• Ana səhifə
  • Xəbərlər
  • Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Yardımlıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş...
Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Yardımlıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Yardımlı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, torpağın sənədləşdirilməsi, subsidiya ödənişləri, torpağın təyinatının dəyişdirilməsi, artezian quyularının qazılması, aqrotexniki xidmətlərlə təmin edilmə və digər mövzularla bağlı olub.

Nazir müavini Zaur Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Sonra nazir müavini Yardımlı DAİM-in kollektivi ilə görüşərək iş prosesinin təşkili ilə maraqlanıb, öz tövsiyələrini verib.

Daha sonra Zaur Əliyev Yardımlı rayonunun Əvçədulan kəndində fermer Əlisahib Cangirova məxsus taxıl sahəsi və Zəngələ kəndində Əlisəfa Ağayevə məxsus arıçılıq təsərrüfatına baxış keçirib. Fermerlərlə görüş zamanı taxıl biçini, aqrar sahəyə dövlət dəstəyi tədbirləri, heyvandarlığın inkişafı mexanizmləri və kənd təsərrüfatının dayanıqlı inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb. Həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın prioritet istiqamətləri, aqrar istehsalın səmərəliliyinin artırılması, innovativ texnologiyaların tətbiqi ilə bağlı nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.