• Ana səhifə
  • Xəbərlər
  • Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri Gürcüstanda keçirilən təlimdə iştirak edib
Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri Gürcüstanda keçirilən təlimdə iştirak edib

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən icra olunan “Qafqazda və Mərkəzi Asiyada milli və regional səviyyədə çəyirtkələrin idarə olunmasının təkmilləşdirilməsi Proqramı” çərçivəsində cari ilin sentyabr ayında Gürcüstanda iki regional sessiya təşkil edilib. Sesiyalar “Qafqazda və Mərkəzi Asiyada Çəyirtkələrin İdarə edilməsi Sistemi (CCALM) və Avtomatlaşdırılmış Məlumat Toplama Sistemi (ASDC) daxil olmaqla Çəyirtkələrin monitorinqi və məlumatların idarə edilməsi” və “Çəyirtkələrə qarşı dərmanlamaların aparılması və pestisidlərin mənfi təsirinin azaldılması” mövzularında təlimçilərin hazırlanması üzrə təşkil edilib.    

Tədbirdə Qafqaz ölkələrindən 24 nəfər mütəxəssis, o cümlədən Aqrar Xidmətlər Agentliyinin  mütəxəssisləri iştirak edib. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO)  ekspertləri “Çəyirtkələrin biologiyası, ekologiyası və monitorinqi, həmçinin Məlumatların Toplanmasının Avtomatlaşdırılmış Sistemi (ASDC) və Qafqazda və Mərkəzi Asiyada çəyirtkələrin idarə edilməsi (CCALM) sistemi, “Çəyirtkələrə qarşı dərmanlamalarda pestisidlərin insan sağlamlığına və ətraf mühitə mənfi təsirinin azaldılması, həmçinin Məlumatların Toplanmasının Avtomatlaşdırılmış Sistemi (ASDC)”, “Çəyirtkələrlə mübarizədə yerüstü UKH çiləmələrin səmərəli tətbiqi və Mikroner çiləyicilərin üstün cəhətləri” mövzuları üzrə təqdimatlarla çıxış ediblər. Hər bir mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.  

Təlim iştirakçılarına regional sessiyalarda çəyirtkələrin monitorinqi və məlumatların idarə edilməsi, dərmanlamaların aparılması və pestisidlərin mənfi təsirinin azaldılması və çiləyici texnikanın nizamlanması mövzuları üzrə geniş məlumat verilib. Yekunda iştirakçılara  sertifikatlar təqdim edilib.

Hazırlanmış təlimçilər tərəfindən milli səviyyədə təlimçilərin hazırlanması məqsədi ilə çəyirtkələr yayılmış rayonların mütəxəssislərinin və fermerlərin iştirakı ilə təlimlərin təşkil olunması nəzərdə tutulur.