Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Lənkəran rayonunda "Aqrar sahədə müasir suvarma sistemlərinin təşviqi" mövzusunda 3 günlük interaktiv təlim proqramına start verilib. Təlim proqramı “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş suvarma suyundan səmərəli istifadə mexanizmlərinin inkişaf etdirilməsi, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, informasiya-məsləhət xidmətləri və innovasiya yayımı sisteminin inkişaf etdirilməsi üzrə prioritet istiqamətlərə uyğun olaraq təşkil olunub.
Tədbirin açılışında çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev bildirib ki, aqrar sahənin dayanıqlı inkişafı, məhsuldarlığın artırılması, innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi və iqlim dəyişikliklərinə uyğunlaşma əsas prioritet istiqamətlərdəndir. O qeyd edib ki, Aqrar Təlim Mərkəzi tərəfindən cari il ərzində 52 rayon üzrə təşkil olunan 628 təlimdə ümumilikdə 16 min 709 fermer iştirak edib. Sərdar Hacıyev, həmçinin vurğulayıb ki, uzunmüddətli dayanıqlı kənd təsərrüfatının formalaşdırılması idarə olunan və səmərəli suvarma sistemi olmadan mümkün deyil. Sədr diqqətə çatdırıb ki, son üç il ərzində ölkədə müasir suvarma sistemlərinin tətbiq olunduğu ərazilərin həcmi 85–87 min hektardan 127 min hektara çatdırılıb. Bu göstərici həyata keçirilən dövlət dəstəyinin və görülən işlərin real nəticəsidir. Qarşıdakı dövrdə müasir suvarma sistemlərinin tətbiqinin daha da genişləndirilməsi məqsədilə 2030-cu ilin sonunadək bu sistemlərin tətbiq olunduğu ərazilərin həcminin 300 min hektara çatdırılması planlaşdırılır.
Proqram çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə təqdimatlar keçirilib. Beynəlxalq ekspert Dr. Abdullah İlker Esin və sahə üzrə mütəxəssis Akif Quliyev müasir suvarma texnologiyalarına dair təqdimatlarla çıxış ediblər. Təqdimatlar zamanı ənənəvi və müasir suvarma üsullarının müqayisəsi, müasir suvarma sistemlərinin üstünlükləri, damcı və yağmurlama kimi intensiv suvarma texnologiyalarının tətbiqi, su itkilərinin əsas səbəbləri və onların azaldılması yolları, suvarmaya təsir göstərən iqlim, torpaq və bitki amilləri, eləcə də müasir suvarma sistemlərinin düzgün layihələndirilməsi və planlaşdırılması prinsipləri ətraflı izah olunub. İştirakçılar mövzular üzrə praktiki nümunələr və beynəlxalq təcrübə ilə tanış olublar, onları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.
Qeyd edək ki, üç gün davam edəcək proqram çərçivəsində Təlimçilər üçün Təlim (Training of Trainers – ToT) proqramı da təşkil olunacaq. Proqramın üçüncü günü isə Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən nümunəvi təsərrüfatda praktiki məşğələ keçiriləcək. İştirakçılar burada müasir suvarma sistemlərinin tətbiqini praktik olaraq öyrənmək və onların iş prinsipi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Azərbaycan nümayəndə heyəti Moldovada keçirilən beynəlxalq seminarda iştirak edib
29 Iyul 2026
Azərbaycanda yetişdirilən samuray arıları ilk dəfə təbiətə buraxılıb
28 Iyul 2026
Azərbaycanda ilk dəfə mal-qaranın əkin sahəsinə zərər vurması ilə bağlı sığorta ödənişi edilib
28 Iyul 2026
Quba, Qusar və Xaçmazda təsərrüfatlara mediatur təşkil edilib
28 Iyul 2026
Nazir Məcnun Məmmədov Türkiyənin Dövlət Su İşləri İdarəsinin Baş direktor müavini ilə görüşüb
27 Iyul 2026