Toxumun dərmanlanmasının əhəmiyyəti – Fermerlərə tövsiyə

Bir çox kənd təsərrüfatı bitkilərinin toxumları infeksiya daşıyıcılarıdır. Belə ki, toxumların həm daxilində, həm də səthində müxtəlif növ xəstəliklərin törədicilərinin sporları, göbələklərin mitselləri və s. olur. Belə toxumlarla səpin aparıldıqda ya bitki tamamilə məhv olur və ya alınmış cücərtilər zəif olur ki, bu da vegetasiya müddətində bitkilərin zəif olmasına və ciddi məhsul itkisinə (30%-dən çox) səbəb olur. Bol və keyfiyyətli məhsul əldə etmək üçün toxumun dərmanlanması başlıca şərtlərdən biridir.
Dərmanlama toxumları həm daxildən, həm də torpaq patogenlərindən qoruyur. Cücərtilərin kök çürümə xəstəliyi, eləcə də torpaq zərərvericiləri ilə zədələnməsi azalır. Payızlıq əkinlərin soyuğa qarşı davamlılığı artır. Ətraf mühitə mənfi təsirlər azalır - insektisidlərin və fungisidlərin səpin materialında olması, sonradan torpağa veriləcək və ya vegetasiya müddətində bitkiyə çilənəcək pestisid yükünü, həmçinin kimyəvi maddələrdən istifadəni azaldır. Məhsulun keyfiyyəti yaxşılaşır - dərmanlanmış toxumlardan vaxtında cücərtilər alınır, cücərtilərin inkişafı ləngimir, güclü inkişaf etmiş bitkilər xəstəliklərə yoluxmur, stresə qarşı davamlı olur və nəticədə keyfiyyətli məhsul alınır. Yüksək gəlir - toxumların dərmanlanması sayəsində bitkilər güclü inkişaf etdiyindən məhsuldarlıq artır. Səpin üçün nəzərdə tutulan toxumluq materialın dərmanlanması fiziki, bioloji və kimyəvi üsullarla həyata keçirilir. Kimyəvi maddələrlə dərmanlama üstünlük təşkil edir və bu məqsədlə müxtəlif fungisidlərdən istifadə olunur.

Kimyəvi dərmanlanma: Preparatın növündən, zərərli orqanizmin biologiyasından və toxumun xüsusiyyətlərindən asılı olaraq bitki mühafizəsi təcrübəsinə əsasən quru, yarım quru, yaş və nəmləndirmə yolu ilə dərmanlama aparılır. Məhsul sahədən yığılıb çeşidləndikdən, təmizləndikdən, müvafiq nəmliyə çatdırıldıqdan sonra dərhal dərmanlanmalıdır. Belə olduqda toxumun üzərində və ya daxilində olan xəstəlik törədiciləri inkişaf etməmiş məhv edilir və toxum steril qalır. Toxumun  vaxtında dərmanlanaraq anbarlara yığılması onun  sağlam və itkisiz saxlanmasının başlıca şərtlərindəndir.
Toxumların səpinqabağı dərmanlanması toxumun qabığında, epidermisin altında, rüşeym və endosperm daxilində yayılan xəstəlik törədicilərinin ehtiyatının məhv edilməsinə yönəlmişdir. Səpinqabağı dərmanlanmış toxumların üzərində preparatlar qaldığı üçün torpaqda olan xəstəlik törədiciləri, həmçinin zərərvericilər toxuma ziyan vura bilmir.

Dərmanlanmanın keyfiyyətini yüksəltmək, dərmanların toxumların səthindən axmasının qarşısını almaq və sanitar-gigiyenik tələbləri yaxşılaşdırmaq üçün örtük əmələ gətirən maddələrdən (polivinil spirti (PVS), eləcə də maye kompleks gübrələr) istifadə olunur.
Qoruyucu-stimullaşdırıcı preparatlarla dərmanlanma aparıldıqda müxtəlif növ universal dərman preparatlarından istifadə olunur. Belə toxum dərmanları ikili və üçlü təsiredici maddəyə malik olduğundan həm zərərvericinin, həm də xəstəliyin yayılmasının qarşısını alır. Toxumun dərmanlanmasına Selest top 1.5 kq/ton (262.5 q/l tiametoksam+25 q/l difenokonazol+25 q/l fludioksonil), Divident 0.36 FS (92.3 q/l tiametoksam+36.92 q/l difenokonazol+3.08 q/l mefonoksam), Vitavaks 75% (karboksin 200q/l+tiram 200 q/l) preparatlarının istifadəsi tövsiyə olunur. Bir ton toxumun dərmanlanması üçün sərf olunan 10 litr işçi məhlulun alınması üçün 100-200 qram PVS və ya 1.0-1.5 litr kompleks gübrə, lazimi miqdarda fungisid və ya insekto-fungisid və su əlavə olunur.
Aqrar Xidmətlər Agentliyi toxum istehsalçılarının nəzərinə çatdırır ki, toxumun dərmanlanması zamanı məsləhət və tövsiyələr almaq üçün Bitli Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli qurumlarına müraciət etmələri tövsiyə olunur.