Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Tədqiqatlar Mərkəzi (ATM) tərəfindən yeni yaradılmış “Qusar Aqropark”ın rezidenti “Fresh Garden Quba” MMC-yə qeydiyyat şəhadətnaməsi təqdim edilib. Aqropark Qusar rayonunun Cağar kəndində, Kuzunqışlaq bələdiyyəsinin ərazisində yerləşir.
Tədbirdə ATM-in direktor müavini Namiq Şalbuzov aqroparkların inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda ixracyönümlü aqrobiznesin və aqropark modelinin inkişaf etdirilməsi, aqroparkların yeni inkişaf modelinə keçidinin dəstəklənməsi, investisiya təşviqi mexanizmlərinin və güzəştli maliyyələşdirmə alətlərinin genişləndirilməsi, həmçinin subsidiya mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər nəzərdə tutulub.
“Qusar Aqropark” haqqında məlumat verən Mərkəzin Aqrar sahənin dayanıqlı inkişafı və proqnozlaşdırılması bölməsinin rəhbəri Elvin Ağayev aqroparkın fəaliyyəti, strateji yerləşməsi, yaradılmış superintensiv meyvə bağları, tətbiq olunan innovativ yanaşmalar və perspektiv inkişaf istiqamətləri barədə məlumat verib.
Bildirilib ki, aqroparkda bitkiçilik təsərrüfatının yaradılması, müasir texnologiyaların və aqrotexniki üsulların tətbiqi ilə kənd təsərrüfatı məhsullarının istehsalı, bu sahə ilə əlaqəli fəaliyyətlərin həyata keçirilməsi və müvafiq xidmətlərin göstərilməsi planlaşdırılır.
Diqqətə çatdırılıb ki, hazırda aqroparkın ümumi ərazisi 77 hektardır. Aqroparkın ərazisində alma, nektarin, şaftalı və gilas bağlarından ibarət intensiv meyvə təsərrüfatı salınıb. Gələcəkdə bağ sahələrinin 110 hektaradək genişləndirilməsi və meyvə çeşidlərinin artırılması nəzərdə tutulur.
Həmçinin aqroparkda 6500 ton tutuma malik müasir soyuducu anbarın və saatda 12 ton məhsul çeşidləmə və qablaşdırma gücünə malik xəttin yaradılması planlaşdırılır.
Tədbirin sonunda ATM-nin direktor müavini Namiq Şalbuzov “Qusar Aqropark”ın rezidenti “Fresh Garden Quba” MMC-nin direktoru Samir İsmayılova qeydiyyat şəhadətnaməsini təqdim edib.
Qeyd edək ki, hazırda ölkədə aqropark statusuna malik təsərrüfatlar fəaliyyət istiqamətlərindən asılı olaraq bitkiçilik, heyvandarlıq, emal, çeşidləmə və qablaşdırma üzrə ixtisaslaşıb. Bu təsərrüfatlarda taxıl məhsulları, ət və ət məhsulları, süd və süd məhsulları, bitki yağları və heyvan yemləri də daxil olmaqla geniş çeşiddə kənd təsərrüfatı məhsulları istehsal olunur. Aqroparklarda istehsal edilən məhsullar həm yerli, həm də xarici bazarlarda satılır.
Azərbaycan Dövlət Aqrar Universitetində 15 Sentyabr – Bilik Günü qeyd olunub
15 Sentyabr 2026
Ağcabədidə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
15 Sentyabr 2026
Ağcabədidə Aqrar Biznes Festivalı və mövsümün ilk Toxum Sərgi-Satış Yarmarkası keçirilib
15 Sentyabr 2026
Aqrar Sığorta Fondu aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert təlimləri üçün qeydiyyat davam edir
15 Sentyabr 2026
Kəlbəcərdə Bal Festivalı keçirilib
12 Sentyabr 2026