• Ana səhifə
  • Xəbərlər
  • AFAQ və “Şəhərdən Kəndə” layihələri tərəfindən dəstək tədbirləri həyata keçirilib
AFAQ və “Şəhərdən Kəndə” layihələri tərəfindən dəstək tədbirləri həyata keçirilib

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) və “Şəhərdən Kəndə” layihələri çərçivəsində kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadın fermerlərə dəstək göstərilib.

Növbəti dəstək AFAQ layihəsi çərçivəsində İsmayıllı rayonunda kənd təsərrüfatı ilə məşğul olan 9 fermerə göstərilib. Topçu kəndində fəaliyyət göstərən qadın fermerlərin müraciətləri əsasında təsərrüfatlara baxış keçirilib, qiymətləndirmə sorğuları aparılıb, həmçinin onlara fəaliyyət sahələrinə uyğun təlimlər keçirilib.

Qiymətləndirmə sorğularına əsasən, 8 fermerə ümumilikdə təsərrüfatlarının ehtiyacları üzrə 6 ədəd yem doğrayan aparat, 1 ədəd süd çəkən aparat təqdim edilib. Eyni zamanda qadınların quşçuluq istiqamətində birgə fəaliyyətinə dəstək olmaq məqsədilə onlara layihə çərçivəsində 1 ədəd inkubator təqdim edilib.

Həmçinin layihə çərçivəsində İsmayıllı rayonunun Kürdmaşı kəndində Solmaz Bağırlının rəhbərlik etdiyi qadın qrupuna məxsus quşçuluq təsərrüfatında istehsal həcminin artırılmasına dəstək məqsədilə 96 kv.m-lik hin tikilib, təsərrüfat 30 ədəd su qabı və 30 ədəd yem qabı ilə təmin olunub.

Bundan başqa “Şəhərdən Kəndə” layihəsi çərçivəsində Sumağallı kəndində “Arzu” qadın qrupuna məxsus təsərrüfata baxış keçirilib. Fermerlərin fəaliyyətlərinin çoxşaxəli olması və kəndin turizm üçün əlverişliliyi nəzərə alınaraq təsərrüfatın aqroturizm potensialı dəyərləndirilib. Bu məqsədlə layihə çərçivəsində “Arzu” qadın qrupuna məxsus ərazidə mətbəx və söhbətgah, sanitar qovşağı tikilib, uşaq oyun meydançası salınıb, ehtiyac duyulan avadanlıqlar ilə təmin edilib.

Bugünədək AFAQ layihəsi çərçivəsində 568 fermerə kənd təsərrüfatı sahəsinin müxtəlif istiqamətlərində təlimlər keçirilib. Ümumilikdə 25 region üzrə 266 qadına müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib.