Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən monitorinqlər keçirilib

Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən fiziki və hüquqi şəxslərə məxsus kənd təsərrüfatı texnikalarının dövlət texniki baxışının keçirilməsi və dövlət qeydiyyatına alınması ilə bağlı Şamaxı, Ağsu, Göyçay və Qobustan rayonlarında növbəti monitorinqlər keçirilib. Monitorinqlər zamanı texniki baxışa təqdim edilməyən, dövlət qeydiyyatına alınmayan və sürücülük vəsiqəsi olmadan texnikaları idarə edənlər barədə inzibati protokollar  tərtib olunub. Həmçinin, kənd təsərrüfati texnikalarının istismar qaydalarına riayət edilməsi, dövlət qeydiyyatına alınmayan texnikaların dövlət qeydiyyatına alınması, məhsulun yığımı və daşınması vaxtı  texniki təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı  texnika istifadəçiləri maarifləndirilib. Eyni zamanda texniki baxışdan keçməyən texnikalar texniki baxışa cəlb olunub, dövlət qeydiyyatına alınıb və etibarlıq müddəti bitmiş sürücülük vəsiqələri dəyişdirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında” Nümunəvi Əsasnamənin 1.4-cü bəndinə əsasən Respublika ərazisində daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən bütün mexaniki nəqliyyat vasitələrinə və qoşqularına (yarımqoşqularına) dövlət texniki baxışı ildə bir dəfə həyata keçirilir. Şəxs nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 (iyirmi) gün müddətində nəqliyyat vasitəsini texniki baxışdan keçirməlidir. Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən məsuliyyətə cəlb olunmur. 

Aqrar Xidmətlər Agentliyi texnika istifadəçilərini yol hərəkəti qaydalarına riayət etməyə çagırır.

Aqrar Xidmətlər Agentliyinin əməkdaşları  tərəfindən bölgələrdə maarifləndirmə işləri həyata keçirilməklə monitorinqlər  davam etdirilir.