Direct State Support

Buğda toxumçuluğu NK Qərarı (19.06.08, № 139)

  • A
  • A
  • A

 

 

 

 

Azərbaycan Respublikasında buğda toxumçuluğunun inkişaf etdirilməsi tədbirləri haqqında


AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm yer tutan buğda istehsalının dinamik inkişafına nail olmaq məqsədi ilə son illər onun toxumçuluğu sahəsinə dövlət dəstəyi daha da genişləndirilmiş və buğda istehsalının artmasına əsaslı zəmin yaradılmışdır.

Bununla yanaşı, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Elm Mərkəzinin təsərrüfatlarının və dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin maddi-texniki bazasının zəif olması və əsas vəsaitlərinin sıradan çıxması ilə əlaqədar olaraq ölkənin buğda toxumuna olan tələbatı tam ödənilmir.

Mütəxəssislərin apardığı hesablamalara əsasən 2011-ci ildə respublikanın buğdaya olan tələbatını ödəmək məqsədi ilə 2009-cu ildə 620,0 min hektar və 2010-cu ildə 650,0 min hektar sahədə yüksək reproduksiyalı toxumlarla əkin aparılmalıdır.

Respublikada toxumçuluqla məşğul olan dövlət qurumlarının fəaliyyətini tənzimləmək, onların maddi-texniki bazasını möhkəmləndirmək, istehsalçıların toxuma olan tələbatını ödəmək və ölkədə buğda istehsalının dinamik inkişafını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə tapşırılsın ki:

1.1. Nazirliyin Aqrar Elm Mərkəzinin təsərrüfatlarının və dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin torpaqlarını Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə birlikdə inventarlaşdıraraq, onlardan istifadə olunması vəziyyəti barədə təkliflərini 2 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

1.2. Nazirliyin Aqrar Elm Mərkəzinin təsərrüfatlarında və dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində kollektor-drenaj şəbəkələrinin və suvarma sistemlərinin vəziyyətini Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə araşdırıb, onların bərpası barədə 2 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflərini versin;

1.3. “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin dördüncü hissəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası”nın 2.11-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hər il 15 iyun tarixinədək növbəti il üçün orijinal, superelit, elit, 1-ci və 2-ci reproduksiyalı toxumlar və tinglərin istehsalı kvotalarının təsdiq edilməsi barədə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təklif versin;

1.4. hər növbəti il üçün buğda toxumunu istehsal edən Aqrar Elm Mərkəzinin təsərrüfatları və dövlət kənd təsərrüfatı istehsalı müəssisələri üçün kənd təsərrüfatı maşın və mexanizmləri, gübrə, pestisidlər və avadanlıqların tələbatını müəyyən etsin.

2. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə tapşırılsın ki, ilk növbədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzinin tabeliyində olan təsərrüfatların, dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin və özəl buğda toxumçuluq təsərrüfatlarının yerləşdiyi ərazilərdə tələbata əsasən aqroservis xidmətlərinin genişləndirilməsini təmin etsin.

3. Müəyyən edilsin ki:

3.1. servis xidmətlərinin qiymətləri “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırmaqla təsdiq edilir;

3.2. Aqrar Elm Mərkəzinin tabeliyində olan təsərrüfatlar, dövlət kənd təsərrüfatı istehsalı müəssisələri və özəl toxumçuluq təsərrüfatları servis xidmətlərinin dəyərini məhsul yığımı başa çatdıqdan sonra ödəyirlər;

3.3. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzinin təsərrüfatlarında istehsal edilmiş orijinal, superelit və elit toxumların istehsalına çəkilən xərclər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi arasında əldə edilmiş razılaşmaya əsasən, mərhələlər üzrə ayrı-ayrı aqrotexniki tədbirlər başa çatdıqda ödənilir.

3.4. Aqrar Elm Mərkəzinin təsərrüfatlarında büdcə vəsaiti hesabına istehsal edilmiş elit toxumlar onun istehsalına çəkilən xərclərin 50 faizi ödənilməklə, toxumçuluq təsərrüfatlarına verilir və əldə edilmiş vəsait təsərrüfatın maddi-texniki bazasının gücləndirilməsinə yönəldilir.

3.5. dövlət və özəl toxumçuluq təsərrüfatlarında elit və 1-ci reproduksiyalı toxumların səpininə və istehsalına müəllif nəzarəti Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzi tərəfindən həyata keçirilir.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzinin mərkəzi aparatı işçilərinin vəzifə maaşları barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmış təklifi 1 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

5. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi layihə-smeta sənədlərinə və ya texniki iqtisadi əsaslandırmaya əsasən Nazirliyin tabeliyində olan Aqrar Elm Mərkəzinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin yerli təşkilatlarında, habelə dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində inzibati binaların, laboratoriyaların, maşın-traktor parklarının və anbarların tikintisini, təmir və yenidən qurulmasını, tələb olunan avadanlıqların, cihazların və texnikanın alınmasını dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin (investisiya proqramı) hesabına ayrılmasını nəzərə alsınlar. 

6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 19 iyun 2008-ci il

№139