Nömrə vətəndaşın öz adınadırsa “Şifrəmi unutdum” bölməsindən şifrəni bərpa etmək olar. Nömrə vətəndaşın öz adına deyilsə həmin rayonun Dövlət Aqrar İnkişaf Mərkəzinə (DAİM) (şəxsiyyət vəsiqəsi ilə) müraciət edilə bilər.
Nə vaxt əkinləri bəyan etmək olar?
Payızlıq əkin payızda (oktyabr – dekabr arası), yazlıq əkin yazda (mart-may arası) Elektro Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edilir.
Fermer kartından necə istifadə etmək olar?
Subsidiyanın nağdlaşdırılan qismi bank terminalları vasitəsilə nağdlaşdırılaraq istifadə edilə bilər. Hesabın nağdlaşdırılmayan qismi EKTİS-dəki şəxsi kabinet və ya təchizatçılara (gübrəçi, toxumçu, pestisidçi) paylanmış xüsusi post terminallar vasitəsilə istehsal vasitəsi almaq üçün istifadə edilə bilər.
Dövlət aktlarında ad, soyad səhvlikləri olub. Məsələn oğlu yerinə qızı yazılıb bəzilərində ər və arvadın ata adı eyni yazılıb. Bu səbəbdən fermerə subsidiya verilməyə bilərmi?
Dövlət aktlarında bir nəfər qeydiyyata düşür. Belə hallar olduqda fermerin müraciətinə əsasən buna fərdi şəkildə baxıla bilər.
Əmsallar nəyə əsasən müəyyən edilib? Mütəxəssis fikri alınıbdırmı?
Bəli, elmi tədqiqat institutları, aidiyyəti dövlət orqanlarının mütəxəssisləri prosesdə iştirak ediblər. Hər il elan edilən əmsallar bitkiçilik sahəsinin inkişafı üzrə prioritetlər nəzərə alınaraq müəyyən edilir.
Subsidiya
Əkin subsidiyası nə zaman verilir?
Əkin subsidiyası aparılan əkin bəyan edildikdən (payızlıq və ya yazlıq) və həmin bəyanlar üzrə monitorinqlər aparıldıqdan sonra təsdiqlənir və verilir.
Hansı növ subsidiyalar ləğv olunub?
Yanacaq və motor yağları,buğda və çəltik əkini, mineral gübrə, pestisid, biohumus və təkrar əkinlərə verilən subsidiyalar ləğv olunaraq Əkin subsidiyası formalaşdırılmışdır.
Hansı səbəbdən 3-cü və 4-cü reproduksiyalı toxumlara subsidiya verilmir?
R3 və R4 toxumlar daha çox ərzaqlıq olduqları üçün onlara subsidiya verilmir.
Əyrilən və karapaçax baramaya görə niyə subsidiya verilmir?
Əyrilən və karapaçax barama emal üçün yararsız olduğundan onlara subsidiya verilmir.
Fermer hər iki sahədə subsidiyadan (heyvandarlıq ve bitkiçilik) yararlanırsa bu zaman fərqli kartlar verilirmi? Əgər fermer subsidiyanın birindən cərimələnərsə bu zaman kart bloklanacaqmı?
Bir kart olacaq. Bir kartda iki hesab olacaq. Biri nağdsız üçün, digəri nağdlaşdırıla bilən. Fermerin kabineti bloklanmayacaq. Məbləğ cəriməsi tətbiq olunacaqsa, hesaba daha az pul keçiriləcək və ya ödənmiş subsidiyalardan tutulacaq. Yəni yaranmış cərimə sonradan kəsilirsə digər subsidiyalardan da tutula bilər. Fermerə hansı növ üzrə subsidiya verilməmə cəriməsi müəyyən edilərsə (hansı növ üzrə qara siyahıya düşübsə), hesabına o növ subsidiyanın pulu heç keçməyəcək. Bu da əkin və arı subsidiyası ilə bağlıdır.
Rayon üzrə bəzi istehsalçıların həyətyanı və həyətyanıya bitişik zəbt edilmiş torpaq sahələri vardır ki, həmin sahələr həmin istehsalçılara verilmiş çöl pay torpaq sahələrindən azaldılmışdır. Yeni qaydaya uyğun olaraq istehsalçıların əkin üçün istifadə etdikləri həmin torpaq sahələrinə subsidiya veriləcəkmi?
