Üzümçülükdə torpağın payız-qış  becərmələri – fermerlərə tövsiyə

Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun (ÜŞETİ) Təcrübə Təsərrüfatlarında (Abşeron YTT, Gəncə TS, Şamaxı TS) və Cəlilabad Dayaq Məntəqəsində torpaq becərmə işləri davam etdirilir.

Aqronomik qaydalara görə torpağın payız-qış becərmələri əsasən noyabr ayının, ən gec halda isə dekabr ayının sonuna qədər başa çatdırılmalıdır.

Təsərrüfat sahələrində torpaq becərmələri zamanı yeni aqreqatların sınağı da həyata keçirilib.

Üzümlüklərdə torpağın payız dövrü becərilməsində cərgəaralarını 20-25 sm dərinliyində şumlamaq ən mühüm tədbirlərdən biridir. Bu zaman torpağın nisbətən münbit olan üst qatı alta çevrildikdə tənəklərin sorucu köklərinin əsas kütləsinə yaxınlaşır və yazda vegetasiya başlayarkən köklərin qidalı maddələri bol-bol qəbul etməsinə imkan verir. Buna görə də tənəklər yaxşı inkişaf edirlər. Hazırda üzümlüklərin və tənəklərin cərgələrinin altında qalan zolaqların torpaqlarını becərmək üçün bütün relyeflərdə işləyə bilən traktorlardan geniş istifadə edilir.  Ümumiyyətlə, payız şumunun dərinliyi 22-25 sm, quraqlıq rayonlarda isə 25-28 sm, bitki aralarının dibinin bellənmə dərinliyi isə 20-22 sm olmalıdır.

Payız şumu dövründə üzümlükdə əsas gübrələmə işləri də aparılır. Gübrələrin torpağa verilmə miqdarını düzgün təyin etmək üçün torpağın kimyəvi və fiziki tərkibini, aqrokimyəvi xüsusiyyətlərini və torpaq analizlərinin nəticəsini rəhbər tutmaq lazımdır. Analizlərin nəticələrinə  əsasən xəritələri düzəldilməlidir. Belə xəritələrdə hər konkret sahəyə veriləcək gübrələrin növləri və miqdarı təyin edilməlidir.

Payızda  havalar quraq keçərsə yarpaqlar töküləndən sonra üzümlüklərin suvarılması məsləhət görülür. Dəmyə üzümlüklərdə tənəklərin cərgələrində mümkün qədər çox qar toplanması məqsədəuyğundur.

Dağ yamaclarında torpağın becərilməsinə erkən başlanmalıdır ki, orada tez başlayan yağış sularından səmərəli istifadə olunsun. Torpağın payız şumlanması onun münbitliyini artıran ən vacib işlərdən biridir.

Son dövrlərdə üzümülüklərdə torpaq becərmələrinə yanaşmanın dəyişməsi müşahidə edilir və  üzümçülükdə torpağın becərilməsinə yönəldilmiş tədbirlərin ixtisara salınması və komplekləşdirilməsi istiqamətində dünyada və ölkəmizdə tədqiqat işləri həyata keçirilir.  Bu həm istehsal olunan məhsulun ekoloji cəhətdən təmizliyi,   fitosanitar vəziyyəti, keyfiyyəti və texnikaya çəkilən xərclərin azaldılması ilə bağlıdır. Bundan başqa, respublikamıza dünya üzümçülüyündən inteqrasiya olunmuş innovativ texnologiyaların, üzümçülüyün becərilmə sistemində və şəraitindəki müxtəliflik, üzümçülüyün ixtisaslaşma istiqaməti, o cümlədən məhsulun texnoloji istifadə istiqamətindən asılı olaraq torpaq becərmələrinə yanaşmalar müxtəlifdir.

Üzümlükdə torpağın becərilməsi müddətləri ümumi aqrotexniki tədbirlərlə meteoroloji şəraitlə və torpağın nəmliyi ilə əlaqələndirilməlidir. Plantajların təzələnməsi, torpağın dərin yumşaldılması, gübrələrin verilməsi və s. kimi işləri birləşdirmək mümkündür. Cərgə aralarında becərmələrin sayını azaltmaq məqsədi ilə üzümlüyə sideratlar və yaxud herbisidlər verilə bilər.

Son dövrlərdə dəmyə şəraitində meyilli yamaclarda salınan üzümlüklərdə bitkiaraları becərilsə də, cərgəaraları becərilmir. Bu zaman əmələ gələn alaq otları bir neçə dəfə aqreqatlarla biçilərək cərgəaralarına səpilir. Bu isə özlüyündə torpağı xeyli münbitləşdirir. Bu becərmənin üstün cəhətlərindən biri də torpaq yuyulmalarının qarşısının alınmasıdır.

Məhsul uzun müddət tənək üzərində saxlanılan təsərrüfatlarda da torpaq becərmələrini dekabr ayının axırlarına qədər təxirə salmaq olar.