Şəkidə Dövlət Proqramının icrası ilə bağlı növbəti monitorinq keçirilib

Şəkidə Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan tədbirlərin icra vəziyyəti ilə bağlı növbəti monitorinq keçirilib.

Prezident Administrasiyasının, Kənd Təsərrüfatı Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri tərəfindən rayon ərazisində bağçılıq və emal sahəsində fəaliyyət göstərən “Aqroinkişaf 2017” və “Green Factory” MMC-lərinin fəaliyyəti ilə tanış olunub, “ASEL AQROPARK” MMC-yə məxsus qoz emalı müəssisəsinə baxış keçirilib.

Monitorinqin əsas məqsədi Dövlət Proqramı üzrə nəzərdə tutulan tədbirlərin icra vəziyyətini qiymətləndirmək, rayonun aqrar potensialından daha səmərəli istifadə imkanlarını araşdırmaq, intensiv kənd təsərrüfatı texnologiyalarının tətbiqini və istehsal göstəricilərini yerində dəyərləndirmək olub.

Baxış zamanı kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı həcminin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb, sahibkarlara müvafiq tapşırıq və tövsiyələr verilib.

Sonra Şəki Şəhər İcra Hakimiyyətinin binasında Prezident Administrasiyasının və Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxslərinin, Dövlət Proqramının icrası üzrə yaradılmış Qərargahın üzvlərinin, eləcə də kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfat və müəssisə nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşdə Dövlət Proqramı çərçivəsində görülmüş işlər, icra prosesində qarşıya çıxan məsələlər, mövcud imkanlar və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.

Bildirilib ki, Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər Şəkinin aqrar potensialının reallaşdırılmasına, müasir istehsal və emal imkanlarının genişləndirilməsinə, investisiya cəlbinin və məşğulluğun artırılmasına, eləcə də rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə xidmət edir.