Bakıda sərnişin və yükdaşıma sahəsində problemlər müzakirə olunub
“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşəbbüsü və Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Xidməti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəzarəti Xidməti və DİN Baş Dövlət Yol Polisi İdarəsinin dəstəyi ilə Bakıda sərnişin və yükdaşıma sahəsində yeniliklər, problemlər və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə çıxış edən birliyinin sədri, Avtosfer.az portalının baş redaktoru Elməddin Muradlı bildirib ki, sərnişin və yükdaşıma sahəsində olan problemlərin həlli üçün bir neçə dövlət qurumunun əməkdaşlığı vacibdir. Onun sözlərinə görə, tədbirin keçirilməsində məqsəd layihəyə dəstək verən qurumların rəhbər şəxsləri ilə mövcud problemləri müzakirə etməkdir.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, Azərbaycanda kənd təsərrüfatı texnikasını idarə edəcək kadrlara ehtiyac var. O qeyd edib ki, bu gün Azərbaycanda 80 minə yaxın kənd təsərrüfatı texnikası var: “Lakin bu texnikanı düzgün idarə edəcək kadrlar çatışmır. Bəzi insanlar bu nəqliyyat vasitələrini sürücülük vəsiqəsi olmadan idarə edir. Digər problemlərdən biri də kənd təsərrüfatı texnikasına vaxtında texniki qulluğun edilməməsidir: “Bu il kombaynın yanması, aşması ilə bağlı faktlar qeydə alınıb. Bütün bunlar qeyri-peşəkarlıqdan irəli gəlir. Ona görə də bu sahədə kadrların hazırlanmasına ehtiyac var”.
Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin rəisi Ağakişi Alıyev kənd təsərrüfatı texnikasının idarə olunması məsələsində ciddi maarifləndirmə işinə ehtiyac olduğunu deyib. Bu işdə mətbuatın dəstəyini vacib sayan A. Aliyev bildirib ki, bəzi mexaniki nəqliyyat vasitələrinin sahibləri həmin maşınları dövlət qeydiyyatından keçirmir, texniki baxışdan yayınır. Belə insanlar həmin nəqliyyat vasitəsini dövlət nömrə nişanı olmadan idarə edir, bu da problemlərə səbəb olur. A. Aliyev qeyd edib ki, ölkədə dövlət qeydiyyatından keçməyən 20 min maşın var ki, onlardan 4 mini son 3 ay ərzində xidmətin əməkdaşları tərəfindən qeydə alınıb və digərlərinin də aşkarlanması istiqamətində işlər aparılır. O, həmçinin maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd edib və gələcəkdə geniş tədbirlər planı həyata keçiriləcəyini bildirib.
Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Xidmətinin sektor müdiri Hüseyn Əzimov bildirib ki, qurum kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının aparılması, texniki baxışdan keçirilməsi, istifadəyə nəzarətin təşkili və bir sıra digər məsələlərlə məşğuldur: “2017-ci ildə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, kənd təsərrüfatı texnikası dövlət qeydiyyatına alınmadıqda cərimə nəzərdə tutulur. Baxmayaraq ki, biz mərkəzləşdirilmiş qaydada, elektron şəkildə bu qeydiyyatı aparırıq, həmin təsərrüfat maşınları olduğu regionda qeydiyyata alınır. Həmçinin, regional mərkəzlərdə yaradılmış imtahan şöbələrində hər bir mexanizator imtahan verərək sürücülük vəsiqəsi alır”.
Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev çıxışında bildirib ki, Azərbaycanda sərnişin və yük daşınmasında iştirak edən nəqliyyat vasitələrinin xeyli hissəsinin istismar müddəti bitib.
İ. Əliyev qeyd edib ki, bu cür nəqliyyat vasitələrinin magistral yollarda istifadəsi yol qəzalarına səbəb olur. Onun sözlərinə görə, həm yerli, həm də beynəlxalq yük və sərnişin daşımalarında istifadə edilən nəqliyyat vasitələrinin yenilənməsinə ehtiyac var: “Bu istiqamətdə islahatlar aparılmalıdır. Bununla bağlı müəyyən layihələr və təkliflər hazırlanır, işlər tam başa çatdıqdan sonra bu barədə ətraflı məlumat verəcəyik”.
Daha sonra çıxış edən Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev bəzi statistik məlumatları diqqətə çatdırıb. Onun sözlərinə görə, mayın 1-dən indiyə qədər kənd təsərrüfatı texnikalarının iştirakı ilə 13 hadisə olub, bu hadisələr zamanı 10 nəfər ölüb, 22 nəfər yaralanıb. Təkcə bir hadisədə 6 nəfər həlak olub. Kamran Əliyev kənd təsərrüfatı texnikalarının yollarda hərəkətinin təhlükəli olduğunu vurğulayıb: \"Məsələn, arxasında kotan olan traktor gecə yolda hərəkət edərkən arxadan gələn maşın kotanı necə görə bilər? Biz ona görə tövsiyə edirik ki, belə kənd təsərrüfatı texnikaları yola çıxarkən Dövlət Yol Polisi məlumatlandırılsın”.
K.Əliyev həmçinin bildirib ki, DYP rəhbərliyi traktorların və digər kənd təsərrfüatı texnikalarının gecə vaxtında magistral yollarda hərəkətinin qadağan edilməsi ilə bağlı tapşırıq verib.
BDYPİ YPXA-nın komandir müavini Xosrov Nəcəfov çıxış edərək bildirib ki, kənd təsərrüfatı texnikasının bir yerdən başqa yerə getməsi zamanı yol polisi məlumatlandırılsa, onları müşayiət edərək əlavə problemlərin qarşısını almaq olar.
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxış edərək ictimai təşkilatlar və mətbuatın bu sahədə rolundan, eləcə də ictimai dəstəyin və nəzarətin vacibliyini qeyd ediblər. Həmçinin bu sahəyə nəzarət edən İctimai Şuranın yaradılması təklif edilib.
ATU-nun dossenti Fərhad Eyyubov, \"Hed Academy\"nin rəhbəri Ruslan İbrahimov çıxış edərək bu sahədə maarifləndirmə tədbirlərinin artırılmasının vacibliyini bildiriblər. R. İbrahimov qeyd edib ki, bəzən sürücülər traktor və kombaynı idarə etməyi özündən böyüklərdən öyrənirlər. İndi isə müasir texnikalar mövcuddur və bunları idarə etmək üçün peşəkar sürücülərə ehtiyac var.
Daha sonra bu sahədə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024