Direct State Support

Güzəştlərin tətbiqi qaydaları NK Qərarı (№ 273)

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında


AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar qüvvəyə mindiyi tarixədək kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürülmüş, habelə Yaponiya hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına həmin texnikanın qalıq dəyəri həcmində, lakin onların ilkin dəyərinin 40 faizindən yuxarı olmamaq şərtilə, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin zərəri hesabına güzəşt tətbiq edilsin.

3. Bu qərar qüvvəyə mindiyi tarixdən kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürüləcək və satın alınacaq özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi ödənildikdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilsin.

4. Bu qərarın 2-ci və 3-cü hissələrində nəzərdə tutulan kənd təsərrüfatı texnikasının güzəşt məbləği çıxıldıqdan və qalıq dəyəri tam ödənildikdən sonra həmin texnika kənd təsərrüfatı məhsulları istehsalçılarının mülkiyyətinə verilsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu qərarın icrası ilə bağlı tələb olunan maliyyə vəsaitinin ayrılmasını müəyyən olunmuş qaydada təmin etsin.

6. Bu qərar 5 (beş) il müddətində qüvvədədir.


Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

Bakı şəhəri, 13 avqust 2014-cü il

 № 273









Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarı ilə

təsdiq edilmişdir


 

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi


QAYDALARI

1.Ümumi müddəa

1.1. Bu Qaydalar “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanına əsasən hazırlanmışdır və kənd təsərrüfatı məhsullarının istehsalçıları (bundan sonra - istifadəçi) tərəfindən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən (bundan sonra - Cəmiyyət) lizinqə götürülmüş, lizinqəgötürüləcək və satın alınacaq, habelə Yaponiya Hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnikalar istisna olmaqla) alınmış və icarəyə verilmiş özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının (bundan sonra - kənd təsərrüfatı texnikası) dəyərinə güzəştlərin tətbiq edilməsi ilə bağlı prosedurları müəyyən edir.


2. Kənd təsərrüfatı texnikasına güzəştlərin tətbiq edilməsi və istifadəçinin mülkiyyətinə verilməsi qaydaları

2.1. Kənd təsərrüfatı texnikasına tətbiq edilən güzəştlərdən istifadə etmək üçün istifadəçi tərəfindən ərizə, lizinq (icarə) müqaviləsinin və ödəniş sənədlərinin surətləri Cəmiyyətə təqdim olunur.

2.2. Kənd təsərrüfatı texnikasına güzəştlərin tətbiq edilməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra – Nazirlik) əmri ilə müvafiq sahədə təcrübəli mütəxəssislərdən ibarət daimi fəaliyyət göstərən xüsusi komissiya (bundan sonra - Xüsusi Komissiya) yaradılır.

2.3. Xüsusi Komissiya istifadəçilər tərəfindən təqdim olunmuş sənədləri 10 (on) gün müddətində araşdırır, müvafiq qaydada Cəmiyyət tərəfindən lizinqə verilmiş, habelə Yaponiya Hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş kənd təsərrüfatı texnikasının öhdəlik üzrə qalıq dəyərini (məbləğini) müəyyən edir və bu barədə istifadəçiyə yazılı məlumat verir.

2.4. Bu Qaydaların 2.3-cü bəndində göstərilən kənd təsərrüfatı texnikasının qalıq dəyəri (məbləği) onun ilkin məbləğinin 40 faizi həcmində və ya ondan az olduqda, Cəmiyyətin zərəri hesabına faktiki qalıq məbləği həcmində güzəşt tətbiq edilməklə, Cəmiyyət və istifadəçi arasındakı lizinq (icarə) müqaviləsinə xitam verilməsi ilə bağlı Xüsusi Komissiya tərəfindən müvafiq qərar qəbul edilir. Həmin texnikanın istifadəçinin mülkiyyətinə keçməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilir.

2.5. Bu Qaydaların 2.3-cü bəndində göstərilən kənd təsərrüfatı texnikasının qalıq dəyəri (məbləği) onun ilkin məbləğinin 40 faizindən çox olduqda və ilkin məbləğinin ən azı 20 faizinin ödənildiyi təqdirdə, Cəmiyyətin zərəri hesabına ilkin məbləğin 40 faizi həcmində güzəşt tətbiq edilməklə, yeni lizinq müqaviləsinin bağlanılması barədə Xüsusi Komissiya tərəfindən qərar qəbul edilir.

2.6. Xüsusi Komissiyanın qərarlarının bir nüsxəsi Nazirliyə, iki nüsxəsi Cəmiyyətə, bir nüsxəsi istifadəçiyə, bir nüsxəsi isə Yaponiya Hökumətinin 2KR Proqramı çərçivəsində alınmış texnika üzrə müvəkkil təşkilat olan “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına təqdim edilmək üçün müvafiq qaydada 5 nüsxədə protokollaşdırılır.

2.7. Bu Qaydaların qüvvəyə mindiyi tarixdən sonra istifadəçilər tərəfindən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürüləcək və satın alınacaq kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına həmin texnikanın ilkin dəyərinin 40 faizi həcmində güzəştin tətbiq edilməsi barədə Xüsusi Komissiya tərəfindən qərar qəbul edilir. Bu qərarın bir nüsxəsi Nazirliyə, iki nüsxəsi Cəmiyyətə, bir nüsxəsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, bir nüsxəsi isə istifadəçiyə təqdim edilmək üçün müvafiq qaydada 5 nüsxədə protokollaşdırılır.

2.8. Xüsusi Komissiyanın protokolları və onlara əlavə edilən aidiyyəti sənədlər Nazirlik tərəfindən rübdə bir dəfə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin sənədləri araşdırır və verilən güzəşt məbləğinin 1 (bir) ay müddətində dövlət büdcəsinin vəsaiti hesabına Cəmiyyətin bank hesabına köçürülməsini təmin edir.

2.9. Kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməklə, onun dəyərinin qalan məbləği bir dəfəyə ödənildikdə, Cəmiyyət 3 (üç) iş günü müddətində həmin texnikanın alıcının mülkiyyətinə verilməsini təmin edir.

2.10. Xüsusi Komissiyanın protokollarının, eləcə də müraciət və protokolların qeydiyyat kitablarının formaları və onların aparılması qaydaları Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a əsasən Nazirlik tərəfindən təsdiq edilir.

2.11. Bu Qaydaların həyata keçirilməsi ilə bağlı yaranan mübahisələr Azərbaycan Respublikasının mülki, mülki prosessual və inzibati prosessual qanunvericiliklərinə uyğun olaraq həll edilir.