Masallı rayonunda heyvan sağlamlığının qorunması, epizootik sabitliyin təmin edilməsi və baytarlıq xidmətlərinin təşkili sahəsində görülmüş işlər , həmçinin qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş tədbir keçirilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyi, fermerlərə təqdim olunan güzəştlər və subsidiyalar barədə məlumat verib. O, heyvandarlığın inkişafında heyvan sağlamlığının qorunmasının və profilaktik tədbirlərin vaxtında həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas prioritet istiqamətləri barədə məlumat verib. O, fermerlər arasında maarifləndirmə işlərinin genişləndirilməsinin, profilaktik peyvəndləmə tədbirlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin, heyvanların diaqnostik müayinələrə cəlb olunmasının, xəstəliklərin erkən aşkarlanması və yayılmasının qarşısının alınmasının, eləcə də təsərrüfatlarda sanitariya-gigiyena normalarına əməl olunmasının əhəmiyyətini diqqətə çatdırıb.
Müzakirələr zamanı fermerlərlə əlaqələrin gücləndirilməsi, baytarlıq xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və mövcud problemlərin operativ həlli məsələləri ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib. Aşkarlanmış çatışmazlıqların qısa müddətdə aradan qaldırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
Tədbir çərçivəsində səyyar baytarlıq xidmətlərinin göstərilməsi üçün müasir texniki avadanlıqlarla təchiz olunmuş nəqliyyat vasitəsinin təqdimatı keçirilib. Sonda iştirakçılar fermer təsərrüfatlarına və süd emalı müəssisəsinə baş çəkərək burada görülən işlərlə tanış olublar.