• Ana səhifə
  • Xəbərlər
  • Pambıq sahələrində zərərli orqanizmlərə qarşı bioloji mübarizəyə dair tarla seminarı keçirilib
Pambıq sahələrində zərərli orqanizmlərə qarşı bioloji mübarizəyə dair tarla seminarı keçirilib

Salyan rayonunda Dövlət sort sınaq məntəqəsinin pambıq sahəsində zərərli orqanizmlərə qarşı bioloji mübarizənin üstünlüklərinə dair tarla seminarı keçirilib. Seminarda Aqrar Xidmətlər Agentliyinin əməkdaşları, “Azərpambıq” MMC-nin, MKT şirkətinin mütəxəssisləri və bölgə fermerləri iştirak edib.

Tədbirdə Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Entomofaqların istehsalı söbəsinin müdiri Mehrəli Mehrəliyev bioloji mübarizənin əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, son dövrlər bitkiləri zərərverici və xəstəliklərdən qorumaq üçün əsasən kimyəvi mübarizə üsulundan istifadə olunur. Kimyəvi mübarizə üsulu çox təsirli ola bilər, lakin bu üsul həm bitkilər, faydalı həşəratlar, quşlar və heyvanlar, həm də ətraf mühit və insan sağlamlığı üçün zərərsiz deyil. Bu baxımdan zərərvericilərə qarşı mübarizədə ekoloji cəhətdən təhlükəsiz və iqtisadi cəhətdən səmərəli hesab edilən bioloji üsuldan istifadə mühüm əhəmiyyət kəsb edir. Fermer və sahibkarların əvvəlki illərlə müqayisədə bioloji mübarizə üsuluna marağı daha da artıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Entomofaqlar istehsal sahəsi tərəfindən respublikanın pambıqçılıq rayonlarında pambıq sovkasının təbii düşməni və zərərvericinin yumurtası ilə qidalanan parazit həşərat olan trixoqrammadan istifadə edilməklə pambıq sovkasına qarşı mübarizə tədbirləri həyata keçirilir. Belə ki, Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən aparılan müşahidələrə əsasən pambıq sovkasının yumurtalarına qarşı Beyləqan rayonunda “Azərpambıq” MMC-yə məxsus olan 3140 hektar, Sabirabad rayonunda 2700 hektar, MKT şirkətinə məxsus 4713 hektar, Ağcabədi rayonunda 5040 hektar pambıq sahəsində trixoqramma ilə bioloji mübarizə tədbirləri aparılıb. Tədbirlər davam etdirilir.

Tədbirdə İqlim dəyişikliyi şəraitində ətraf mühit, insan və bitki sağlamlığının qorunması üçün zərərvericilərə qarşı mübarizə zamanı yüksək toksikli pestisidlərdən istifadənin azaldılmasında bioloji mühafizə vasitələrdən istifadənin əhəmiyyəti qeyd edilib. Sonda Dövlət sort sınaq məntəqəsinin pambıq sahələrinə pambıq sovkasına qarşı bioloji mübarizə məqsədilə trixoqramma həşaratı buraxılıb.

Qeyd edək ki, bioloji mübarizə üsullarından olan trixoqramma tüfeylisi Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Entomofaqlar istehsal sahəsinin laboratoriyasında çoxaldılır və tarlalara buraxılır. Trixoqramma vasitəsi ilə həyata keçirilən bu bioloji mübarizə üsulunun qarğıdalı, tərəvəz bitkiləri və meyvəçilikdə də istifadə olunması məqsədəuyğundur. Bioloji mübarizədən istifadə kimyəvi preparatların tətbiqinin məhdudlaşdırılmasına, məhsulun maya dəyərinin aşağı düşməsinə səbəb olur ki, nəticədə keyfiyyətli və təhlükəsiz məhsul əldə olunur.