• Ana səhifə
  • Xəbərlər
  • Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert təlimləri üçün qeydiyyat davam edir
Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert təlimləri üçün qeydiyyat davam edir

Müstəqil aqrar sığorta eksperti təlimlərində iştirak etmək istəyən şəxslər 14 may tarixindən 25 iyun tarixinədək qeydiyyatdan keçə bilərlər.

Təlimlər Aqrar Sığorta Fondunun (ASF) binasında, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 175 ünvanında 6-11 iyul tarixlərində keçiriləcək.

Qeyd edək ki, təlimlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”na əsasən keçirilir.

Təlimlər aşağıdakı növ sertifikatların verilməsi üçün müstəqil ekspert olmaq istəyən şəxslərin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlara buraxılması üçün təşkil olunur:

- Kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının (çoxillik əkmələr də daxil olmaqla) sığortası üzrə müstəqil ekspert sertifikatı;

- Kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı;

- Akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert sertifikatı.

Təlimdə iştirak etmək istəyən namizədlər aşağıdakı sənədləri ASF-yə təqdim etməlidirlər:

1) şəxsiyyətini təsdiq edən sənədin surəti;

2) müvafiq qanunvericiliyə uyğun ixtisaslardan hər hansı birinə malik olmasını təsdiq edən sənədin (diplom və ya onu əvəz edən sənəd) surəti;

3) peşə təhsilli namizədlər üçün ixtisası təsdiq edən sənədlə yanaşı, müvafiq sahə üzrə 5 (beş) ildən az olmayan iş təcrübəsinin olmasını təsdiq edən sənədin surəti;

4) xarici ölkədə ali təhsil aldıqda Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını təsdiq edən sənədin surəti;

5) ödəniş edilməsini təsdiq edən sənəd.

Təlimlərin təşkili və keçirilməsi ilə bağlı əlavə məlumat almaq üçün 1651 Çağrı mərkəzi (və ya +994 55 500 84 23 nömrəsi) ilə əlaqə saxlamaq, məlumatları career@asf.gov.az elektron poçt ünvanına, yaxud +994 55 500 84 23 WhatsApp nömrəsinə  göndərmək lazımdır.

Təlimlər ödənişlidir və təlimdə iştirak haqqı 20,00 AZN (ƏDV daxil olmaqla) təşkil edir.