Üzüm bağlarında payız becərmələri-Fermerlərə tövsiyə

Üzümçülük və Şərabçılıq Elmi-tədqiqat İnstitutunun Ampeloqrafik Kolleksiya bağında aqronomik tədbirlərə, o cümlədən torpaq becərmə işlərinə başlanılıb, cərgəaralarına gübrə verilərək dərin payız şumu aparılır.

Torpağın payız becərmələrinin vaxtı, üsulları və əhəmiyyəti: Üzümçülükdə aqrotexniki tədbirlər əsasən üzümün biologiyasına, aqroekologiyasına və fenoloji fazalarının inkişaf və davametmə xüsusiyyətlərinə görə aparılır. Bu xüsiyyətlər isə ilin hava şəraitindən, bölgənin torpaq-iqlim şəraitindən və s. asılı olaraq dəyişir. Ona görə də, topraq-iqlim, coğrafi xüsusiyyətlərində nəzərəçarpacaq müxtəlifliklər olan bölgələrdə aqronomik tədbirlərin həyata keçirilməsi aylar üzrə müxtəlifliyi ilə səciyyələnir. Aqronomik tədbirlər içərisində torpaq becərmələri mühüm yer tutur. Suvarılan rayonlar torpaq payız-qış, yaz, yay becərmələrindən və cərgəaralarında torpağın dərin yumşaldılmasından ibarətdir. Torpağın becərilməsi zamanı tənəyin qidalanması üçün əlverişli şərait yaradılır, üzüm bağlarında olan alaq otları məhv edilir, torpaqda rütubət toplanır və qorunub saxlanır, havalanma yaxşılaşır, torpaqdan karbon qazının ayrılması təmin edilir, faydalı mikroorqanizmlərin həyat fəaliyyəti üçün əlverişli şərait yaradılır, bəzi zərərvericilər məhv edilir, mineral, üzvi və yaşıl gübrələr torpağa qarışdırılır. Bar verən üzümlüklərdə hər il becərmə aparmadan tənəyin böyümə və inkişafını normal vəziyyətdə və yüksək, sabit məhsuldarlığı təmin etmək mümkün deyildir.

Üzümaltı torpaqların becərilməsində payız becərilməsi əsas yer tutur. Vegetasiyanın sonuna yaxın payızda üzümlükdə torpağın üst qatı bərkiyir və ehtiyat nəmlik tükənməyə başlayır. Bu vəziyyətdə torpaq suyu pis keçirir, çox vaxt torpağın səthi ilə su axmağa başlayır. Respublikamızın əsas üzümçülük rayonlarında payız-qış ayları çox vaxt yağmurlu keçir. Buna görə də payız-qış yağıntıları torpaqda ehtiyat nəmlik toplanmasının əsas mənbəyidir. Yağış sularının torpağa hopdurulub onda nəmlik ehtiyatını yaratmaq üçün payız-qış ayları torpaq dərindən becərilməlidir. Üzümlüklərdə torpağın payız dövrü becərilməsində cərgəaralarını 20-25 sm dərinliyində şumlamaq (altını üstə çevirmək) ən mühüm tədbirlərdən biridir. Tənəklərin dibləri də bellənərək (20-25 sm dərinliyində) torpaq çevrilir. Bu zaman torpağın nisbətən münbit olan üst qatı alta çevrildikdə tənəklərin sorucu köklərinin əsas kütləsinə yaxınlaşır və yazda vegetasiya başlayarkən köklərin qidalı maddələri bol-bol qəbul etməsinə imkan verir. Üzümlüklərdə torpağın payız şumu Azərbaycanın bütün rayonlarında oktyabr və noyabr aylarında başa çatdırılmalıdır.

Ümumiyyətlə, payız şumu ən geci dekabr ayının ortalarına qədər yekunlaşdırılmalıdır. Hazırda adətən enlicərgəli (2,5 m; 3 m; 3,5 m və s.) üzüm bağları salınır. Bu tip üzümlüklərlə torpağın şumlanması üçün texnikalardan geniş istifadə etmək mümkün olduğundan, şumlanmanı oktyabr-noyabr aylarında başa çatdırmaq çətin deyildir. Payız şumu dövründə üzümlükdə əsas gübrələmə işləri də aparılır. Peyinin, fosforlu və kaliumlu gübrələrin bağa mütləq payızda (erkən) verilməsi təmin edilməlidir. Belə olduqda torpağa verilən fosfor və kaliumlu gübrələr, peyin və ya kompost yazda tənəklərin vegetasiya dövrü başlayana qədər mənimsənilə bilən şəkilə keçir və suların köməyi ilə torpağın dərin qatlarında toplanır. Gübrələrin torpağa verilmə miqdarını düzgün təyin etmək üçün torpağın kimyəvi və fiziki tərkibini, aqrokimya xüsusiyyətlərini və laboratoriyalarda torpağın analizinin nəticəsini rəhbər tutmaq lazımdır.

Son dövrlərdə dəmyə şəraitində meyilli yamaclarda salınan üzümlüklərdə bitki araları becərilsə də, cərgəaraları becərilmir. Bu zaman əmələ gələn alaq otları bir neçə dəfə aqreqatlarla biçilərək cərgəaralarına səpilir. Bu isə özlüyündə torpağı xeyli münbitləşdirir. Bu becərmənin üstün cəhətlərindən biri də torpaq yuyulmalarının qarşısının alınmasıdır.