“Xindoqnı” sortu Azərbaycanın ən qədim, qiymətli, yerli texniki üzüm sortudur. Əsas vətəni Qarabağdır. Ötən əsrin 80-ci illərində erməni seperatçıları tərəfindən torpaqlarımıza qarşı başlamış işğal siyasəti və nəticədə ərazilərimizin zəbt olunması bu sortun da itirilməsinə səbəb oldu.
“Xindoqnı” sortunun yarpaqları orta ölçüdə (uzunluğu 15-18 sm, eni 14-17 sm) olub, dəyirmi formada və 5 dilimlidir. Ayanın kəsikləri orta dərinlikdə və dərindir, müstəvisi düz, yaxud qıfşəkillidir. Yuxarı kəsikləri orta dərinlikdə və dərin olub, açıq, yaxud bağlıdır. Açıq kəsiklər tərəfləri paralel və iti dibli, girdə formalı liraşəkillidir. Bağlı kəsiklər yumurtavari, yaxud üçbucaqşəkilli və girdə formadadır. Aşağı kəsiklər açıq olub, tərəfləri paralel və girdə, yaxud sivri dibli liraşəkilli formadadır. Bəzi yarpaqlarda aşağı kəsiklər bağlıdır. Dilimlərin ucundakı dişciklər sonluğu girdə olan üçbucaqşəkilli, tək-tək hallarda sonu sivri üçbucaqşəkillidir. Kənar dişcikləri dar üçbucaqşəkilli, yaxud tərəfləri nisbətən qabarıq üçbucaqşəkillidir.
Çiçəyi ikicinslidir. Salxımları orta və iri ölçüdə (uzunluğu 14-22 sm, eni 12-15 sm) olub, əsasən konusvari formadadır. Şaxəli, bəzən qanadlı salxımlara da rast gəlinir, salxımları çox sıxdır. Gilələri orta və iri ölçüdə (uzunluğu 15-21 mm, eni 14-20 mm) olub, simmetrikdir, tünd-göy, yaxud qara rəngdə, girdə formadadır. Qabığı nazik və elastik olub, üzəri sıx mum təbəqəsi ilə örtülüdür. Ləti şirəlidir. Şirəsi şərabı-qırmızı rəngdədir. Giləsində 2-4 ədəd toxum var.
Sort gecyetişəndir, vegetasiya müddəti 150-155 gündür. Gilələrinin tam yetişməsi avqustun axırlarında və sentyabr ayının birinci ongünlüyündə baş verir. Oidium xəstəliyinə sortun yarpaqları tolerantlıq (3-3,5 bal), salxımları çox davamsızlıq (5 bal) nümayiş etdirir. Sort antraknoz xəstəliyinə davamsız (4-4,5 bal) və boz çürümə xəstəliyinə isə tolerantdır (3-3,5 bal).
Orta, yaxud yüksək məhsuldar sortdur. Barlı zoğların miqdarı 65,3%, bar əmsalı 0,93, salxımların orta kütləsi 216 qr, məhsuldarlığı 3,4-5,8 kq, hektardan məhsuldarlıq isə 75,5-133,4 s/ha təşkil edir.
Sort tipik texniki istiqamətlidir. Salxımlarının ümumi kütləsinə görə şirə çıxımı 79,8%, qabıq və lətin qalığı 11,5%, daraq 4,5%, toxum 4,2% təşkil edir. 100 gilənin kütləsi 184,6 qr, 100 toxumun kütləsi 4,3 qramdır. Giləsində şəkərlilik 18-23 q/100 sm3, titrlənən turşuluq 4,27-6,25 q/dm3 olur.
“Xindoqnı” sortuna çoxqollu yelpik formasının verilməsi və bar barmaqlarının uzun kəsilməsi məsləhətdir. Becərildiyi yerin torpaq-iqlim şəraitindən, torpağın münbitliyindən, becərilmə formasından asılı olaraq müxtəlif bölgələrdə tənəyinə 44-62 ədəd arasında gözcük yükünün verilməsi məqsədəuyğun hesab edilir. Respublikamızın əksər bölgələrində becərilməsi perspektivlidir və vaxtilə Kürkənarı suvarılan ovalıq, Şirvan–Qarabağ suvarılan ovalıq, suvarılan dağətəyi-düzən, dağətəyi çöl, alçaq dağlıq və Şəki-Zaqatala zonalarında əkilib-becərilirdi.
