• Ana səhifə
  • Xəbərlər
  • Astarada beynəlxalq ekspertin iştirakı ilə müasir suvarma sistemləri üzrə sahə görüşü keçirilib
Astarada beynəlxalq ekspertin iştirakı ilə müasir suvarma sistemləri üzrə sahə görüşü keçirilib

Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən həyata keçirilən “Aqrar sahədə müasir suvarma sistemlərinin təşviqi” mövzusunda 3 günlük təlim proqramı çərçivəsində maarifləndirici sahə görüşü təşkil olunub. Sahə görüşü Astara rayonunun Ərçivan qəsəbəsində Əliyev Fətulla Cəfər oğluna məxsus 4 hektarlıq intensiv meyvə bağında keçirilib. Müasir damcı suvarma sistemi ilə təchiz olunmuş bağda sitrus meyvələri və digər subtropik bitkilər becərilir. Görüşün əsas məqsədi təlim iştirakçılarının müasir suvarma texnologiyaları ilə bağlı əldə etdikləri nəzəri biliklərin praktiki nümunələr əsasında möhkəmləndirilməsi, innovativ suvarma həllərinin tətbiqi imkanlarının nümayiş etdirilməsi və qabaqcıl təcrübələrin öyrənilməsi olub.

Sahə görüşü zamanı iştirakçılara müasir suvarma sistemlərinin iş prinsipləri, müxtəlif təsərrüfat şəraitində tətbiq xüsusiyyətləri, suvarma proseslərinin düzgün təşkili və sistemlərin səmərəli idarə olunması ilə bağlı ətraflı məlumat verilib.

Türkiyədən dəvət olunmuş beynəlxalq ekspert Dr. Abdullah İlker Esinin iştirakı ilə keçirilən praktiki təqdimat zamanı müasir suvarma sistemlərinin layihələndirilməsi, texniki hesablamaların aparılması, quraşdırılma mərhələləri, istismar qaydaları və texniki xidmətin təşkili ilə bağlı mühüm məqamlar diqqətə çatdırılıb.Həmçinin su ehtiyatlarından səmərəli istifadə, su itkilərinin minimuma endirilməsi və aqrar istehsalda dayanıqlı su idarəçiliyinin təmin olunması istiqamətində qabaqcıl təcrübələr iştirakçılarla bölüşülüb. Eyni zamanda avadanlıqların düzgün seçilməsi, quraşdırılması və idarə olunması ilə bağlı tövsiyələr təqdim edilib, eləcə də suvarma proseslərinin avtomatlaşdırılması və ağıllı idarəetmə texnologiyalarının təsərrüfatlarda tətbiqi imkanları müzakirə olunub.

Sahə görüşü iştirakçılara müasir suvarma texnologiyalarının real təsərrüfat şəraitində tətbiqini əyani şəkildə müşahidə etmək, beynəlxalq təcrübə əsasında yeni yanaşmaları öyrənmək və əldə etdikləri nəzəri bilikləri praktiki nümunələrlə möhkəmləndirmək imkanı yaradıb.

Üç günlük təlim proqramı çərçivəsində iştirakçılara müasir suvarma sistemlərinin layihələndirilməsi, quraşdırılması, istismarı və idarə olunması, su ehtiyatlarından səmərəli istifadə, eləcə də ağıllı suvarma texnologiyalarının tətbiqi ilə bağlı nəzəri və praktiki biliklər təqdim olunub. Təlim proqramına həmçinin TOT (Training of Trainers) sessiyaları daxil edilib. Sessiyalar zamanı müasir suvarma sistemləri sahəsində yerli və beynəlxalq təcrübə müzakirə olunub, iştirakçılar arasında fikir mübadiləsi aparılıb və müxtəlif ölkələrin uğurlu təcrübələrinin yerli şəraitdə tətbiqi imkanları dəyərləndirilib.

Aqrar Təlim Mərkəzi tərəfindən respublikanın müxtəlif bölgələrində təşkil olunan bu kimi təlim proqramları dövlət–özəl sektor əməkdaşlığı, beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən təşəbbüslər, xarici ekspert və mütəxəssislərin iştirakı, eləcə də qabaqcıl beynəlxalq təcrübənin tətbiqi vasitəsilə aqrar sahədə bilik və bacarıqların inkişafına, innovativ yanaşmaların təşviqinə və fermerlərin peşəkar potensialının gücləndirilməsinə xidmət edir.