• Ana səhifə
  • Xəbərlər
  • FAO nümayəndəsi Aqrar Xidmətlər Agentliyinin Mərkəzi Laboratoriyasının fəaliyyəti ilə tanış olub
FAO nümayəndəsi Aqrar Xidmətlər Agentliyinin Mərkəzi Laboratoriyasının fəaliyyəti ilə tanış olub

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktorunun köməkçisi, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu FAO-Azərbaycan tərəfdaşlıq Proqramı çərçivəsində yenilənən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Mərkəzi Laboratoriyasında olub.

Viorel Gutu Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev və AXA sədri Sərdar Hacıyevin iştirakı ilə laboratoriyanın fəaliyyəti ilə tanış olub. Viorel Gutuya Mərkəzi Laboratoriyanın fəaliyyəti, burada göstərilən xidmətlər, tətbiq olunan müasir analiz metodları və laboratoriyanın texniki imkanları barədə ətraflı məlumat verilib. Bununla yanaşı, bitki xəstəliklərinin diaqnostikası, kənd təsərrüfatı məhsullarının laborator müayinəsi və suvarma suyunun analizinin aparılması istiqamətində görülən işlər də diqqətə çatdırılıb.

Laboratoriyanın fəaliyyəti, tətbiq olunan analiz metodları və göstərilən xidmətlərlə bağlı Viorel Gutunun sualları cavablandırılıb.

Viorel Gutu Mərkəzi Laboratoriyanın FAO-nun Qlobal Torpaq Laboratoriyaları Şəbəkəsinin (GLOSOLAN) səriştəlilik sınağını uğurla başa vurmasını yüksək qiymətləndirərək, bu nailiyyətin laboratoriyanın texniki imkanlarının və yüksək peşəkarlıq standartlarının mühüm göstəricisi olduğunu vurğulayıb.