Həmin torpaq sahələri yaşayış məntəqələri torpaqlarına aiddir. Qaydaya görə həmin torpaqlarda aparılan əkinə subsidiya verilmir.
Subsidiya kənd təsərrüfatı təyinatlı - məqsədli təyinatı əkin yerləri və çoxillik əkmə altında olan torpaqlarda bitkilərin becərilməsinə görə verilir. İstixana bu torpaqlardadırsa verilir, digərlərinə verilmir.
Etibarnamə ilə müraciət etdikdə subsidiya necə verilir?
EKTİS-də yalnız Etibar edən qeydiyyata (mülkiyyətçi) alınmalıdır və subsidiya onun adına yazılacaqdır. Etibar edilən şəxs isə sənədini (etibarnaməsini) təqdim edərək subsidiyanı bankdan ala biləcək. Bu şəxsin sistemdə qeydiyyatına ehtiyac yoxdur.
Vətəndaşın sənədinin əsli bankda girovdur, subsidiyaya necə müraciət etməlidir?
Bankdan arayış almalı və bank sənəd üçün əsli ilə düzdür yazılmalıdır
Aqrar xidmətlər
Suvarma suyu ilə təminat la bağlı yaranan problemlər barədə hara müraciət edək?
Bu barədə aidiyyəti orqan olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə (Qaynar xətt 8770) müraciət edilməsi tövsiyə olunur.
Əlimizdə qalan meyvələri kimə sataq?
Bu məsələ ilə bağlı fermerlər istehsal etdikləri məhsullarının satış kanallarını araşdırmalı, bununla bağlı yarmarkalar, bazarlara, tədarükçülərə dair məlumatları öyrənməlidirlər. Nazirliyin tabeliyində olan Aqrar Tədarük və Təchizat ASC bu istiqamətdə fermerlərə mövcud imkanları ilə kömək etməyə çalışır.
İcbari torpaq analizi nədir?
İcbari torpaq analizi torpaq istifadəçilərinin istifadələrində olan 10 ha və daha böyük torpaq sahələrində münbitlik göstəricilərinə nəzarət etmək, torpaqlardan daha səmərəli və dayanıqlı istifadəsini təmin etmək məqsədilə icbari qaydada torpaqda ph, EC, azot, fosfor və kalium göstəricilərinin analiz etdirməsidir.
İcbari torpaq analizlərinin əhəmiyyəti nədir?
Torpaqların icbari analizi məhsuldar torpaqların münbitliyinin qorunub saxlanılmasını, eyni zamanda mineral və üzvi gübrələrdən düzgün və səmərəli istifadəni təmin edəcək. Bununla belə ətraf mühitin gübrələrlə çirklənməsinin qarşısı alına, əldə olunana laboratoriya məlumatlarından istifadə etməklə torpaqların münbitlik göstəricilərinin monitorinqinin həyata keçirilməsi mümkün olacaq. Bu da ərzaq təhlükəsizliyi üçün əsas məqamlardandır.
Niyə torpaqları icbari analiz etdirməliyəm:
Subsidiya şurasının qərarına əsasən torpaq münbitliyinin qorunması və verilən gübrələrin effektivliyinin təmin olunması üçün torpaqlar hər 5 ha dan bir nümunə olmaqla analiz olunmalıdır. Qərar 10 ha və daha böyük torpaq sahəsi olan fermerlərə aiddir.
Dolayısı ilə;
Torpağın qida elementlərinə olan ehtiyacını müəyyənləşdirmək üçün;
Səhv gübrə növü istifadəsindən yayınmaq üçün;
Bitkinin ehtiyacından az və ya çox gübrə istifadəsindən yayınmaq üçün;
Düzgün olmayan vaxtda gübrə istifadə edilməməsi üçün;
İcbari torpaq analizlərinə hansı göstəricilər daxildir?
İcbari analiz paketinə pH, elektrik keçiricilik, ümumi azot, mənimsənilən fosfor və mübadiləvi kalium daxildir.
Aqrokimyəvi analizlər üçün nümunələr necə götürülməlidir?
Nümunə sahənin girişindən 20-30 metr irəli və sahənin qutaracağına 20-30 metr qalmış götürülməlidir. Ərazi əsasən relyefi, torpağın rəngini və s. nəzərə almaqla bir neçə hissəyə bölünməli və minimum 10 fərdi nümunədən ibarət 1 ümumi (kompozit) nümunə alınmalıdır.
