• Ana səhifə
  • Xəbərlər
  • Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edib
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov mayın 14-də Ağdam rayonunda vətəndaş qəbulu keçirib.

Qəbulda Ağdam, Ağcabədi və Beyləqan rayonlarından olan vətəndaşlar iştirak edib.

Qəbulda vətəndaşların müraciətləri əsasən müxtəlif əkinlər, o cümlədən pambıq sahəsi üçün aqrar sığorta haqlarının hesablanması və ödənişi, baş verən hadisələrə görə sığorta ödənişlərinin həyata keçirilməsi, əkin subsidiyalarının ödənilməsi, əkin sahələrinin sığortalanması və işlə təminat məsələləri ilə bağlı olub.

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərlə bağlı ətraflı izah və məlumat verib, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılaraq həll edilməsi üçün nəzarətə götürülüb. Qəbul zamanı dövlətin aqrar sığorta mexanizmi və onun fermerlər üçün üstünlükləri haqqında ətraflı məlumat verilib.

Qeyd olunub ki, sığorta haqqının yarısının dövlət tərəfindən ödənilməsi sayəsində fermerlər olduqca sərfəli şərtlərlə aqrar sığortadan faydalanıb əkin sahələrini və heyvanlarını çoxsaylı hadisələrdən qoruya bilərlər.

Fond rəhbəri son günlər ölkədə hava şəraitinin kəskin dəyişdiyini, bölgələrdə intensiv yağışlar, dolu nəticəsində əkin sahələrinə zərər dəydiyini xatırladaraq fermerləri təsərrüfatlarını vaxtında sığortalamağa çağırıb.

Vətəndaş qəbulundan sonra Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdam rayonundakı bağçılıq təsərrüfatına gedərək buradakı şəraitlə tanış olub, fermerlərlə söhbət edib, onların fikirlərini dinləyib.