Macarıstanın paytaxtı Budapeştdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının təşkilatçılığı ilə Vahid İcma İnkişafı üzrə Regional seminar keçirilir. Tədbirdə iştirak edən “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova icrasına başlanılan AFAQ – Aqrar Fəaliyyətli Azərbaycan Qadınları layihəsi barədə təqdimatla çıxış edib. Qurum rəsmisi FAO-ATT əməkdaşlığından, ölkəmizin aqrar potensialından və kənd təsərrüfatı sahəsinin inkişaf istiqamətlərindən danışıb: “FAO Kənd Təsərrüfatı Nazirliyi ilə birgə Azərbaycanda da müxtəlif layihələr həyata keçirir. Bu layihələr kənd təsərrüfatı sahəsində çalışan insanların maarifləndirilməsi, onlar üçün məsləhət xidmətinin təşkili, insanları aqrar sahədə çalışmağa təşviq etmək, kiçik və orta fermer təsərrüfatlarını dəstəkləmək məqsədi daşıyır. FAO-nun ölkəmizdə ən sıx əməkdaşlıq etdiyi qurumlardan biri də rəhbəri olduğum “Aqrar Tədarük və Təchizat” ASC-dir. Bu günə qədər bir çox layihələri birgə həyata keçirmişik və gələcəkdə də əməkdaşlığımızı daha sıx çərçivədə davam etdirəyimizə inanıram. Biz AFAQ layihəsini FAO ilə birgə reallaşdırırıq. Layihənin əsas məqsədi Aqrar Fəaliyyətli Azərbaycan Qadınlarını dəstəkləmək, qadınları kənd təsərrüfatı sahəsində çalışmağa təşviq etmək və kənddə yaşayan insanların sosial rifahını yüksəltməkdir. Layihə çərçivəsində fermer qadınlar kənd təsərrüfatı sahəsində müasir bilik və bacarıqlara yiyələnəcək, daxili və xarici bazarlara çıxış, kredit götürmə və ondan səmərəli istifadə etmə, emal vasitələri və s. mövzularda məlumatlandırılacaqlar.
FAO və “Aqrar Tədarük və Təchizat” ASC-nin birgə təşkilatçılığı ilə həyata keçiriləcək bir digər layihə isə “Yerli qidanın təbliği” ("Local Food Promotion") layihəsidir. Layihə Şimal-Qərb bölgəsində əvvəlcədən seçilmiş qida məhsulları üzrə istehsalçılara dəstək məqsədi daşıyır. Layihə çərçivəsində təlim, seminar, sərgi, marketinq və s. kimi bir sıra fəaliyyətlərin ATT tərəfindən icrası nəzərdə tutulub.
FAO həmçinin, Azərbaycan, Tacikistan və Özbəkistanda seçilmiş kənd təsərrüfatı məhsulları üçün milli ixracatın təşviqi strategiyalarının hazırlanmasına da öz dəstəyini göstərir”.
Qeyd edək ki, Vahid İcma İnkişafı üzrə Regional seminarın keçirilməsində əsas məqsəd Avropa və Mərkəzi Asiya ölkələri üzrə yerli kənd təsərrüfatı sahələrinə fərqli yanaşmaları müzakirə etmək, iştirakçı ölkələrin təcrübələrini paylaşmaq, kənd təsərrüfatı sahəsinin inkişafı məqsədi ilə dövlətlər, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələri arasında yeni əlaqələrin yaradılmasına töhfə verməkdir. Seminarda Azərbaycan, Bosniya və Herseqovina, Gürcüstan, Albaniya, Serbiya, Moldova və bir sıra Balkan ölkələrindən olan dövlət, beynəlxalq təşkilat və özəl sektor nümayəndələri, vətəndaş cəmiyyətindən olan şəxslər və elm adamları iştirak edirlər.
Tədbirdə kənd icmalarının inkişaf perspektivləri və ailə təsərrüfatlarının dəstəklənməsi yolları əsas müzakirə predmetidir. Statistikaya görə dünyadakı insanların qida ehtiyacının 80 faizdən çoxu ailə təsərrüfatlarının fəaliyyəti sayəsində ödənilir. FAO kənd ekosistemlərinin biomüxtəlifliyini qorumaq, kənd və regionlarda yaşayan əhalinin sosial rifahını yaxşılaşdırmaq və kiçik fermer təsərrüfatlarını dəstəkləmək məqsədi ilə Avropa və Orta Asiya ölkələrində on ildən artıqdır ki, müxtəlif təşəbbüs və layihələri dəstəkləyir. Vahid İcma İnkişafı üzrə Regional seminar da məhz müxtəlif ölkələrdə həyata keçirilən layihələr və icraedici orqanlar arasında texniki şəbəkənin qurulmasını hədəf götürüb.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024