• Ana səhifə
  • Xəbərlər
  • Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri elmi ekspedisiyada olublar
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri elmi ekspedisiyada olublar

Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Kürdəmir rayonunda elmi ekspedisiyada olublar.

Tədqiqatların aparılmasında məqsəd respublikamızda emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, rəqabətqabiliyyətli milli brendlərin istehsalı və ixrac potensialının yüksəldilməsidir. Vaxtilə dünyada şöhrət qazanmış yüksək keyfiyyətli şərabların istehsalında qiymətli xammal mənbəyi olan yerli üzüm sortlarının müəyyən edilərək seçilməsi, qiymətləndirilməsi, müasir sürətli üsullarla artırılaraq bərpa olunması və istehsalçıların keyfiyyətli əkin materialları ilə təmin edilməsi qarşıda dayanan ən önəmli vəzifələrdəndir.

Dünyada keyfiyyətinə görə birinci hesab olunan Azərbaycanın qiymətli, ən qədim yerli texniki üzüm sortu olan «Şirvanşahı»dır. Bu sortun bərpası, artırılması, davamlı istifadəsi də aparılan tədqiqat işlərinin məqsədlərinə daxildir. Aparılan elmi-seleksiya işləri çərçivəsində bu sortdan gələcəkdə əkin materialı tədarük edilməsi üçün rayonun Mürtülü, Yenikənd, Dəyirmanlı kəndləri və Karrar qəsəbəsindəki köhnə üzüm bağlarına, fermer, ailə kəndli və ev təsərrüfatlarına baxış keçirilib. Məlum olub ki, burada çardaq sistemi ilə yanaşı həyətyanı sahələrdə qədimdən xiyaban üsulu ilə əkilib-becərilmiş, əsrlərdən bəri dövrümüzə gəlib çatmış yaşlı «Şirvanşahı» tənəkləri də mövcuddur. Təsərrüfat sahiblərinin sözlərinə görə Şirvanşahı sortunun xiyabandakı tənəklərinin yaşı 200 ildən çoxdur.

İnstitutun mütəxəssisləri tərəfindən «Şirvanşahı» üzüm sortunun tənəkləri çubuq tədarükü zamanı həmin kollardan əkin materialı əldə etmək məqsədilə müəyyən edilərək etiketlənib, nişanlanmış tənəklərin sayı və hər tənəkdən əldə ediləcək təqribi çubuq miqdarı qeydiyyat və uçot işlərində öz əksini tapmışdır.

Qeyd edək ki, «Şirvanşahı» sortu – respublikada şərabçılıq üzrə milli brendlərin istehsalı məqsədilə xammal bazasının yaradılması və ixrac potensialının yüksəldilməsində zəngin texnoloji parametrlərə və imkanlara malikdir.

İlk dəfə 1927-ci ildə Azərbaycanın Kürdəmir rayonunda, şərabçı Z.Q.Dubinin və S.D.Dolqanova tərəfindən «Şirvanşahı» üzüm sortundan alınmış qırmızı desert şərab «San–Rafael» adı altında müalicəvi şərab kimi buraxılıb. Sonralar texnoloji proses zamanı əzintinin spirtlənməsi, şirədən müəyyən qədər götürülməsi və spirtlənmiş əzintinin saxlanaraq yetişdirilməsi kimi əsas əməliyyatlar istisna olmaqla istehsal texnologiyası təkmilləşdirilib və «Kürdəmir» şərabı və şarabçılıqdakı üsul isə «Kürdəmir üsulu» adlandırılıb.

İnstitut əməkdaşları tərəfindən respublikanın müxtəlif regionlarındakı köhnə üzüm bağlarında, fermer, ailə kəndli və ev təsərrüfatlarında sortların müəyyən edilərək, gələcəkdə əkin materialı tədarük edilməsi üçün tədqiqatlar davam etdiriləcəkdir.