Qəhvəyi mərmər bağacığı aktiv inkişaf fazasına keçdiyindən zərərvericiyə qarşı mübarizənin əhəmiyyətini ictimaiyyətə daha yaxından çatdırmaq məqsədilə media nümayəndələrinin iştirakı ilə Quba və Xaçmaz regionunda monitorinq və kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Quba Regional Təlim Mərkəzində media nümayəndələri üçün qəhvəyi mərmər bağacığının biologiyası, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə vurduğu ziyan və ona qarşı aparılan mübarizə tədbirləri barədə təqdimat keçirilib. Bildirilib ki, bu invaziv zərərverici 300-dən artıq bitki növü ilə qidalanaraq onlara ziyan vurur, lakin insan sağlamlığı üçün heç bir təhlükə yaratmır.
Daha sonra media nümayəndələrinin iştirakı ilə Xaçmaz rayonunda zərərvericinin yayıldığı ərazilərdə aparılan monitorinq və kimyəvi mübarizə tədbirləri nümayiş etdirilib. Tədbirdə qəhvəyi mərmər bağacığının erkən aşkarlanması, yayılmasının qarşısının alınması və ona qarşı tətbiq olunan müasir mübarizə üsulları barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, qəhvəyi mərmər bağacığının təbii düşməni hesab olunan samuray arısının laboratoriya şəraitində çoxaldılması və yayıldığı arealda bioloji mübarizə tədbirlərinin tətbiqi nəzərdə tutulur.
Qeyd olunub ki, Kənd Təsərüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən 2026-cı ilin qışlama dövründə ölkənin 34 rayonunda 20 mindən çox nöqtədə monitorinq aparılıb, 12 rayonda zərərverici aşkarlanaraq mexaniki və kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Hazırda qəhvəyi mərmər bağacığı ölkənin 12 rayonunda müşahidə olunur. Zərərvericinin populyasiyasına nəzarət məqsədilə ötən il 13 mindən çox feromon tələsi quraşdırılıb, cari ildə isə bu rəqəmin 20 mini ötməsi planlaşdırılır. Eyni zamanda maarifləndirmə tədbirlərinin artırılması məqsədilə cari tədris ili ərzində 12 rayonda yerləşən 67 ümumtəhsil müəssisəsində məlumatlandırıcı görüşlərin keçirildiyi qeyd olunub.
AXA tərəfindən qəhvəyi mərmər bağacığına qarşı monitorinq, maarifləndirmə və mübarizə tədbirləri ölkənin müxtəlif bölgələrində davam etdirilir.
Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə keçirilib
11 Iyun 2026
“Aqrar Məşvərət Şurası” İctimai Birliyinin növbəti iclası keçirilib
11 Iyun 2026
Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11 Iyun 2026
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
10 Iyun 2026
Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
10 Iyun 2026