• Ana səhifə
  • Xəbərlər
  • Salyanda «Dayanıqlı fermer təsərrüfatı üçün aqrar sığorta» mövzusunda tədbir keçirilib
Salyanda «Dayanıqlı fermer təsərrüfatı üçün aqrar sığorta» mövzusunda tədbir keçirilib

Kənd təsərrüfatı heyvanları və bitkilərin, xüsusilə tərəvəz və meyvə bağlarının sığortası, bu sahədəki yeniliklər və fermerləri maraqlandıran məsələlər Aqrar Sığota Fondu və Salyan Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən «Dayanıqlı fermer təsərrüfatı üçün aqrar sığorta» tədbirində müzakirə edilib.

Tədbiri giriş sözü ilə açan Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Salyanda kənd təsərrüfatı üçün böyük imkanlar olduğunu, əkinçiliyin və heyvandarlığın inkişaf etdiyini bildirib.

Tədbirdə bildirilib ki, Salyan rayonunda 41 min hektardan artıq əkin sahəsinin 14 min hektarı taxıl əkinləri, 10 min hektarı pambıq, təqribən 14 min hektar yonca əkinlərinin payına düşür.

Bundan başqa, Salyanda geniş meyvə bağları, tərəvəz, bostan bitkiləri, çəltik və şəkər çuğunduru da becərilir, rayonda təkcə üzüm bağlarının sahəsi 1200 hektara yaxındır. İcra hakimiyyətinin başçısı qeyd edib ki, rayondakı əkinlərin yalnız 5 min hektarı sığotalanıb və bu da qənaətbəxş sayla bilməz. S.Hətəmov fermerləri dövlət tərəfindən yaradılan bu imkandan istifadə etməyə və təsərrüfatlarını sığortalamağa çağırıb.

Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov ölkəmizdə dövlət tərəfindən yaradılan aqrar sığorta mexanizmi, onun iş prinsipi, fermerlər üçün əhəmiyyəti barədə məlumat verib. Fond sədrinin sözlərinə görə, aqrar sığorta haqqına 50%-lik dövlət dəstəyi sayəsində fermerlər cüzi məbləğ ödəməklə əkin sahələrini sığorta edə bilərlər. Aqrar sığorta mexanizmi əkin sahələrini təbiət hadisələri, dolu, qasırğa, fırtına, leysan yağışları, sel-subasma, yanğın, vəşhi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətərindən sığortalayır.

Qeyd edilib ki, Şirvan-Salyan iqtisadi rayonunda indiyədək əkin sahələrinə dəymiş zərərlə bağlı ümumilikdə 686 min manat, heyvandarlıq sığortası üzrə isə 96 min manat sığorta ödənişi edilib.

Payızlıq taxıl mövsümünün yaxınlaşığını xatırladan Fond sədri fermerləri əkin sahələrini çoxsaylı risklərdən qorumağa və sığorta olunmağa çağırıb.

Tədbirdə sığorta haqları və sığorta ödənişləriin hesablanması, ayrı-ayrı məhsullar üzrə sığorta haqları, ödəniş prosesi barədə məlumat verilib.

Qeyd olunub ki, Salyanda 1000 manatlıq buğda və pambığın sığortalanması fermerə cəmi 7 manata, 1000 manatlıq arpa məhsulunun sığortası 9 manata, eyni məbləğdə narın sığortası 8 manata, xurmanın sığortası isə 11 manata başa gəlir.

Salyanda geniş yayılmış bostan bitkilərinə gəlincə, 1000 manatlıq pomidorun sığortalanması 10 manata, eyni məbləğdə qarpızın sığorotalanması isə 11 manata başa gəlir.

Əlavə ödənişlə məhsulu donvurmadan və dolu yağması nəticəsində görünüşünün korlanmasına görə ucuzlaşmadan da sığortalamaq mümkündür.

Daha sonra fermerlərin sığortanın əhatə etdiyi risklər, sığorta ödənişi prosesi, sığorta müqaviləsinin bağlanması və qüvvəyə minməsi, heyvandarlıq sığortası və sair hallarla bağlı çoxsaylı sualları cavablandırılıb.

Tədbirdən sonra Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov Salyan rayonunda təsərrüfatlarda olub, fermerlərlə görüşüb, onların suallarını cavablandırıb.