Balakən rayonunda IV Xurma Festivalı keçirilib

Oktyabrın 29-da Balakən rayonunun kənd təsərrüfatı üçün ənənəvi sahələrindən olan xurmaçılığın geniş təbliği məqsədilə “IV Xurma Festivalı” keçirilib.

Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət Nazirliyi, Aqrar İnnovasiya Mərkəzi və “Balxurma” MMC-nin dəstəyi ilə keçirilən festivalda nazirlik və dövlət qurumlarının nümayəndələri, xurma istehsalçıları və ixracatçıları, həmçinin rayon sakinləri iştirak ediblər.

Festival iştirakçıları və qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, dahi rəhbərin mədəniyyət və istirahət parkında, dağüstü yüksəklikdə ucaldılan abidəsi önünə gül dəstələri düzüblər.

Sonra Katex kəndinin ərazisində yerləşən “Balxurma” MMC müəssisəsinə ekskursiya keçirilib, kəndin ərazisində xurma ağacları əkilib.

Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən festivalın rəsmi açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının idarə heyətinin sədri Qadir Yusifov çıxış edərək festival iştirakçılarını əlamətdar bayram münasibətilə təbrik ediblər. Bildirilib ki, xurma festivalının keçirilməsi Balakən rayonu üçün xüsusi önəm daşıyan layihədir.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxışı zamanı bu festivalın Balakəndə kənd təsərrüfatının, o cümlədən meyvəçiliyin inkişafını stimullaşdıracağını, həmçinin yerli məhsulların xarici bazarlarda satışının təşviqi baxımından da böyük əhəmiyyət daşıdığını vurğulayıb. Xurma festivalının keçirilməsi eyni zamanda milli adət-ənənələrinin, qonaqpərvərliyinin, rayonun turizm imkanlarının tanıdılmasında, xurmanın, ondan hazırlanan məhsulların təbliğində önəmli rol oynayır. Diqqətə çatdırılıb ki, Azərbaycanda ildə 187 min tondan çox xurma istehsal olunur.

Son illər rayonda özəl sərmayələr hesabına meyvələrin, o cümlədən xurmanın qurudulmuş formada istehsalı ilə məşğul olan "Balxurma" və “Balacans” konserv zavodlarının nəzdində “Balakan Foods” müəssisələri yaradılıb. İllik istehsal gücü 4 min ton olan "Balxurma" müəssisəsində istehsal üçün meyvələr rayonun və digər rayonların sakinlərinin şəxsi xurma sahələrindən yığılır. Tam gigiyenik və ekoloji cəhətdən təmiz xurma məhsulları daxili və xarici bazarlara ixrac edilir.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə öz növbəsində aqrar sahədə keçirilən festival və sərgilərin əhəmiyyətinə toxunub. Xurmanın ixrac bazarında xüsusi yer tutduğunu diqqətə çatdıran Anar Cəfərov, Balakən rayonunda keçirilən bu festivalın rayonun aqrar və turizm sahələrinin inkişafına mühüm töhfə verəcəyini qeyd edib. Kənd Təsərrüfatı Nazirliyi olaraq bölgələrdə sahəvi məhsul festivallarının təşkilində və keçirilməsində yaxından iştirak edildiyini vurğulayaraq, cari ildə Nazirliyin dəstəyi ilə Samux rayonunda “Ərik Festivalı”, Göygöl rayonunda “Moruq Festivalı” və Balakən rayonunda “Xurma Festivalı”nın keçirildiyini bildirib.

Anar Cəfərov Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərin istehsal etdikləri məhsullarının birbaşa satışının təşkil olunması, fermerlərlə tədarükçülərin əməkdaşlığına dəstək olmaq və bu fəaliyyətlərin genişləndirilməsi üçün mütəmadi olaraq bölgələrdə festival və sahəvi məhsul sərgilərinin keçirilməsinin dəstəkləndiyini qeyd edib.

Sonra festival iştirakçıları bayramsayağı bəzədilmiş parkda xurmadan hazırlanmış kulinariya məhsullarına və kompozisiyalara, kənd təsərrüfatı məhsullarının sərgiləndiyi stendlərə baş çəkiblər.

Xurma, alma, armud, qoz, fındıq və digər meyvələr, eləcə də arıçılıq, ət, süd, tərəvəz məhsulları və sərgilənən müxtəlif çeşiddə məhsullar festival iştirakçılarının böyük marağına səbəb olub.

Festival zamanı qonaqlar Balakən mətbəxinin nümunələrindən dadıblar, folklor kollektivlərinin çıxışı tədbirin ab-havasına xüsusi rəng qatıb.

IV Xurma Festivalı mədəniyyət və istirahət parkının ərazisindəki meydanda konsert proqramı ilə başa çatıb.

Qeyd edək ki, Balakən rayonu xurma istehsalına görə respublikada öncül yerlərdən birini tutur. Hazırda rayonda 773 hektar xurma bağı var və bağlardan 15 min ton məhsul yığılıb. İstehsal olunan xurmanın 90 faizi xaricə ixrac olunur.