Nümunələr sahəni tam xarakterizə etməlidir.
Sahələrdə torpaq nümunələri götürülərkən torpağın səthi bitki hissələrindən təmizlənməldir.
V şəklində 20-30 sm dərinliyində çuxur qazılır. Sonra çuxurun bir səthi təmizlənir və üz hissəsindən 3-4 sm qalınlığında torpaq dilimi götürülür.
Bütün nümunələrin eyni dərinlikdən götürülməsinə diqqət edilməlidir.
Nümunələr götürülərkən diqqət verilməli məqamlar hansıdır?
Torpaqların analiz edilməsi prosesində ən mühüm addımlardan biri nümunələrin düzgün götürülməsidir. Bu proses xüsusi diqqət tələb edir. Nümunə götürüləcək yerin düzgün seçilməsi, nümunələrin götürülmə forması, qablaşdırılması, eyni zamanda nümunə haqqında məlumat aydın və tam yazılmalıdır. Nümunənin koordinatları qeyd edilməlidir.
Aşağıdakı yerlərdən nümunə götürmək olmaz:
Çəpər xətlərindən, yol kənarından, xırman yerindən və heyvan yatağından;
Gübrə yığınları və öncədən gübrə verilmiş yerlərdən;
Qarışqa, köstəbək, siçan və s. kimi canlıların yuvalarından və ətrafından;
Tarlanın su toplanan çökək hissələrindən;
Şaxtalı, yağışlı və palçıqlı günlərdə;
Tarlada olan ağacın altından (meyvə bağları istisnadır).
Aqrokimyəvi analiz üçün hara müraciət etmək lazımdır?
KTN-nin ən müasir səviyyədə qurulmuş 11 Regional Aqrokimya laboratoriyaları fermerlərin xidmətindədir (Abşeron, Şamaxı, Göygöl, Sabirabad, Quba, Tovuz, Şəki, Lənkaran, Səlyan, Ucar və Bərdə). Fermerlər nümunələrini laboratoriyalara birbaşa gətirə və ya hər rayonda olan Dövlət Aqrar İnkişaf Mərkəzinə (DAİM) yaxınlaşmaqla nümunələrini Aqrokimya laboratoriyalarının nümayəndələrinə verə bilərlər.
İcbari analizdə göstərilmiş nümunələr də daxil olmaqla digər göstəricilər də analiz edildikdə qəbul olunurmu?
Ümumiyyətlə torpaq analizi zamanı daha çox göstəricilərin analiz olunması tövsiyə olunur. Çünki əldə olunan geniş məlumatlar tövsiyə zamanı daha dəqiq gübrə norması müəyyən etməyə imkan verir. Ona görə də, istənilən torpaq aqrokimyəvi analiz paketi qəbul olunur. İcbari qaydada analiz edilən paket minimal tələbdir.
GPS koordinatları neçə götürülməlidir?
Nümunələrin GPS koordinatlarının götürülməsi mütləqdir. Ona görə də, nümunlər götürülərkən GPS qurğusu və ya smartfon telefonda olan hər hansı xəritə tətbiqləri vasitəsilə nümunənin koordinatları qeyd edilməlidir. Koordinatlar səhv yazıldığı halda nümunələr qəbul edilmir.
İcbari analiz üçün nümunələr neçə hektarı əhatə etməlidir?
İcbari analiz 5 ha və daha çox ərazisi olan torpaq istifadəçilərinə şamil olunur. Nümunələr hər 5 ha-dan bir götürülməlidir. Məsələn 10 ha ərazisi olan minimum 2 nümunə (10/5=2), 100 ha ərazisi olan (100/5=20) 20 nümunə analiz etdirməlidir.
Heyvandarlıq
Südlük inəklərin yem rasionunun strukturuna hansı yemlər daxildir?
Həvəsdə olan inək və düyələrin optimal mayalandırma vaxtı hansıdır?
Həvəsdə olan inək və düyələrin optimal mayalandırma vaxtı ilk həvəsdəolma
əlamətlərindən 8-12 saat sonra.
Yeni doğulmuş buzovlar hansı müddətdən sonra süddən əlavə olaraq digər yemlərə öyrədilir?
Yeni doğulmuş buzovlar 3 aylıq yaşından sonra mütəmadi olaraq süddən əlavə yemlərə öyrədilir.
Mal-qaraya yedirilən yemlərin həzminə heyvan tərəfindən az enerji sərf edilməsi üçün nə etmək lazımdır?
