“Aqrar Məşvərət Şurası” İctimai Birliyinin növbəti iclası keçirilib. İclas “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na həsr olunub.
Tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, Aqrar Məşvərət Şurasının üzvləri, aqrar sektor nümayəndələri, sahibkarlar, ekspertlər və digər maraqlı tərəflər iştirak ediblər.
“Aqrar Məşvərət Şurası” İctimai Birliyinin sədri Niyazi Əmirbəyov ölkənin aqrar sektorunda həyata keçirilən islahatların və qəbul edilmiş yeni Dövlət Proqramının əhəmiyyətindən danışıb. Bildirib ki, proqram kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrində istehsalın və emal sənayesinin inkişafına, rəqabət qabiliyyətinin artırılmasına, ixrac potensialının genişləndirilməsinə və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Dövlət Proqramının hazırlanmasının əhəmiyyəti və aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O, Azərbaycan Respublikasının Prezidenti tərəfindən keçirilmiş müşavirədə səsləndirilən fikirlərə də toxunaraq qeyd edib ki, ölkənin aqrar sektoru mövcud potensialından tam istifadə etmir və bu potensialın reallaşdırılması üçün dövlət tərəfindən sistemli tədbirlər həyata keçirilir.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin kənd təsərrüfatının dayanıqlı inkişafına, məhsuldarlığın artırılmasına və fermerlərin rifahının yüksəldilməsinə xidmət etdiyini vurğulayıb. Nazir proqramın həyata keçirilməsi zamanı fermerlərin, sahibkarların və aidiyyəti qurumların fəal iştirakının vacibliyini qeyd edib.
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov Dövlət Proqramı ilə bağlı təqdimatla çıxış edib. Təqdimatda kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrində mövcud vəziyyət, sektorun inkişafına təsir edən əsas çağırışlar, eləcə də Dövlət Proqramının hazırlanmasını zəruri edən amillər barədə məlumat verib. Həmçinin proqramın strateji çərçivəsi, əsas məqsəd və prioritetləri, həyata keçirilməsi nəzərdə tutulan fəaliyyət istiqamətləri və gözlənilən nəticələr iştirakçıların diqqətinə çatdırılıb.
Sonda Dövlət Proqramının icrası ilə bağlı geniş fikir mübadiləsi aparılıb, iştirakçıların təklif və rəyləri dinlənilib.
Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə keçirilib
11 Iyun 2026
Media nümayəndələrinin iştirakı ilə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri həyata keçirilib
11 Iyun 2026
Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11 Iyun 2026
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
10 Iyun 2026
Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
10 Iyun 2026