• Ana səhifə
  • Xəbərlər
  • Yaylaqlara köç edəcək fermerlər üçün təhlükəsizlik qaydalarına dair təlimlər davam edir
Yaylaqlara köç edəcək fermerlər üçün təhlükəsizlik qaydalarına dair təlimlər davam edir

İşğaldan azad edilmiş ərazilərə mövsümi köç edəcək fermerlər üçün təhlükəsizlik qaydalarına dair maarifləndirmə təlimləri davam edir.

Təlimlər Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) təşkil olunur. Bu məqsədlə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) təlimçilərinin təlim keçdiyi DAİM əməkdaşları tərəfindən fermerlərə təhlükəsizlik qaydaları və riskli ərazilərdə davranış prinsipləri barədə ətraflı məlumat verilir.

Fermerlər öz rayonlarını tərk etmədən bu təlimlərdə iştirak edə bilirlər. Bu da həm vaxt itkisinin qarşısını alır, həm də təlimlərin daha geniş əhatə dairəsində həyata keçirilməsinə imkan yaradır.

Qeyd edək ki, indiyədək keçirilən təlimlərdə ümumilikdə 1240 nəfər fermer iştirak edib və proses hazırda davam edir.

Xatırladaq ki, ötən 5 mövsüm ərzində bu təlimlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı və ANAMA-nın iştirakı ilə müxtəlif şəhər və rayonlarda mərkəzləşdirilmiş qaydada keçirilmişdir. Cari ildən etibarən isə təlimlərin təşkili mexanizmi təkmilləşdirilərək yerli səviyyədə tətbiq olunur.