Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW2026) ikinci günündə işini panel sessiyalarla davam etdirir.
İqlim Texnologiyaları Mərkəzi və Şəbəkəsinin direktoru Ariesta Ninqrumun moderatorluğu ilə keçirilən tədbirdə “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova fermerlər üçün iqlim təhlükəsinin heç vaxt sadəcə meteoroloji hadisə olmadığını bildirib. Onun sözlərinə görə, quraqlıq məhsul itkisinə, isti hava dalğaları bitkilərin məhsuldarlığının azalmasına və heyvandarlıqda istilik stresinə səbəb ola bilər. Güclü yağıntılar və daşqınlar əkin sahələrinə və kənd infrastrukturuna zərər vurur, su qıtlığı isə bəzi hallarda məhsul istehsalının mümkün olub-olmayacağını müəyyən edən əsas amilə çevrilir.
Nazir müavini qeyd edib ki, kənd təsərrüfatında vaxt həlledici əhəmiyyət daşıyır və təhlükə barədə hətta 24 saat əvvəl verilən xəbərdarlıq potensial zərərin əhəmiyyətli dərəcədə azaldılmasına imkan verə bilər. Bununla belə, yalnız təhlükəni əvvəlcədən proqnozlaşdırmaq kifayət deyil. Proqnoz fermer üçün vaxtında, anlaşılan və konkret fəaliyyətə imkan verən qərara çevrilməlidir. Bu baxımdan rəqəmsal transformasiya və süni intellekt əsaslı həllər mühüm imkanlar yaradır.
Nazir müavini diqqətə çatdırıb ki, Kənd Təsərrüfatı Nazirliyinin süni intellekt proqramı bitki sağlamlığının monitorinqi, xəstəlik və zərərverici risklərinin qiymətləndirilməsi, məhsuldarlığın və suya tələbatın proqnozlaşdırılması, eləcə də suvarmanın idarə olunması kimi praktiki istiqamətləri əhatə edir. Bu həllərin əsas məqsədi məlumatların təhlili əsasında fermerlərin daha düzgün və vaxtında qərarlar qəbul etməsinə dəstək göstərməkdir.
İlhamə Qədimova vurğulayıb ki, yalnız texnologiya hesabına iqlimədavamlı kənd təsərrüfatı qurmaq mümkün deyil. Bunun Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü mühüm mesajlardan biri olduğunu qeyd edən nazir müavini bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfdaşları ilə birlikdə 2024-cü ildə COP29 çərçivəsində təqdim edilmiş Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün hazırlanmasına töhfə verib.
Onun sözlərinə görə, təşəbbüsün əsas yanaşması kənd təsərrüfatında iqlim fəaliyyəti üzrə mövcud səylərin əlaqələndirilməsi, əməkdaşlığın gücləndirilməsi, eləcə də iqlim maliyyəsi, bilik, texnologiya və potensialın gücləndirilməsi imkanlarının, xüsusilə kiçik fermerlər, kənd yerlərində yaşayan qadınlar və gənclər üçün əlçatanlığının artırılmasıdır.
Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, süni intellektin iqlim dəyişikliyinin qarşısının alınması sahəsinə tətbiq edilməsi zamanı hüquqi çərçivə texnoloji innovasiyaların sürətini məhdudlaşdırmamalıdır.
O, Prezident İlham Əliyevin 19 mart 2025-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın olduqca vacib sənəd olduğuna diqqət çəkib: “Çünki Azərbaycanda süni intellektin çoxsaylı təhlükələr üzrə erkən xəbərdarlıq sistemlərinə birbaşa həsr olunmuş xüsusi qanun layihəsi hələlik mövcud deyil. Lakin sözügedən sənəd milli strategiyalar və institusional bazanı mövcud edir. Həmçinin ölkəmizdə Rəqəmsal İnkişaf Şurası yaradılıb və bu qurum süni intellekt texnologiyalarının tətbiqi, o cümlədən dövlət idarəçiliyində və proqnozlaşdırma sistemlərində rəqəmsal həllərin genişləndirilməsini müvafiq yol xəritələri ilə tənzimləyir”.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov vurğulayıb ki, təhlükəsizliyin təmin olunması, risklərin əvvəlcədən müəyyənləşdirilməsi və insanların təhlükələr barədə vaxtında məlumatlandırılması müxtəlif sahələri birləşdirən ümumi yanaşmadır. Bu gün dünyada təhlükələrin xarakteri dəyişir və daha mürəkkəb forma alır. İqlim dəyişikliyi nəticəsində daşqınlar, sel, torpaq sürüşmələri, quraqlıq, meşə yanğınları və digər təbii fəlakətlərin intensivliyi artır. “Məlum olduğu kimi, Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilkin qiymətləndirmələrə əsasən, bir milyondan çox mina ilə çirkləndirilib. Bu, minimum hesablama ilə zərərli maddələrlə çirklənmiş 480 ton plastik kütlə deməkdir”, - deyə ANAMA-nın İdarə Heyətinin sədri vurğulayıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədrinin birinci müavini Xəyyam Məmmədov bildirib ki, daha uzun quraqlıqlar, daha şiddətli sel və daşqın hadisələri və intensiv yağıntılar iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən kənd təsərrüfatı, şəhər infrastrukturu və əhalinin rifahına ciddi təsir göstərir. Bu kontekstdə erkən xəbərdarlıq sistemlərinin istifadəsi yalnız texnoloji prioritet deyil, həm də iqlimə dayanıqlılıq və fəlakət risklərinin azaldılması tədbirlərinin mühüm tərkib hissəsidir.
Türkiyənin Meteorologiya Xidmətinin rəhbəri Volkan Mutlu Coşğun isə iqlim dəyişmələrinin yaratdığı risklər artdıqca, erkən xəbərdarlıq sistemlərinin əhəmiyyətinin də yüksəldiyinə diqqət çəkib. Onun sözlərinə görə, bu sahədə süni intellekt yeni imkanlar yaradır.
“Süni intellekt böyük həcmdə meteoroloji və iqlim məlumatlarını təhlil edərək sel, daşqın, quraqlıq, güclü külək və digər ekstremal hava hadisələrini daha əvvəl proqnozlaşdırmağa kömək edə bilər. Belə sistemlər təhlükə barədə vaxtında məlumat verməklə insanların həyatını qorumağa, infrastruktura dəyən zərəri azaltmağa və fövqəladə hallara daha çevik hazırlaşmağa imkan verir”.
Panel sessiya müzakirələrlə davam edib.
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW2026) çərçivəsində "Fəaliyyətdə Harmoniya: İqlimə Dayanıqlı Kənd Təsərrüfatı naminə Əməkdaşlıq" mövzusunda yüksəksəviyyəli dəyirmi masa keçirilib
08 Sentyabr 2026
Azərbaycan nümayəndə heyəti FAO-nun Balıqçılıq Komitəsinin 37-ci sessiyasında iştirak edir
08 Sentyabr 2026
Azərbaycan nümayəndə heyəti Budapeştdə torpaqların konsolidasiyası və torpaq bankçılığı üzrə beynəlxalq müzakirələrdə iştirak edir
08 Sentyabr 2026
Göygöl rayonunda III Moruq və Aqrar Biznes Festivalları keçirilib
08 Sentyabr 2026