Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli süd istehsalı və emalı sahəsində fəaliyyət göstərən sahibkarlarla onlayn görüş keçirib. Görüşdə ölkənin müxtəlif regionlarından olan süd istehsalçıları, emal müəssisələrinin nümayəndələri və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları iştirak ediblər.
Görüşdə süd istehsalı və emalı sahəsində mövcud vəziyyət, istehsalçıların bazara çıxış imkanları, yerli xammalın emal müəssisələrinə tədarükü, məhsulun keyfiyyət göstəriciləri və tərəflər arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. İştirakçılar öz təcrübə və təkliflərini bölüşüb, fəaliyyətləri zamanı qarşılaşdıqları məsələləri diqqətə çatdırıblar. Emal müəssisələrinin nümayəndələri xammalın keyfiyyət və təhlükəsizlik tələblərinə uyğun olmasının vacibliyini vurğulayıblar.
Nazir müavini Seymur Səfərli bildirib ki, Aqrar Subsidiya Şurasının yeni qərarı ilə subsidiya mexanizmlərində və şərtlərində dəyişikliklər təsdiq edilib. Ölkədə süd istehsalının artırılması, emal müəssisələrinin yerli xammalla təminatının yaxşılaşdırılması və sahədə uçot sisteminin təkmilləşdirilməsi məqsədilə süd üzrə yeni məhsul subsidiyası tətbiq olunacaq.
Qeyd edib ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) tədarükçü kimi qeydiyyatdan keçmiş süd emalı müəssisələrinə və süd toplama məntəqələrinə təhvil verilən soyudulmuş xam südün hər litrinə görə 7 qəpik, hər tonuna görə isə 70 manat subsidiya ödəniləcək. Kooperativlər vasitəsilə təhvil verilən südə görə subsidiya məbləği əlavə olaraq 20 faiz artırılacaq. Dəstək EKTİS-də müvafiq bəyanların təqdim edilməsi, heyvanların identifikasiyası, sığortalanması, südün soyudulması və müəyyən edilmiş keyfiyyət tələblərinə əməl olunması şərtlərinə əsaslanacaq.
Sonda nazir müavini müzakirələr zamanı səsləndirilən təkliflərin və qaldırılan məsələlərin hərtərəfli araşdırılması, eləcə də müvafiq istiqamətlər üzrə təhlillərin aparılması ilə bağlı Nazirliyin aidiyyəti struktur bölmələrinə tapşırıqlar verib.
Görüşdə həmçinin süd istehsalçıları ilə emal müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinin, yerli süd məhsullarının bazara çıxış imkanlarının genişləndirilməsinin və sahənin mövcud potensialından səmərəli istifadənin vacibliyi vurğulanıb.
Mövsümün son toxum sərgi-satış yarmarkası Kürdəmir rayonunda keçirilib
13 Noyabr 2026
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik üzrə təlim keçirilib
13 Noyabr 2026
Pambıq emalı şirkətlərinə satdıqları məhsulun dəyərini ala bilməyən fermerlərin müraciətlərinə dair açıqlama
13 Noyabr 2026
Ağsuda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
12 Noyabr 2026
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
11 Noyabr 2026