• Ana səhifə
  • Xəbərlər
  • Quşlarda Nyukasl xəstəliyinin aşkarlanması üçün diaqnostik dəstin istehsalına başlanılıb
Quşlarda Nyukasl xəstəliyinin aşkarlanması üçün diaqnostik dəstin istehsalına başlanılıb

Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu (BETİ) ilə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən BETİ-də laboratoriya şəraitində BETİGen markalı “Newcastle (NDV) Real Time PCR detection kit” diaqnostik dəst istehsal edilib. BETİGen markalı “Newcastle (NDV) Real Time PCR detection kit” dəsti quşlarda Nyukasl xəstəliyinin aşkarlanması üçün nəzərdə tutulub. Quşçuluq təsərrüfatlarından fermerlər bu dəsti əldə etmək üçün BETİ-yə müraciət edə və yaxud patoloji materialı BETİ-yə göndərərək müayinə edə bilərlər. 

Nyukasl xəstəliyi quşların yüksək kontagioz virus xəstəliyi olmaqla respirator və visseral orqanların, mərkəzi əsəb sisteminin zədələnməsi və yüksək tələfat verməsi ilə səciyyələnir.

Törədicisi- paramiksoviruslar qrupundan 1-ci qrup serotipinə mənsub, tərkibində RNT olan virusdur. Virus xarici mühitdə davamlıdır. O, dezinfeksiya maddələrindən ən çox natrium qələvisinə, formaldehid və xlorlu əhəngə həssasdır.

Təbii şəraitdə nyukasl xəstəliyinə toyuq, sesarka, hinduşka, qırqovul, kəklik və tovuz quşu həssasdır. Onlardan ən çox həssas olanı toyuqlardır. Cavan quşlar daha həssasdırlar. İnfeksiyanın mənbəyi xəstə və virus daşıyıcı quşlar, məhv edilməmiş cəsədlərdir. Nyukasl xəstəliyindən ölmüş və məcburi kəsilmiş quş cəsədləri, xəstə toyuğun yumurtaları, vəhşi heyvanlar, çirklənmiş əşya, avadanlıq, tara, nəqliyyat vasitəsi, insanlar və s. vasitəsilə, eləcə də xəstəlik olan binadan ixrac edilən hava ilə yayılır.

İnkubasiya dövrü 2-7, nadir hallarda 12-20 gündür. Peyvənd olunmuş quşlarda virus 13-30, hətta 43 gündən sonra xəstəlik törədə bilir. Xəstəlik iti gedişdə 1-4 və yarımiti gedişdə 6-10 gün çəkir. Əvvəlcə tənəffüsün, sonra isə əsəb sistemiin pozulması əlamətləri görünür. Ölüm halları 5-7%-dən 60-70%-ə qədər ola bilir.

Nisbətən yaşlı və yaşlı quşlarda zəiflik, iştahsızlıq, yumurtalamanın azalması, qabığın nazilməsi və tələfatın artması müşahidə olunur. Xəstəlik 2-3 həftə çəkir. Stasionar qeyri salamat təsərrüfatlarda xəstəlik əsasən cücələrdə müşahidə olunur.

İstehsalı başa çatmış BETİGen markalı “Newcastle (NDV) Real Time PCR detection kit” diaqnostik dəsti sınaqdan keçirilib rəy verilməsi üçün  Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təqdim edilib.