Aqrar Sığorta Fondu 2024-cü ilin ilk rübü üzrə nəticələrini açıqlayıb

Aqrar Sığorta Fondu 2024-cü ilin 1-ci rübü üzrə nəticələrini açıqlayıb.

Fondun məlumatına görə, cari ilin yanvar-mart ayları ərzində Aqrar Sığorta Fondu tərəfindən 323 min hektar əkin sahəsi və 882 baş kənd təsərrüfatı heyvanları sığortalanıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə sığortalanan əkin sahələri 22 min hektar və ya təqribən 7% artıb.

Hesabat dövründə bitkiçilik sığortası üzrə 6 milyon 815 min manat, heyvandarlıq təsərrüfatlarının  sığortası üzrə 537 min manat olmaqla, ümumilikdə 7 milyon 352 min manat sığorta haqqı toplanıb.

Bu dövrdə ən çox sığortalanan kənd təsərrüfatı bitkiləri payızlıq buğda və  payızlıq arpa sahələri, eləcə də fındıq bağları olub.

Sığortalanan təsərrüfatlar üzrə verilmiş sığorta təminatının həcmi 255 milyon manatdan artıq olub.

2024-cü ilin yanvar-mart aylarında Aqrar Sığorta Fondu tərəfindən sığortalı fermerlərə təsərrüfatlara dəymiş zərərlər üzrə 1 milyon 752 min manat sığorta ödənişi edilib.

Fondun məlumatına görə, sığorta ödənişlərinin 1 milyon 434 min manatı bitkiçilik, 318 min manatı heyvandarlıq üzrə edilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta ödənişlərinin məbləği 2,2 dəfə artıb. Bitkiçilik üzrə sığorta ödənişləri 2,5 dəfə, heyvandarlıq üzrə ödənişlər isə 42% yüksəlib.

Xatırladaq ki, 2023-cü ili yanvar-mart aylarında Aqrar Sığorta Fondu tərəfindən sığortalı fermerlərə ümumilikdə 799 min manat sığorta ödənişi edilmişdi.

2024-cü ilin 1-ci rübündə ən çox sığorta ödənişləri fırtına, dolu və subasma hadisələri üzrə həyata keçirilib. Regionlar üzrə ən çox sığorta ödənişləri Füzuli, Şəki və Ağdam rayonlarındakı təsərrüfatlarda olub.

Aqrar Sığorta Fondunun fəaliyyəti və aqrar sığorta şərtləri barədə daha ətraflı məlumatı Fondun rəsmi internet səhifəsindən (www.asf.gov.az) əldə etmək olar.