Mal-qaraya yedirilən yemlərin həzminə heyvan tərəfindən az enerji sərf edilməsi üçün həmin yemləri heyvana yedirməzdən qabaq mümkün qədər asan yeyiləcək və tez həzm ediləcək şəklə salmalı, yəni qaba yemlər doğranmalı, qüvvəli yemlər isə azacıq isladılmalıdır.
Bir baş törədici qoç üçün təbii yolla mayalama norması nə qədərdir?
Bir baş törədici qoç üçün təbii yolla mayalama norması 20-25 başdır.
Azərbaycanda dağətəyi rayonlarda hansı cinsə mənsub iribuynuzlu heyvanların saxlanılması səmərəlidir?
Azərbaycanda dağətəyi rayonlarda Simmental cinsinə mənsub iribuynuzlu
heyvanlar yerli şəraitə daha tez uyğunlaşdığına görə həmin heyvanların saxlanılması daha səmərəlidir.
Bir kq pendirin alınmasına neçə litr süd lazımdır?
Bir kq pendirin alınmasına 5-6 litr süd lazımdır.
Bazardan südlük inək alarkən hansı əlamətlərə fikir verilməlidir?
Bazardan südlük inək alarkən inəyin cins mənsubiyyətinə ( südlük cinsə mənsub olmalıdır.) bədənin eksteryer quruluşuna (xarici görünüşü), əsasən yelinin quruluşu və inkişaf dərəcəsinə baxılmalıdır
Hansı cinsə mənsub toyuqlar yumurtalıq cins sayılır?
Leqqorn cinsinə aid toyuqlar yumurtalıq cinsə aid edilirlər.
Yeni doğulmuş buzova ağız südü nə vaxt verilməlidir?
Yeni doğulmuş buzova ağız südü doğuşdan sonra ilk 15 dəqiqə ərzində və növbəti 24 saat ərzində fasilələrlə içirdilməlidir. Hər dəfə içirdilən südün miqdarı buzovların çəkisinin 5%-dən artıq olmamalıdır.
Ətlik heyvanı güzəştlə əldə etmək mümkündürmü?
Yalnız damazlıq heyvanlar 60% güzəştlə satılır. Məqsəd cins tərkibinin təkmilləşdirilməsidir.
Texnika və avadanlıqlar
Hansı texnika və avadanlıqlara dövlət tərəfindən güzəşt tətbiq edilir?
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının 2019-cu il “26” aprel tarixli “Q-08-19” nömrəli qərarı ilə təsdiq edilmiş” Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı” nda qeyd olunan bütün texnika və texnoloji avadanlıqlara.
Kənd təsərrüfatı texnikasını və ya texnoloji avadanlığı nağd necə ala bilərəm?
Ehtiyacınız olan kənd təsərrüfatı texnikasını, texnoloji avadanlığı, suvarma sistemləri dəsti və avadanlığını istənilən təchizatçı şirkətdən seçirsiniz.
Müvəkkil bankların birində hesab açırsınız və texnikanın qiymətinin güzəşt edilməyən hissəsi qədər vəsait yerləşdirirsiniz.
Texnikanın qiymətləndirilməsi haqda akt əldə etdikdən sonra texnikanın kasko sığortasını etdirirsiniz və texnikanın qiymətinin minimum 20%-ni ilkin ödəniş edirsiniz.
Güzəşt məbləğinin ödənilməsi ilə bağlı Aqrar Kredit və İnkişaf Agentliyinə ərizə ilə müraciət edirsiniz.
Kənd təsərrüfatı texnikasını və ya texnoloji avadanlığı kreditlə necə ala bilərəm?
Ehtiyacınız olan kənd təsərrüfatı texnikasını, texnoloji avadanlığı, suvarma sistemləri dəsti və avadanlığını istənilən təchizatçı şirkətdən seçirsiniz.Texnikanın göstəriciləri barədə təchizatçının verdiyi arayışla müvəkkil kredit təşkilatına müraciət edirsiniz.
Texnikanın qiymətləndirilməsi haqda akt əldə etdikdən sonra texnikanın kasko sığortasını etdirirsiniz və texnikanın qiymətinin minimum 20%-ni ilkin ödəniş edirsiniz. Güzəşt məbləğinin ödənilməsi ilə bağlı Aqrar Kredit və İnkişaf Agentliyinə ərizə ilə müraciət edirsiniz.
