İyunun 16-da Bakı Konqres Mərkəzində öz işinə başlayan İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində İİB-in Halal İqtisadiyyat Liderlik Forumu (HELF) və Azərbaycan Halal Biznes Forumu 2026 (AZHAB Forum) birgə təşkil olunub.
“Davamlı regional inteqrasiya üçün halal iqtisadiyyat” mövzusuna həsr olunmuş HELF/AZHAB Forumu İİB Qrupunun İllik Toplantılarının tərkib hissəsi olan Özəl Sektor Forumu (PSF 2026) çərçivəsində təşkil edilib.
Forum Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İİB-in Kuala Lumpur Mükəmməllik Mərkəzi (KLCoE), Malayziyanın Halal İnkişaf Korporasiyası (HDC) və Səudiyyə Ərəbistanı Krallığının Halal Məhsulların İnkişafı Şirkətinin (HPDC) əməkdaşlığı, “Paşa Holding”in maliyyə dəstəyi ilə təşkil olunub.
Tədbirin məqsədi daha dayanıqlı, davamlı və qlobal əlaqələrə malik halal ekosistemlərin inkişafına töhfə verəcək praktiki tərəfdaşlıqların, investisiya imkanlarının, texniki əməkdaşlıq təşəbbüslərinin və bilik mübadiləsinin təşviq edilməsidir.
Forumda İİB Qrupuna üzv və digər ölkələrdən yüksək səviyyəli dövlət rəsmiləri, siyasətçilər, sənaye liderləri, maliyyə institutları, inkişaf təşkilatları, investorlar və özəl sektor nümayəndələri iştirak ediblər.
Tədbirin açılış mərasimində çıxış edən İİB-in Kuala Lumpur Mükəmməllik Mərkəzinin (KLCoE) rəhbəri Samer Elesavi və KOBİA-nın İdarə Heyətinin və AZHAB Forumun sədri Orxan Məmmədov dayanıqlı və inklüziv iqtisadi inkişafda özəl sektorun, xüsusilə KOB-ların rolu, halal iqtisadiyyatın qlobal dəyər zəncirlərində artan payı və bu sahədə əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər.
HELF/AZHAB Forum çərçivəsində “Dayanıqlı regional inteqrasiya üçün halal iqtisadiyyat” mövzusunda Nazirlər Sessiyası keçirilib. Tədbirdə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Nigeriya Federativ Respublikasının büdcə və iqtisadi planlaşdırma naziri Abubakar Atiku Bagudu, Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini Anar Kərimov, İİB-in ICIEC şirkətinin baş icraçı direktoru və ICD-nin əvəzedici baş icraçı direktoru Khalid Khalafallanın iştirakı ilə halal iqtisadi inteqrasiyanın inkişafı, siyasət prioritetləri, regional əməkdaşlıq imkanları və strateji tərəfdaşlıqların gücləndirilməsi məsələləri müzakirə olunub. Tədbirin məqsədi İİB Qrupuna üzv ölkələr arasında koordinasiyalı siyasət yanaşmaları və institusional əməkdaşlığın gücləndirilməsi vasitəsilə halal iqtisadiyyat inteqrasiyasını, ticarət əlaqələrini və dayanıqlı inkişafı təşviq etməkdir.
Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, qlobal halal ekosistemi artıq ənənəvi sərhədlərini aşaraq 2 trilyon ABŞ dollarından artıq dəyərə malik hərtərəfli və dayanıqlı inkişaf modelinə çevrilib. Gələcəyə yönəlmiş investorlar üçün bu sürətli inkişaf yüksək gəlirli kənd təsərrüfatı tərəfdaşlıqlarına kapital yatırmaq, texnologiya transferini sürətləndirmək və sərhədlərarası dəyər zəncirləri yaratmaq üçün tarixi imkanlar təqdim edir.
Nazir vurğulayıb ki, Azərbaycan kənd təsərrüfatı investisiyaları üçün əlverişli coğrafi mövqeyi, güclü dövlət dəstəyi və yüksək inkişaf dinamikası ilə seçilən rəqabətqabiliyyətli mühit təklif edir. Məqsədyönlü struktur islahatları və geniş subsidiya mexanizmləri sayəsində aqrar-ərzaq sektorumuz real ifadədə əhəmiyyətli artım əldə edib.
Uzunmüddətli sabitlik və proqnozlaşdırıla bilən mühit axtaran investorlar üçün baxışımız institusional əsaslarla möhkəmləndirilib. “2026–2030-cu illər üçün Dövlət Proqramı” intensiv, yüksək texnologiyalara əsaslanan və ixracyönümlü kənd təsərrüfatı modelinin inkişafı üçün aydın və hüquqi təminata malik çərçivə yaradır.
Qeyd edilib ki, Azərbaycanda müasir aqroloji-logistika mərkəzlərinin yaradılması, soyuq zəncir infrastrukturunun gücləndirilməsi və məhsul yığımından sonrakı itkiləri minimuma endirməklə investisiyaların risklərinin azaldılması aqrar sektorun prioritet istiqamətləridir.
