ADAU-da 18-ci Karyera sərgisi keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tələbə və məzunların məşğulluq imkanlarının artırılması məqsədilə 18-ci Karyera Sərgisi təşkil olunub. Tədbirdə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, özəl sektor təmsilçiləri, işəgötürən şirkətlər, universitet rəhbərliyi, tələbə və məzunlar iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

ADAU-nun rektoru Zəfər Qurbanov karyera sərgilərinin universitetlə əmək bazarı arasında mühüm əlaqələndirici platforma olduğunu bildirib. Rektor qeyd edib ki, müasir dövrdə ali təhsil müəssisələrinin əsas missiyası yalnız nəzəri biliklərin verilməsi ilə məhdudlaşmır, eyni zamanda tələbələrin praktiki bacarıqlara yiyələnməsi, innovativ düşüncə tərzinin formalaşdırılması və onların əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı mütəxəssis kimi hazırlanmasını da əhatə edir.

Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov aqrar sektorun müasir çağırışlara uyğun inkişafının insan resurslarının keyfiyyətindən birbaşa asılı olduğunu vurğulayıb. Bildirib ki, kənd təsərrüfatında innovativ yanaşmaların, ağıllı texnologiyaların və yeni idarəetmə mexanizmlərinin tətbiqi gənc və peşəkar kadrlara ehtiyacı artırır. O, aqrar təhsil müəssisələri ilə dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsinin gələcəkdə daha rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasına mühüm töhfə verəcəyini qeyd edib.

Digər çıxış edənlər məşğulluğun təmin olunması, əmək bazarının tələblərinə uyğun peşəkar kadr hazırlığının əhəmiyyəti, universitet-işəgötürən əməkdaşlığının genişləndirilməsi və aqrar sahədə müasir bilik və bacarıqlara malik mütəxəssislərə olan tələbat barədə fikirlərini bölüşüblər.Qeyd olunub ki, bu cür tədbirlər tələbə və məzunların əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmasına, onların praktiki təcrübə qazanmasına və gələcək karyera imkanlarının genişlənməsinə şərait yaradır.

Karyera sərgisi çərçivəsində tələbə və məzunlar 100-ə yaxın şirkət və müəssisənin stendi ilə tanış olub, müxtəlif sahələri təmsil edən işəgötürənlərlə görüşlər keçiriblər. İştirakçılar vakansiyalar, təcrübə proqramları və karyera inkişafı imkanları barədə məlumat əldə edib, bir sıra şirkətlər tərəfindən ilkin müraciətlər qəbul edilib.

Sərgi çərçivəsində ümumilikdə 900-dən çox vakansiya tələbə və məzunların diqqətinə çatdırılıb.