Mikrokreditlər
AKİA xətti ilə ayrılan Mikrokredit nədir?
AKİA vəsaiti hesabına kredit təşkilatları tərəfindən 15 min manatadək məbləğdə, maksimum 3 ilədək müddətdə qaytarılmaq şərtilə verilən kənd-təsərrüfatı təyinatlı kreditdir.
Mikrokreditlərin əldə olunması üçün hara müraciət etməliyəm?
Mikrokreditlərin əldə olunması üçün birbaşa və ya akia.gov.az portalından aşağıda adları qeyd olunmuş müvəkkil kredit təşkilatlarına müraciət edə bilərsiniz.
“Accessbank” QSC
“Yelo Bank” ASC
“Bank Respublika” ASC
“Rabitə Bank” ASC
“Bank of Baku” ASC
“Unibank”ASC
“Turan Bank” ASC
“AqrarKredit” QSC BOKT
“Finoko” BOKT
“Finca Azerbaijan” MM QBKT
Güzəştli kreditlərin əldə olunması üçün hansı sənədləri təqdim etməliyəm?
Borcalanın şəxsiyyət vəsiqəsi
Kreditin təyinatı barədə məlumatlar
Bank tərəfindən ödəniş qabiliyyətinin qiymətləndirilməsi üçün tələb edilən digər sənədlər
Mikrokreditlərdə faiz nə qədərdir?
Mikrokreditlərin illik faiz dərəcəsi 12 %-dəkdir.
Mikrokreditlərin güzəşt müddəti neçə aydır və güzəşt nəyi əhatə edir?
Güzəşt müddəti 12 ay təşkil edir və bu müddət ərzində fermer yalnız faiz məbləğini ödəyəcək.
Mikrokreditlər hansı müddətə verilir?
Kreditin maksimal müddəti 3 ildir. Borcalanın təlabatına və fəaliyyətinin xarakterinə görə daha qısa müddətə verilə bilər.
Girov olaraq vəya təminat olaraq məndən nə istəniləcək ?
Bu kreditin məbləğindən, eləcə də borcalanın ödəniş qabiliyyətinin və təsərrüfatının qiymətləndirilməsindən asılıdır.
Kiçik məbləğli kreditlərə əksər hallarda girov tələb olunmur. Lakin kredit təşkilatı borcalanın layihəsini və ödəmə qabiliyyətini
yüksək riskli qiymətləndirərsə, kredit əldə etmək üçün hər hansı zamin, əmlak, o cümlədən torpaq və ya daşınar əmlakın təminat kimi təqdim olunması kredit almaq imkanlarınızı çoxalda bilər.
AKİA vəsaiti hesabına 1 dəfə güzəştli kredit götürmüşəmsə, yenidən bu güzəştdən yararlana bilərəmmi?
AKİA vəsaiti hesabına güzəştli kənd təsərrüfatı təyinatlı kredit əldə etmisinizsə, həmin kredit tam ödənilməmiş Agentliyin hesabına yeni kredit verilmir.
Bank kredit vermirsə, nə etməliyəm?
Bank sizə kredit vermək istəmədiyi təqdirdə, onlardan imtina səbəbini göstərən rəsmi sənəd tələb edin. Eyni zamanda, layihənizi, gəlir və xərclərinizi bir daha nəzərdən keçirib daha aşağı məbləğli kredit üçün müraciət edə bilərsiniz.
Hazırda başqa bankda kreditim varsa, əlavə olaraq AKİA vəsaiti hesabına mikrokredit götürə bilərəmmi?
Aktiv kredit borcunuz varsa, ödəniş qabiliyyətiniz əlavə kredit almaq üçün məqbul qiymətləndirdiyi təqdirdə, Agentliyin vesaiti hesabına kənd təsərrüfatı təyinatlı mikrokredit ala bilərsiniz.
Hansı sahələrin maliyyələşdirilməsində mikrokreditlərdən istifadə edə bilərəm?
Mikrokreditin əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərə, ailə-kəndli fermer təsərrüfatlarının fəaliyyətinə dəstək verməkdir. Borcalan kredit vəsaitini aşağıdakı fəaliyyət istiqamətlərinə yönəltməlidir:
Əkinçilik
Bağçılıq
Heyvandarlıq
Quşçuluq
Digər ailə-kəndli fermer təsərrüfatları
Mikrokredit üzrə seçilmiş müvəkkil kredit təşkilatlarının siyahısı