• Ana səhifə
  • Xəbərlər
  • Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Qazaxda vətəndaşları qəbul edib
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Qazaxda vətəndaşları qəbul edib

Sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Nazirliyin aparat rəhbəri Azad Cəfərli Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Qazax və Tovuz rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən arıçılığa subsidiyanın verilməsi, işlə təminat, kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi, dövlət güzəştlərindən tətbiqi və digər məsələlərlə bağlı olub. Aparat rəhbəri Azad Cəfərli hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Aparat rəhbəri vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Vətəndaş qəbulu başa çatdıqdan sonra Azad Cəfərli Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, iş prosesinin təşkili və payızlıq əkinlərin bəyanı prosesi ilə maraqlanıb. Azad Cəfərli həmçinin rayonun qabaqcıl fermerləri ilə görüşərək aqrar sahədə mövcud vəziyyət, həyata keçirilən islahatlar, dövlət dəstəyi mexanizmləri, aqrar təlim proqramlarının təşkili barədə fikir mübadiləsi aparıb.