Bölgələrdə fermerlərin maarifləndirilməsi davam etdirilir

Dövlət Toxum Fondu Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə birgə respublikanın müxtəlif bölgələrində fermerlərin maarifləndirilməsi ilə bağlı tədbirləri davam etdirir.

Növbəti tədbir Qobustan və Şəki rayonlarında "Əkin sahələrində yay şumu", "Yay şumu nə üçün vacibdir?", “Yay şumunun əhəmiyyəti” mövzularında təşkil edilib.

Dövlət Toxum Fondu Əkinçilik Elmi-Tədqiqat İnstitutunun mütəxəssis və aqronomunun iştirak etdiyi tədbirdə məlumat verilib ki, biçindən sonra ən vacib şərtlərdən biri də düzgün aqrotexniki qulluq və torpağın şumlanmasıdır. Keyfiyyətli yay şumunun aparılması növbəti ildə məhsuldarlığın göstəricilərini 20-30% artıran faktorlardan biridir.

Qeyd olunub ki, yay şumundan sonra növbəti taxıl səpininə bir neçə ay vaxt qalır. Bu müddətdə yay şumunu bir neçə dəfə diskli alətlə becərməklə onu normal hala gətirmək olur. Bu müddət ərzində torpaq hamarlanır, yumşaq səpin qatı yaranır ki, buna bir növ torpağın yarımherik üsulu ilə becərilməsi deyilir. Payızda aparılmış şumda isə səpinə vaxt az qaldığından torpağın keyfiyyətli hazırlanması bir qədər çətin olur. Ona görə də payız şumuna nisbətən yay şumunun aparılması böyük üstünlüyə malikdir.

Tədbirdə fermer və təsərrüfat sahiblərini maraqlandıran suallar cavablandırılıb. Mütəxəssis və aqronomlar yay şumundan sonra sahələrdə təkrar əkin aparılmasını tövsiyə ediblər.

Qeyd edək ki, fermerlərin maarifləndirilməsi ilə bağlı birgə tədbirlər bundan sonra da davam etdiriləcək.