Orders

  • Home
  • Code of Conduct
  • Ktn-Də Qulluq Keçən Dövlət Qulluqçularının Etik Davranış Qaydaları

Ktn-Də Qulluq Keçən Dövlət Qulluqçularının Etik Davranış Qaydaları

  • A
  • A
  • A

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində qulluq keçən dövlət qulluqçularının etik davranış Qaydaları

 Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 16 avqust 2007-ci il tarixli 614 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Aparatının dövlət qulluqçularının etik davranış qaydaları və onunla bağlı təminatların təsdiq edilməsi barədə 15 yanvar 2008-ci il tarixli 09 nömrəli əmr imzalanmışdır.

 KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

APARATININ DÖVLƏT QULLUQÇULARININ ETİK DAVRANIŞ

QAYDALARI VƏ ONUNLA BAĞLI TƏMİNATLAR

 

 Bu qaydalar “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2.8. maddəsinə əsasən hazırlanmışdır.

1. Ümumi müddəalar

 1.1. Bu qaydalar Kənd Təsərrüfatı Nazirliyi Aparatının dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil edilir.

 1.2. Nazirliyin hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutur.

2. Etik davranış qaydaları

2.1. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə Nazirliyin dövlət qulluqçuları öz vəzifə borcunu səmərəli yerinə yetirməyə borcludur.

 2.2. Dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.

3. Xidməti davranışın hüquqi tənzimlənməsi

3.1. Nazirlikdə dövlət qulluqçusunun xidməti davranışı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu və bu hüquqi aktla tənzimlənir. Dövlət qulluqçusunun xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş  və işəgötürənlə bağlanmış müqavilə şərtlərinə uyğun qaydada peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur.

Nazirliyin hər bir dövlət qulluqçusu etik davranışı və öz peşəkar fəaliyyəti ilə hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir.

4. Loyallıq

 4.1. Nazirliyin dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi mühazirələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Eyni zamanda dövlət qulluqçusu bilməlidir ki, bu qayda dövlət qulluqçusunun elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur.

 4.2. Dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə Nazirliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.

5. İctimai etimad

 5.1. Dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının -  Nazirliyin və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur.

 5.2. Dövlət qulluqçusu etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur.

 5.3. Dövlət qulluqçusu dövlət orqanlarının və onların vəzifəli şəxslərinin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandıran kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş hallarda və qaydada doğru məlumatlar almasına köməklik göstərməlidir.

6. İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar

 nüfuzuna hörmət

 6.1. Nazirliyin hər bir dövlət qulluqçusunun fəaliyyəti insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına xidmət etməlidir.

 6.2. Dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

  6.3. Dövlət qulluqçusu hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalıdır.

7. Mədəni davranış

7.1. Nazirliyn hər bir dövlət qulluqçusu statusuna malik olan işçisi bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır.

8. Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi

 8.1. Nazirliyin dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur.

8.2. Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.

9. Qərəzsizlik

9.1. Nazirliyin dövlət qulluqçusu xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur.

 9.2. Dövlət qulluqçusu özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalıdır.

10. Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi

 10.1. Dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır.

 10.2. Şəxslərə əvəzsiz xidmət (xidmətlər) göstərən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə) görə hər hansı haqq tələb edə bilməz.

10.3. Qanunvericiliklə müəyyən olunmuş ödəniş müqabilində vətəndaşlara xidmət (xidmətlər) göstərən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə) görə nəzərdə tutulan məbləğdən artıq haqq tələb edə bilməz.

11. Korrupsiyanın qarşısının alınması

 11.1. Dövlət qulluqçusu ona təklif olunan qanunsuz maddi və qeyri-maddi nemətlərdən, imtiyazlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar dövlət qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusunun işlədiyi dövlət orqanına akt üzrə təhvil verilməlidir.

 11.2. Tərəflərdən biri dövlət qulluqçusunun işlədiyi dövlət orqanı olan əqdlərdə həmin dövlət qulluqçusu digər tərəf ola bilməz.

12. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər

 12.1. Nazirliyin dövlət qulluqçusu xidməti vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda dəyəri «Korrupsiyaya qarşı mübarizə haqqında» qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

 12.2. Hədiyyənin qəbul edilməsi ilə bağlı qərara gələ bilmədiyi hallarda, bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir.

13. Maraqlar toqquşmasının qarşısının alınması

 13.1. Dövlət qulluqçusu qulluq etdiyi dövrdə qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

13.2. Dövlət qulluqçusu etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınması ilə normativ hüquqi və normativ xarakterli aktlarla tanış olmalıdır.

14. Əmlakdan istifadə

 14.1. Nazirliyin dövlət qulluqçularına istifadələrində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə həmin dövlət qulluqçusu tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır.

15. Məlumatlardan istifadə

15.1. Dövlət qulluqçusu Nazirlikdə müəyyən olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir.

15.2. Dövlət qulluqçusu Nazirlikdə xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.

16. İctimai və ya siyasi fəaliyyət

 16.1. Dövlət qulluqçusu ictimai və ya siyasi birliyə üzv ola bilər.

  16.2. Dövlət qulluqçusu qulluq mövqeyindən istifadə edərək, digər dövlət qulluqçularını ictimai və ya siyasi birliklərin və dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir.

 16.3. Dövlət qulluqçusuna dövlət orqanlarında ictimai və siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla), dini təşkilatların struktur bölmələrini yaratmaq qadağandır.

17. Təminatlar sistemi

 17.1. Nazirliyin dövlət qulluqçusu tərəfindən etik davranış qaydalarına əməl olunması üçün:

 17.1.1. dövlət qulluqçusunun davranışının etik davranış qaydalarına uyğunluğu onun özü, şöbə müdiri və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir.

18. Etik davranış qaydalarına əməl olunmasına nəzarət

 18.1. Etik davranış qaydalarına əməl olunmasına xidməti qaydada nazir nəzarət edir.

18.2. Dövlət orqanının rəhbəri;

18.2.1. tabeliyində olan dövlət qulluqçularının xidməti davranışlarının davranış qaydalarına uyğunluğuna nəzarət edir, onun təhlilini aparır və bu qaydaların tətbiqi ilə bağlı məsələlərin əlaqələndirilməsi məqsədi ilə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ona verilmiş səlahiyyətləri həyata keçirir.

19. Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət

 19.1. Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

  19.2. Aşağıdakı hallarda intizam icraatına başlanıla bilər:

 19.2.1.“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun  və bu Qaydaların müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi;

 19.2.2. kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən bu Qanununun müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi.