• Ana səhifə
  • Xəbərlər
  • Beyləqanda keçirilən tarla seminarında pambıqçılığın inkişafı müzakirə olunub
Beyləqanda keçirilən tarla seminarında pambıqçılığın inkişafı müzakirə olunub

 Beyləqan rayonu Mil Təcrübə Stansiyasında Kənd Təsərrüfatı Nazirliyi və Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun (BMTBETİ) birgə təşkilatçılığı ilə “Azərbaycanda pambıq istehsalatı üzrə Torpaq, Qida Maddələri və Su ilə bağlı Qabaqcıl Kənd Təsərrüfatı Təcrübələrinin gücləndirilməsi” mövzusunda tarla seminarı keçirilib.

Tarla seminarında Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev, Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin direktoru İmran Cümşüdov, Layihə koordinatoru Nəzakət İsmayılzadə, BMTBETİ-nin direktoru Elçin Xəlilov, Beyləqan Regional Aqrar Təlim Mərkəzinin direktoru Qurban İmranov, Mil Təcrübə Stansiyasının direktoru Ramiz Şükürov, aqrar şirkətlərin nümayəndələri, alimlər və fermerlər iştirak ediblər.

Bildirilib ki, 2022-2025-ci illəri əhatə edəcək “Pambıq istehsalında torpaq, qida maddələri və su ilə bağlı qabaqcıl kənd təsərrüfatı təcrübələrinin gücləndirilməsi (GAP)” layihəsinə start verilib. Layihəyə çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ekspertlərinin təklif etdiyi metodlarla Azərbaycanın müxtəlif torpaq iqlim şəraitində Pakistandan gətirilən yeddi növ pambıq toxumlarının səpini aparılıb. Xarici sort toxumlar həm də yerli toxumlarla müqayisəli şəkildə əkilib. Sınaq BMTBETİ-nin Beyləqan rayonu Mil Təcrübə Stansiyasının və pambıqçılıq sahəsində fəaliyyət göstərən “P-Aqro” MMC şirkətinin İmişli, Saatlı, Sabirabad rayonlarında yerləşən filiallarının əkin sahələrində aparılıb.

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev çıxış edərək Azərbaycanda pambıqçılığın mövcud vəziyyəti, kənd təsərrüfatında prioritet sahələrdən biri olması və strateji əhəmiyyətinin qorunub saxlanılması haqqında danışıb. O, tarla seminarında sortların nümayişinin aparıldığını və gələcəkdə əkin sahələrində, həmçinin toxumçuluq şirkətləri tərəfindən bu sortlardan istifadənin daha məqsədəuyğun hesab olunduğunu bildirib. Pambıq istehsalının artırılmasında aqrar elmin rolunu qeyd edən Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin direktoru İmran Cümşüdov ölkəmizdə pambıqçılığın inkişaf etdirilməsi məqsədilə bu sahədə dünyanın ən qabaqcıl təcrübəsinin tətbiqi istiqamətində işlərin ardıcıl olaraq davam etdirildiyini bildirib.

İndiyədək əldə olunan nəticələrdən danışan layihə koordinatoru Nəzakət İsmayılzadə qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında bağlanan müqavilə əsasında əkilən, Pakistandan gətirilən 7 sort arasından məhsuldarlığı ilə seçilən “Cotton Super” sortu regiona daha yaxşı uyğunlaşıb. Belə ki, həmin pambığın kolunda minimum 60 qoza müşahidə olunur, hətta 120-ə qədər qoza da qeydə alınıb. Hazırda Mil Təcrübə Stansiyasında 72 sort sınaqdan keçirilir ki, bunlardan 7-si Pakistan, 1-i Türkiyə, digərləri isə əsasən yerli sortlardır. Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru Elçin Xəlilov bildirib ki, institut tərəfindən həyata keçirilən layihələr və alimlərin apardığı elmi tədqiqatlar əsasında uğurlu nəticələr əldə olunub. Pakistan sortları yüksək məhsuldarlığı, xəstəliklərə dözümlü olması ilə bərabər, həm də dünya toxuculuq sənayesinin tələbələrinə uyğun lif çıxımı ilə seçilir. Həmin sortlarda yüksək lif çıxımı tanınmış dünya alimləri, o cümlədən Yunanıstan və Pakistan alimləri tərəfindən də öz təsdiqini tapıb. Yerli və xarici sortların Mil Təcrübə Stansiyasında sınaqdan keçirilməsindən danışan stansiya direktoru Ramiz Şükürov da pambıqçılığın inkişafında yüksək nailiyyətlər olduğunu söyləyib. Cari ildə 28 sortda müqayisəli sort sınağı, 20 sortda ilkin sort sınağı aparılıb. Eləcə də Pakistandan gətirilmiş sortlar da sınaq üçün əkilib. “Cotton Super” sortunda isə daha yüksək nəticə olunub və məhsuldarlıq göstəricisi 82 sentnerə çatıb. Bundan başqa, təcrübə stansiyasında 3 sortun aqrotexnologiyası öyrənilir. 12 sortun nümayiş əkini həyata keçirilib.

