar da tənəkləri “mazutla bulaşmış” şəklə salır. Bu zaman yaşıl səth qara rəngli örtüklə örtüldüyündə işıq enerjisindən istifadə tamamilə zəifləyir. Digər tərəfdən isə zərərverici bitkinin orqanlarından şirəni soraraq onu zəif salır, hətta zərərvericinin kütləvi inkişafı zamanı bitkilər quruyur. Güclü sirayətlənmiş zoğ, salxım, yarpaq quruyaraq məhv olur. Avqust ayının ortalarında zərərvericinin üçüncü nəsli inkişafa başlayır. Bu nəslin yastıcaları başlıca olaraq tənəyin yaşıl və oduncaq hissələri ilə qidalanaraq özlərindən yapışqanlı maddə ifraz edir, salxım və gilələri çirkləndirir.
Zərərverici yaşıl zoğların buğum düyünləri üzərinə, salxım saplağına və gilə saplaqlarına koloniya şəklində toplaşaraq “ağ pambıqşəkilli” topalar əmələ gətirir. Onların təsirindən zoğlar zədələnir, üzərində qonur ləkələr əmələ gəlir və hətta zoğ quruyur. Məhsullu zoğlara, o cümlədən salxım və gilə saplaqlarına sirayətlənmələri nəticəsində salxımlarda gilələr büzüşərək soluxur, zərərvericinin ifrazatı və onun üzərində əmələ gələn kif göbələyi isə salxımı yararsız vəziyyətə salır, gilələr qidalanmaq üçün yararlı olmur, onlardan hazırlanan şirələr və şərablar xoşagəlməz qoxu verirlər. Bu isə salxımda hər hansı bir çürümə xəstəliyini xatırladır. Lakin bunu göbələk xəstəliyi (boz çürümə, ağ çürümə və s.) kimi qəbul etmək mübarizə tədbirlərinin səmərəliliyini tamamilə azaldır. Çanaqlı yastıca nisbi rutubət yüksək olan illərdə, yaşıl zoğları çox sıx olan tənəklərdə daha çox inkişaf edir.
Mübarizə üsulları: “Unlu bit” çox isti və nəmlik sevən zərərvericidir. Ona görə də ilk baharda və yayın əvvəllərində isti və nəmişliyin yüksəl olduğu illərdə güclü, quraq keçən illərdə isə çox zəif inkişaf edir. Bu səbəbdən zərərvericinin təsiri ildən-ilə dəyişir, əsasən çox sıx salınmış və kölgəlik olan bağlarda bitkilərə güclü zərər verir. Ona görə də belə üzümlüklərdə, o cümlədən həyətlərdə olan çardaqlarda becərilən üzümlərdə vaxtı-vaxtında yaşıl əməliyyat aparılmalı, tənəklərdə havalanma və işıqlanmanın yaxşı getməsi üçün zoğlar seyrəldilməlidir. Becərilmə zamanı rütubət yaradan amillərə fikir verilməli və tənzimlənməlidir.
Zərərvericiyə qarşı kimyəvi mübarizənin əsasən 2 mərhələdə aparılması məqsədəuyğundur:
Üzüm tənəkləri budandıqdan sonra çubuqlar tez sahədən kənarlaşdırılaraq yandırılmalıdır. Əgər zərərverici ilə sirayətlənmiş tənəklərdən çubuq tədarük etmək lazım gələrsə, onda əkin materialının 2%-li heksaxloran ilə dezinfeksiya edilməsi yaxşı nəticə verir. Qışda tənəklərin gövdəsində və çoxillik qollardakı qabıqları qaşımaq, yığıb yandırmaq, tənəyin çətirini 3-5%-li mis kuporosu məhlulu və ona 1%-li kükürd turşusu qarışdırmaqla və yaxud 5%-li karbalinumla yumaq lazımdır.
Yazın əvvəllərində, tumurcuqlar açılana qədər tənəklərin VOLK-92 (10-20 l/ha), yaxud Hekvidor Oil (25-35 l/ha) emulsiyalaşdırılmış yağların tərkibinə, gənə və bitlərə qarşı istifadə edilən insektisidlərdən (Poliqor 2-3 l/ha, Bİ58 3-4 l/ha, Valsamba 0,32-0,48 l/ha, Prinex 2-3 l/ha, Korban-4 2,5-3,0 l/ha və s.) qarışdırıb çiləmək yüksək səmərə verir. Vegetasiya dövründə isə yuxarıda göstərilən insektisidləri həmin dozada VOLK-la (isti havalarda 5-10 l/ha qatmaqla) qarışdırıb çilənməsi məqsədəmüvafiqdir. Bununla yanaşı, vegetasiya dövründə yumurtalardan çıxan zaman kiçik fərdləri məhv etmək üçün tənəklərin 40%-li roqorun 0,2%-li fozalonla qarışığından istifadə etməklə çilənməsi məsləhət görülür.
Həmçinin, tənəklərdə yaşıl əməliyyatların vaxtında və normal qaydada aparılması zərərvericinin inkişafını xeyli ləngidir. Əgər üzüm bağı, yaxud üzüm kollarının yaxınlığında tut, nar, əncir, heyva, söyüd və s. ağaclar becərilirsə, mütləq bu bitkilərdə də mübarizə tədbirləri həyata keçirilməlidir.
Vüqar Səlimov
Aqrar elmlər üzrə elmlər doktoru,
Mövlud Hüseynov
Texnika üzrə fəlsəfə doktoru
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024