• Ana səhifə
  • Xəbərlər
  • “Qlobal Məqsədlərdən Yerli Fəaliyyətə: Aqro-ərzaq sistemlərini gücləndirmək üçün regional təşəbbüslə...
“Qlobal Məqsədlərdən Yerli Fəaliyyətə: Aqro-ərzaq sistemlərini gücləndirmək üçün regional təşəbbüslər” mövzusunda panel müzakirə keçirilib

“İqlimə Davamlı Kəndlər Forumunun yaradılması barədə” birgə bəyanat imzalanıb.

Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq iqlim konfransı çərçivəsində iqlim dəyişikliyi və bununla bağlı mübarizə tədbirləri, iqlimə dayanıqlı kənd təsərrüfatı sisteminin yaradılması məsələlərinin müzakirəsi davam etdirilir. COP29 çərçivəsində “Mavi zona”da bu dəfə “Qlobal Məqsədlərdən Yerli Fəaliyyətə: Aqro-ərzaq sistemlərini gücləndirmək üçün regional təşəbbüslər” mövzusunda panel müzakirə keçirilib.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, indiyədək iqlim dəyişikliyi və mübarizə tədbirləri ilə bağlı irəli sürülən müxtəlif təşəbbüslərdən bəziləri regional maraq və siyasətlərə uyğunlaşdırılıb. İqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı koordinasiyalı fəaliyyət üçün hökumətlərarası mexanizmlərin yaradılması və gücləndirilməsi istiqamətində addımlar atılmalıdır. Biomüxtəlifliyin itirilməsi, iqlim dəyişikliyi, torpaqların deqradasiyası və su qıtlığının bütün dünyada olduğu kimi Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin aqro-ərzaq sistemlərinə mənfi təsir etdiyini deyən nazir bildirib ki, bu tədbir çərçivəsində iqlimə davamlı kəndlər üzrə forumun yaradılması elan ediləcək. Bu təşəbbüs ölkələrimizin kənd yerlərinin inkişafı siyasətinə müsbət təsir göstərəcək və kənd əhalisinin rifahını asanlaşdıracaq.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində böyük yenidənqurma və bərpa işlərinin aparıldığını xatırladan nazir bu ərazilərdə kənd yerlərinin inkişafı üçün ağıllı şəhər və ağıllı kənd konsepsiyasından istifadə edildiyini qeyd edib və bütün tərəfdaş dövlətlərin müəssisələrini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya yatırmağa çağırıb.

TDT Baş katibinin müavini Sədi Cəfərov təşkilata üzv ölkələrin iqtisadi, aqrar potensialı, investisiya imkanları, həyata keçirilən islahatlar və mövcud nəqliyyat-logistika infrastrukturu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. TDT rəsmisi kənd təsərrüfatının iqtisadiyyatın mühüm sahələrindən biri olduğunu, ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini, iqlim dəyişikliyinin təsirlərinin azaldılması, qarşılıqlı ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün əməkdaşlığın genişləndirilməsinin zəruri olduğunu qeyd edib.

Qırğızıstanın Su təsərrüfatı, kənd təsərrüfatı və emal sənayesi nazirinin müavini Mirbek Duyşeyev ölkəsinin quraqlıqdan əziyyət çəkdiyini, iqlim dəyişikliyinin kənd təsərrüfatı sahəsinə mənfi təsirlərinin artığını qeyd edib. O, iqlim fəaliyyətinin daha da gücləndirilməsini nəzərdə tutan təşəbbüsləri dəstəklədiklərini və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu vurğulayıb.

Tədbir çərçivəsində “İqlimə Davamlı Kəndlər Forumunun yaradılması barədə” birgə bəyanat imzalanıb. Sənəd kənd yerlərinin inkişafı, ağıllı kənd təşəbbüsləri, davamlı və iqlimə davamlı kənd layihələri ilə bağlı ən yaxşı təcrübələri bölüşülməsi, iqlim uyğunlaşması, regionların üzləşdiyi çətinliklərin qiymətləndirilməsi və əkinçilik icmalarının iqlimə daha davamlı olması üçün imkanların gücləndirilməsi ilə bağlı mütəmadi təcrübə mübadiləsinin aparılmasını, iqlim-ağıllı kənd təsərrüfatı, davamlı torpaq idarəçiliyi, suyun mühafizəsi, bərpa olunan enerjinin qəbulu, fəlakət riskinin azaldılması ilə bağlı strategiyaların hazırlanmasını nəzərdə tutur.

Panel müzakirədə çıxış edən yerli və xarici mütəxəssislər iqlimə davamlı aqro-ərzaq sistemlərinin qurulması, aqro-ərzaq sisteminin transformasiyası, qlobal iqlim fəaliyyəti barədə öz fikirlərini bölüşüblər. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, iqlim dəyişikliyi ilə bağlı mübarizə tədbirləri barədə fikir mübadiləsi aparılıb.