Layihənin məqsədi qlobal istiləşmə şəraitində Azərbaycanda pambıq istehsalının genişləndirilməsi istiqamətində iqlimə uyğun kənd təsərrüfatı təcrübələrinin inkişaf etdirilməsi və yayılmasıdır. Layihədə Pakistanın 7, Türkiyənin 1 və Azərbaycanın 1 rayonlaşmış sortları sınaqdan keçirilir. Məqsəd nümayişedici sınaqlar keçirməklə AEBA-nın ekspertinin təklif etdiyi və hazırda Azərbaycanda tətbiq olunan ənənəvi metodlarla əkilən pambıq sortlarının müqayisə edilməsidir. Bir hektar sahədə paralel olaraq iki üsulla pambıq toxumları əkiləcək, nəticələr müqayisə ediləcək. Layihədən əsas gözlənti Pakistandan gətirilmiş toxumların yerli iqlim şəraitinə uyğunlaşdırılması və məhsuldarlığı artırmaqdır. Bu toxumlar hesabına Pakistanda 55-60 sentner məhsuldarlıq olub ki, bu hədəf Azərbaycan üçün də uyğun sayılır. Sınaqdan çıxarılan sortların üzərində aparılan fenoloji müşahidələrdən aydın olub ki, “Cotton Super” sortunda və “BS 18” sortunda məhsuldarlıq kifayət qədər yüksəkdir. Bu sortların becərildiyi sahələrdəki kollarda qönçələnmə və qoza vermə faizi daha yüksəkdir. Məhsul yığımı zamanı bu göstəricilər özünü doğruldarsa, daha geniş sahələrdə mutant toxumlardan istifadə edilməsi nəzərdə tutulub.

Layihənin həyata keçirilməsində digər məqsəd xəstəliklərə, quraqlığa dözümlü sortların yaradılmasıdır. Layihənin daha səmərəli həyata keçirilməsi üçün Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna yeni avadanlıqlar da gətirilib. Həmin avadanlıqlar institutun Biotexnologiya şöbəsində yerləşdirilib. “P-Aqro” MMC-nin direktor müavini İlham Səfərov çıxışında bildirib ki, həyata keçirilən bu layihələr pambıqçılıqda uğurlu bir hadisə sayılır. Pambıqçılıq şirkətləri də əsasən məhsuldar, lif çıxımı daha yüksək olan, həmçinin zərərvericilərə və quraqlığa dözümlü toxumlara müraciət edir. Bu layihə əsasında həm xarici, həm də yerli sortlar yetişdirilir ki, bu da gələcəkdə həmin sortlardan geniş istifadə olunmasına zəmin yarada bilər. Eyni zamanda, artıq MMC ilə bağlanmış müqavilə əsasında müxtəlif sortlar əkilib və ilkin mərhələdə sahələrdə yüksək məhsuldarlığın göstəricisi olan çıxış alınıb.

Tədbirin sonunda Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, şirkət nümayəndələri və fermerlər Beyləqan rayonu Təzəkənd kəndində yerləşən, fermer Səxavət Məmmədovun icra olunan layihə çərçivəsində Pakistan pambıq toxumlarının səpildiyi sahəsinə baxış keçirib, pambıq kollarında yüksək nəticə müşahidə edilib və sahə mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib.