• Ana səhifə
  • Xəbərlər
  • Şamaxıda “İqlim dəyişikliyi şəraitində toxumçuluğun inkişafı” mövzusunda konfrans keçirilib
Şamaxıda “İqlim dəyişikliyi şəraitində toxumçuluğun inkişafı” mövzusunda konfrans keçirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə “İqlim dəyişikliyi şəraitində toxumçuluğun inkişafı” mövzusunda konfrans keçirilib. Konfransda Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi, Aqrar Sığorta Fondunun, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Rusiya Federasiyasının P.P. Lukyanenko adına Taxıl Mərkəzinin, elmi tədqiqat institutlarının, Azərbaycan Toxumçular Assosiasiyasının, özəl toxumçuluq təsərrüfatlarının nümayəndələri və toxumçu fermerlər iştirak ediblər.

Konfransın keçirilməsində əsas məqsəd ölkədə toxumçuluğun mövcud vəziyyəti, iqlim dəyişikliyinin kənd təsərrüfatına, o cümlədən toxumçuluğun inkişafına təsiri, ölkədə rəqabətli toxum bazarının formalaşması, toxumçuluğun təşkilində beynəlxalq standartların tətbiqi, özəl toxumçuluğun inkişaf perspektivləri, eləcə də toxumçuluğun müxtəlif sahələri üzrə bilikləri bölüşmək, fikir mübadiləsi aparılmasından ibarətdir.

Tədbirdə çıxış edən AXA-nın sədri Sərdar Hacıyev ölkədə toxumçuluq sahəsinin mövcud vəziyyəti, iqlim dəyişikliyi şəraitində toxumçuluğun inkişaf prespektivləri, qarşıda duran hədəflər barədə iştirakçılara məlumat verib. O bildirib ki, planetimizdə müşahidə olunan iqlim dəyişikliyi, əhalinin artımı və davamlı inkişafa ehtiyac keyfiyyətli toxum istehsalının əhəmiyyətini daha da artırmaqdadır. Ölkəmizdə toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən davamlı olaraq zəruri tədbirlər həyata keçirilir. Sərdar Hacıyev fermerlərin sertifikatlı toxuma olan əlçatanlığının təmin edilməsi, toxumluq əkin sahələrində aprobasiyanın və sertifikatlaşdırma prosesinin beynəlxalq standartlara uygun olaraq həyata keçirilməsi, eləcə də bu sahədə tətbiq olunan yeniliklər barədə məlumat verib.

FAO-nun ölkəmizdəki nümayəndəsinin müavini Bariz Mehdiyev təmsil etdiyi təşkilatın Azərbaycan höküməti ilə əməkdaşlığı barədə məlumat verib, birgə icra olunan layihələrə, toxumçuluğun inkişafı istiqamətində həyata keçirilən tədbirlərə toxunub.

Daha sonra konfrans öz işini panel sessiyalarda davam etdirib. Sessiyalarda ölkədə toxumçuluğun mövcud vəziyyəti, İqlim dəyişikliyinin kənd təsərrüfatına, o cümlədən toxumçuluğun inkişafına təsiri, ölkədə rəqabətli toxum bazarının formalaşması, toxumçuluğun elmi əsaslarla inkişafı mövzuları üzrə təqdimatlar keçirilib. İştirakçılar taxıl və tərəvəz toxumçuluğunun, tingçiliyin inkişaf perspektivlərinə dair müzakirələr aparıb, toxumçuluq sahəsinin inkişafı ilə bağlı təklifləri müzakirə ediblər.