“Xindoqnı” sortunun məhsulu yüksək keyfiyyətli qırmızı süfrə şərabları istehsalı üçün qiymətli xammaldır. Bu mənada haqqında bəhs etdiyimiz sort ölkəmizin şərabçılıq üzrə milli brendlərin istehsalı məqsədilə xammal bazasının yaradılması və ixrac potensialının yüksəldilməsində zəngin texnoloji parametrlərə və imkanlara malikdir. Vaxtilə “Xindoqnı” sortunun respublikamızın (80-ci illərdə) ümumi üzüm bağlarında əkilib-becərilmə payı 4,1% təşkil edirdi ki, bu da 12 min hektar üzüm bağı deməkdir. Qarabağın dağlıq hissəsindəki üzümlüklərin 85-90%-ni “Xindoqnı” sortunun becərildiyi sahələr təşkil edirdi. “Xindoqnı” sortundan çəhrayı süfrə şərabları – “Gişi”, qırmızı süfrə şərabı – “Qarakənd”, “Xocavənd”, markalı qırmızı şərab – “Qızılqaya”, portveyn şərablardan – “Çəhrayı portveyn”, “Qırmızı portveyn”, “Çartar”, markalı çərəz şərblardan – “Qarabağ-qırmızı”, “Xindoqnı” və “Tavkveri” üzüm sortlarının qarışığından – “Qobustan” adi qırmızı süfrə şərabı, “Xindoqnı”, “Mədrəsə”, “Tavkveri” üzüm sortlarının qarışığından – “Ağsu”, “Şahdağ” kəmşirin şərabları, “Xindoqnı” və “Mədrəsə” sortlarının qarışığından – “Azərbaycan portveyni (qırmızı)” adda yüksək keyfiyyətli müxtəlif növ şərablar istehsal edilirdi. Vaxtilə, bu şərablar nəinki respublikada, hətta xarici ölkələrdə də məhşur idi. Qırmızı üzüm sortlarından intensiv rəngli şərab almaq üçün gilədə antosian maddələrinin texnoloji ehtiyatı bol olmalıdır. “Mədrəsə” və “Xindoqnı” üzüm sortlarında bu ehtiyat 600 mq/l həcmində olur ki, bu ən yaxşı göstəricidir.
Bütün bu amillər nəzərə alınaraq “Xindoqnı” üzüm sortunun bərpa olunması istiqamətində Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən elmi-seleksiya işlərinə başlanılıb. Bununla əlaqədar olaraq institut əməkdaşları respublikanın müxtəlif regionlarındakı köhnə üzüm bağlarında, fermer, ailə kəndli və ev təsərrüfatlarında sortun müəyyən edilərək, gələcəkdə əkin materialı tədarük edilməsi üçün tədqiqatlar həyata keçirilib. İlk olaraq Beyləqan rayonundakı köhnə üzüm bağlarında (keçmiş Mil Üzümçülük Sovxozu, Daşburun qəsəbəsi) “Xindoqnı” üzüm sortunun hələ də əkilib-becərildiyi müəyyən olunub. Eyni zamanda, İnstitutun Gəncə Təcrübə Stansiyasının və Abşeron Təcrübə Təsərrüfatının kolleksiya bağlarında da “Xindoqnı” sortu qorunub saxlanılır. İnsitutun mütəxəssisləri tərəfindən Abşeronda yerləşən Ampeloqrafik kolleksiya bağında becərilən “Xindoqnı” üzüm sortunun tənəkləri çubuq tədarükü zamanı həmin kollardan əkin materialı əldə etmək məqsədilə müəyyən edilərək etiketlənib, kolleksiya bağında nişanlanmış tənəklərin sayı və hər tənəkdən əldə ediləcək təqribi çubuq miqdarı qeydiyyat və uçot işlərində öz əksini tapıb.
Vüqar Səlimov
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktor əvəzi
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024