• Ana səhifə
  • Xəbərlər
  • ÜZÜMÇÜLÜK VƏ ŞƏRABÇILIQ ELMİ-TƏDQİQAT İNSTİTUTU ALİMLƏRİNİN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
ÜZÜMÇÜLÜK VƏ ŞƏRABÇILIQ ELMİ-TƏDQİQAT İNSTİTUTU ALİMLƏRİNİN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

 

Üzümçülük və Şəraçılıq Elmi-tədqiqat institutunda “Üzüm: İnnovativ becərilmə texnologiyası, mühafizəsi və aqroekologiyası” kitabı işıq üzü görüb. Kitab institutun şöbə müdirləri, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov, aqrar elmlər üzrə fəlsəfə doktoru Azər Şükürov, aqrar elmlər üzrə fəlsəfə doktoru Hikmət Nəsibov və aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Mövlud Hüseynovun müəllifliyi ilə hazırlanıb.

Kitab respublikamızda üzümçülüyün elmi əsaslarla inkişafını təmin etmək məqsədilə geniş oxucu kütləsinin, o cümlədən üzümçü-fermerlərin, sahibkarların və fərdi üzüm bağ sahiblərinin marağı nəzərə alınmaqla müasir tələblərə uyğun olaraq hazırlanıb. Kitabda respublikanın təbii-iqtisadi bölgələrinin torpaq-iqlim şəraiti nəzərə alınaraq yetişdirilməsi tövsiyə edilən üzüm sortlarının və üzümlüklərin salınması üçün torpaq sahələrinin seçilməsi, əkinə hazırlıq zamanı həyata keçirilən tədbirlər, üzümün innovativ becərilmə texnologiyası (müxtəlif becərmə sistemləri, tənəyə formavermə, budama qaydaları, yaşıl əməliyyatlar, gübrələmə, suvarma, torpağın becərilməsi və s.), aqroekologiyası, üzümün əsas xəstəlik və zərərvericiləri, onlara qarşı tətbiq olunan müasir mübarizə üsulları, qida maddələrinin çatışmazlığından üzümdə yaranan xəstəliklər və onların aradan qaldırılması yolları, üzümün inkişaf və boyatmasına, məhsuldarlığına və məhsulun keyfiyyətinə torpaq-iqlim şəraitinin təsiri və s. amillər haqqında məlumat verilir. Kitabda həmçinin milli brendlərin istehsalının artırılması məqsədilə üzüm sortlarının seçiminin və üzümçülüyün ixtisaslaşmasının düzgün müəyyənləşdirilməsini təmin etmək üçün qiymətli yerli və son dövrlər respublikaya introduksiya olunan üzüm sortlarının səciyyəvi ampeloqrafik və aqrotexniki xüsusiyyətləri öz əksini tapmışdır. Belə ki, kitabda ilk dəfə olaraq 80 süfrə, 19 kişmiş və 59 texniki üzüm sortu haqqında ətraflı məlumat verilir. Kitabdan aqrotexniklər, seleksiyaçılar, entomoloqlar, fitopatoloqlar, enoloqlar, elm və təhsil müəssisələrində üzümçülük və şərabçılıq üzrə ixtisaslaşan tələbələr, magistrlər, doktorantlar, dissertantlar və elmi işçilər də istifadə edə bilərlər.

  • A
  • A
  • A