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) dövlət dəstəyi və subsidiya mexanizmlərində tam şəffaflığı təmin edib. Hazırda bu infrastrukturu genişləndirərək süni intellekt və məlumatlara əsaslanan alətləri birbaşa kənd təsərrüfatı proseslərinə inteqrasiya edilir.
Nazir vahid halal sertifikatlaşdırma sisteminin yaradılması, “yaşıl halal” aqroparkların inkişafı, halal maliyyələşdirmə alətlərinin tətbiqi, Orta Dəhliz üzərindən ixrac marşrutlarının genişləndirilməsi və bacarıqlara və innovasiyalara investisiya qoyulmasının əhəmiyyətini vurğulayıb.
Forum panel müzakirələrlə öz işini davam etdirib.
“Strateji liderlik dialoqu: Etik halal biznes modelləri və risklərə dayanıqlı maliyyələşmə” mövzusundakı panel iclasda İslam Əməkdaşlıq Təşkilatının Statistika, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru Zehra Zümrüt Selçuk, Səudiyyə Ərəbistanının Halal Məhsulların İnkişafı Şirkətinin Baş investisiya direktoru Ameen Alsaadi, Malayziyanın Halal İnkişaf Korporasiyasının sədri Hadi Hamzah və İslam Ticarət və Maliyyə Korporasiyasının Baş əməliyyat direktoru Nazeem Noordali tərəfindən halal ekosistemin maliyyələşdirilməsi, tənzimləmə, sertifikatlaşdırma və bazara çıxış mexanizmləri üzrə institusional modellərin gücləndirilməsi, eləcə də qlobal halal bazarlarda etimadın və innovasiyanın artırılması istiqamətində fikirlər səsləndirilib.
“Halal sənayesinin liderləri: İnnovasiya, etimad və qlobal artım” mövzusunda panel iclasda “Pladis Group” şirkətinin icraçı direktoru Ali Masraie, “OneAgrix” şirkətinin baş icraçı direktoru Diana Sabrain, Malayziyanın Xarici Ticarətin İnkişafı Korporasiyasının (MATRADE) direktoru Raja Badulnizam və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) sektor müdiri Amira El Fadil halal sənayesində rəqabət qabiliyyətinin gücləndirilməsi, rəqəmsallaşma, məhsul innovasiyası, keyfiyyət təminatı və sertifikatlaşdırma standartlarının inkişafı, beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi barədə fikirlərini bölüşüblər.
Forumun “Halal KOB-lar və davamlılıq: Yaşıl keçid, halal dəyər zəncirləri və inklüziv inkişaf” mövzusunda paneli KOB-ların dayanıqlı inkişaf və yaşıl iqtisadiyyata inteqrasiyasına həsr olunub. “ACWA” şirkətinin Azərbaycan və Türkiyə üzrə baş direktoru Selim Güven, Qazaxıstanın “Damu” Sahibkarlığın İnkişafı Fondunun sədr müavini Murat Bapayev, KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Elnur Əliyev və Nigeriya Halal İqtisadiyyatı Strategiyasının İcra Komitəsinin həmsədri İbrahim Hassan Hadejianın iştirakı ilə paneldə KOB-ların maliyyəyə çıxış imkanları, yaşıl maliyyələşmə, ESG və dayanıqlılıq tələbləri, eləcə də regional halal dəyər zəncirlərinə inteqrasiya məsələləri müzakirə edilib.
“Halal sənaye zonaları: Qabaqcıl halal ekosistemlərin inkişafı” panel iclasında Səudiyyə Ərəbistanı Sənaye Şəhərləri və Texnologiya Zonaları İdarəsinin (MODON) icraçı vitse-prezidenti Mamdooh Al-Drees, Nigeriyanın “Dar Al Halal Group”un baş icraçı direktoru Muhammadu Dikko Ladan, Malayziyanın “ENSTEK” Halal Parkının operatoru olan “Tabung Haji Properties” şirkətinin icraçı direktoru Mohd İsmadi İshak halal sənaye zonalarının inkişaf modelləri, beynəlxalq təcrübələr və praktiki yanaşmalar, həmçinin inteqrasiya olunmuş halal ekosistemlərin qurulması məsələləri barədə fikir və təcrübələrini bölüşüblər.
Tədbir çərçivəsində həmçinin, HELF/AZHAB Forumunun təşkilinə göstərdikləri dəstək üçün könüllülərə sertifikatlar təqdim edilib.
Qubada aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Lənkəranda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Ağcabədidə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Balıq ehtiyatlarının mühafizəsi və qanunsuz balıq ovuna qarşı nəzarət tədbirləri gücləndirilir
16 Iyun 2026
Türkiyənin İzmir şəhərində ADAU-EGE ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
16 Iyun 2026